Hazırda dünya ölkələrini bəlkə də atom silahı qədər narahat edən xəstəliklər var. Məsələn, SPİD, şəkərli diabet, xərçəng, ağ ciyər xəstəlikləri dünyanı əməlli-başlı həyəcanlandırır. Hətta Ümumdünya Səhiyyə Təşkilatı bu cür xəstəliklərin qarşısını almaqda müəyyən mənada acizdir. Bəzi xəstəliklər isə var ki, – donuz qripi, quş qripi – onlarla bağlı qorxulu statistik rəqəmlər hallansa da bu bəzi ölkələrə vaksinlərini satmaq üçün bəhanədən artıq bir şey deyildi. Bu cür xəstəliklərin bəşəriyyətə ciddi təhlükə törətdiyi deyilsə də, bu gün bu xəstəliklərin qarşısı adi xəstəliklər kimi asanlıqla alınır.
Bəs Azərbaycanda, konkret olaraq Sumqayıtda bu baxımdan vəziyyət necədir? Görəsən, sumqayıtlılar daha çox hansı xəstəliklərdən əziyyət çəkir? Həmşəhərlilərimizin həkimə müraciəti daha çox hansı səbəblərdən olur?
Mövzuyla bağlı şəhərimizin bir neçə tibb ocaqları arasında kiçik bir sorğu keçirdik:
1) Sizcə şəhərimizdə böyüklər arasında miqyasına görə daha çox yayılan 3 xəstəlik hansıdır?
2) Bu xəstəliklərin səbəbləri nələrdir?
1 saylı poliklinikanın baş həkimi Yusif Yusibov:
3 xəstəlik daha çox yayılıb:
1) Şəkərli diabet
2) Ürək xəstəlikləri (hipertaniya)
3) Onkoloji xəstəliklər
Əsasən düzgün qidalanmamaq, streslər (işsizlik) şəkərli diabet və ürək xəstəliklərinə gətirib çıxarır.
3 saylı poliklinikanın baş həkimi Ariz Axundov:
Mən 2 xəstəliyin adını çəkmək istərdim. Bunlar:
1) Qan təzyiqi
2) Mədə-bağırsaq xəstəlikləri
– Qan təzyiqinin əsas yaranma səbəbi iqlim dəyişkənliyi, hava şəraitinin qeyri-müəyyən keçməsidir.
– Mədə-bağırsaq xəstəliklərinin yaranmasında əsas səbəblərdən biri qidalarımızın keyfiyyətinin zəif olmasıdır. Yediyimiz məhsullarda vitaminlərin çatışmaması, vaxtı-tarixi bilinməyən ərzaqlarla insanların qidalanması və özlərini qorumaması sonda mədə-bağırsaq xəstəliklərinə gətirib çıxarır.
Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Arif Yusifov
Fikrimcə, şəhərimizdə 4 xəstəlik daha çox yayılmışdır:
1) Ürək qan-damar sistemli xəstəliklər (infakt, ürəyin işemiya xəstəliyi)
2) Beyin qan dövranının pozulması (insult, damar patalogiyası)
3) Tənəffüs sistemi (Yuxarı tənəffüs sistemi: Angina, laringit, tanzilit, faringit, bronxit, rinit, pnevmaniya)
4) Onkoloji xəstəliklər (yəni şiş)
– Ürək qan-damar və beyin qan dövranının pozulması xəstəliklərinə başlıca səbəb kimi əsasən cavan yaş dövründə depresiya, stres, alkoqol-siqaret və düzgün qidalanmamaq durur.
Atreskleroz xəstəliyi əsasən 40 yaşdan yuxarı insanlardan müşahidə olunur. Bunun da əsas səbəbi qidalanma rejiminin pozulması, yağlı qidalardan daha çox istifadədir.
– Tənəffüs sistemi xəstəliklərinin yaranmasında əsas səbəb soyuqdəymə və infeksiyadır. Bu da ən çox qış-yaz fəslində müşahidə olunur. Siqaret alkoqoldan daha çox istifadə etdikdə bu, ağ ciyər xəstəliklərinə gətirib çıxarır.
– Ürək qan-damar və Beyin qan dövranının pozulmasında irsi faktorlar mühüm rol oynayır. Eləcə də Onkoloji xəstəliklərdə. Onkoloji xəstəliklərin yaranmasının səbəbləri sırasında polietioloji faktorlar da var. Kimyəvi maddələr, ekologiya, havanın çirkli olması, qidaların təmiz olmaması sonda şiş xəstəliklərinə gətirib çıxarır.
2 saylı poliklinikanın baş həkimi Taləddin Verdiyev:
Fikrimcə, şəhərimizdə daha çox yayılan 3 xəstəlik bunlardır:
1) Tənəffüs sistemi xəstəlikləri
2) Qan dövranı
3) Əsəb xəstəlikləri
3 saylı poliklinikanın baş həkim müavini Sülfəddin Hüseynli
Şəhərimizdə daha çox yayılmış 3 xəstəlik hesab edirəm ki, bunlardır:
1) Hipertaniya
2) Şəkərli diabet
3) Ürəyin işemik xəstəlikləri
– Hipertaniyada əsasən, yaş rol oynayır, bundan başqa qidalanma və əsəb faktoru bu xəstəliyin yaranmasına səbəb olan amillərdəndir.
– Şəkərli diabetə isə az hərəkətlilik, qida faktoru, stres səbəb olur.
– Ürəyin işemik xəstəliklərinə gəldikdə isə əsəb faktoru, ət məhsullarından daha çox qidalanma bu xəstəliyə gətirib çıxarır.
1 saylı xəstəxananın müalicə işləri üzrə müavini Eldar İslamzadə:
1) Ürək xəstəlikləri (hipertaniya)
2) Əsəb xəstəlikləri
3) Mədə-bağırsaq xəstəlikləri
– Əsəb gərginliyi, insanların düzgün qidalanmaması sonda ürək xəstəliklərinə gətirib çıxarır.
– Əsəb xəstəlikləri əsasən irsi keçən xəstəlikdir. Xəstələr vaxtında həkimə müraciət etməyəndə, düzgün müalicə olunmayanda bu infakta, insulta gətirib çıxarır.
– Düzgün qidalanmamaq, xəstələrin vaxtında həkimə müraciət etməməsi, keyfiyyətsiz və vaxtı keçmiş qidalar sonda mədə-bağırsaq xəstəliklərinə gətirib çıxara bilir.
Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müalicə inspektoru Bərxudar Məmmədov:
Şəhərimizdə 3 xəstəlik daha çox müşahidə olunur. Bunlar:
1) Kordioloji xəstəliklər
2) Onkoloji xəstəliklər
3) Tənəffüs sistemi xəstəlikləri
– Kordioloji xəstəliklərin yaranmasında başlıca səbəb həyat tərzidi. Məsələn, stresslər burda həlledici rol oynaya bilər.
– Onkoloji xəstəliklər hal-hazırda artmaqdadır. Bu bəşəriyyətin bəlasıdır. Xəstəliyin yaranmasının səbəbləri daha çox ekoloji faktorlar, əsəb, irsi faktorlar, düzgün qidalanmamaq sayılır.
Eyni sorğunu uşaq poliklinikaları arasında da apardıq:
1 saylı uşaq poliklinikasının baş həkimi Fəridə İsgəndərova:
Şəhərimizdə uşaqlar arasında 3 xəstəliklə bizə müraciət edənlərin sayı çoxdur.
1) Soyuqdəymə
2) Göz xəstəlikləri
3) Əsəb (sinir) xəstəlikləri
– Soyuqdəyməyə əsas səbəb kimi uşaqlarda imunitet azlığını deyə bilərəm. Bu da yaxşı qidalanmamaqdan irəli gəlir.
– Göz xəstəlikləri uşaqlarda getdikcə artmaqdadır. Bu da kompüter, televizora fasiləsiz baxmaqdan irəli gəlir. Elə orta məktəblərdə də uşaqları düz oturtmurlar. Gözü zəif olan uşaqları qabaqda oturtmaqdan arxa sıralarda otuzdururlar. Mən deyə bilərəm ki, düzgün və vaxtında qidalanmaq xəstəliklərin açarıdır.
– Çox uşaqlar doğulan zaman travmalarla doğulur. Onlar vaxtı-vaxtında müalicə almırlar. Bu da sonda əsəb-sinir xəstəliklərinə gətirib çıxarır. Bunun əsas səbəbi həyat tərzidir. Yeni doğulan uşaqlar zəif olurlar, valideynlərin hal-hazırda əksəriyyəti əsəb-sinir xəstəliklərindən əziyyət çəkir.
2 saylı uşaq poliklinikasının baş həkimi Arzu Ələkbərova
Əsasən 3 xəstəlikdə artım müşahidə olunur:
1) Tənəffüs sistemi (Yuxarı tənəffüs) xəstəlikləri
2) Qan azlığı xəstəlikləri (Anemiya)
3) Novroloji xəstəliklər
– Tənəffüs sistemi xəstəlikləri əsasən mövsümlə əlaqədar olur. Şəhərimiz dəniz qırağında yerləşdiyi üçün nəmişlik olur, bu da uşaqlara daha tez təsir edir.
– Anaların tam sağlam olmaması, hamiləlik dövründə düzgün qidalanmamaq, təmiz havada az olmaq, həkimə vaxtında müraciət etməmək üzündən sonradan doğulan uşaqlarda Nevroloji və Anemiya kimi xəstəliklər müşahidə olunur.
3 saylı uşaq poliklinikasının baş həkimi Tacirə Həsənova:
Mənim fikrimcə uşaqlar arasında bu 3 xəstəliyə daha çox rast gəlinir:
1) Soyuqdəymə (Tənəffüs-Yuxarı tənəffüs orqanları)
2) Göz xəstəlikləri
3) Allergiyalar
– Ən çox virus, infeksiyalar, soyuqdəymələr sonda tənəffüs sistemi orqanlarının xəstəliklərinə gətirib çıxarır.
– Göz xəstəliklərinin yaranmasında əsasən: kompüter, televizor mühüm rol oynayır. Xüsusilə gözü zəif şagirdləri müəllimlər öndə otuzdurmaqdan arxa sıralarda otuzdururlar. Gözlərin zəifləməsində irsi faktorlar da mühüm rol oynayır.
4 saylı uşaq poliklinikasının baş həkimi Mehparə Cavadova:
Bizim poliklinikada 2 xəstəlik üzrə artım müşahidə olunur:
1) Soyuqdəymə
2) Anemiya
– Soyuqdəymə mövsümü xarakterlidi.
– Anemiya haqda bir fikir söyləyə bilmərəm. Bunun üçün elmi-statistik araşdırma aparılmalıdır.
5 saylı poliklinikanın baş həkimi Xəqani Tahirov:
Şəhərimizdə 2 xəstəliyin daha çox yayılmasını deyə bilərəm. Bunlar:
1) Soyuqdəymə (yuxarı tənəffüs orqanlarının: angina, laringit, tanzilit, pnevmaniya və s.)
2) Mədə-bağırsaq xəstəlikləri.
– Uşaqlarda ümumi zəiflik varsa belə uşaqlar daha tez yoluxurlar. Bu xəstəlik məktəblərdə, bağçalarda daha çox yayılır.
– Mədə-bağırsaq xəstəlikləri 1 yaşa qədər olan uşaqlarda çoxluq təşkil edir. Bu xəstəlik əsasən ana südüylə qidalanmayan, süni qidalarla qidalanan uşaqlarda müşahidə olunur. Həmin süni qidalar soyuducularda saxlanılmaq əvəzinə günün altında qalır. Bu da həzm pozğunluğuna gətirib çıxarır. Valideynlərin həkimə vaxtında müraciət etməməsi, süni yeməklər alarkən həkimlərdən məsləhət almaması bu xəstəliyin artmasına səbəb olur.
P.S. Sumqayıtın uzun illlər ekoloji cəhətdən çirkləndirilmiş sənaye şəhəri kimi saxlanılması hər şeydən əvvəl insanlarımızın sağlamlığında izlər buraxıb.
Təqdim etdi: Elmir Ağayev
Təşəkkür edirəm məlumat üçün.Lazımlı xəbərlərdir.ALLAH hər kəsə hər şeydən öndə olan can sağlığın diləyirəm,yuxarıda göstərilən xəstəliklər hər birimizin ailəsində mövcud ola bilər.ALLAH bizi bunlardan qorusun