Ötən həftə dünya futbolunu, daha dəqiqi Çempionlar Liqasını yaxından izləyənlər şoka düşdü. Çoxları daha öncədən ispan klubları “Real”la “Barselona”nın qitənin ən nüfuzlu turnirinin finalında görüşəcəyini proqnozlaşdırsa da, almanlar bütün ehtimalları alt-üst elədi. Düzdü, futbolun səviyyəsinə görə ispanları almanlardan o qədər də üstün saymaq olmaz. Amma maddi imkanlarına və heyətdəki futbol “ulduzları”nın çoxluğuna görə ispan təmsilçiləri “Bavariya”nı da, Dortmund “Borussiyası”nı da üstələyirdi. Hər halda “alman maşını”na könül verənlər sevimlilərinin finala adlayacağına ümid etsələr belə, sevimli komandalarının rəqib qapısına 4 top vuracağını təxmin etmirdilər. Nahaq yerə deməyiblər ki, futbol proqnozları sevmir. Madrid “Real”ı və katalonlar darmadağın olan kimi futbol dünyası iki cəbhəyə bölündü. Bir tərəfdə ispanların fiaskosuna sevinənlər, digər tərəfdə isə müxtəlif bəhanələrlə bu fioskoya don geyindirməyə çalışanlar yer aldı. Bəhanə axtaranların ən çox yararlandığı müddəalar futbola bukmeykerlərin müdaxiləsi olsa da, az bir qism dopinqlə bağlı iddialar irəli sürürdü. Deyilənə görə, Levandovskinin qısa müddət ərzində “Real”ın qapısına dörd dəfə yol tapması, üstəlik Messi və Ronaldo kimi futbol sehrbazlarının rəqibin müdafiəçiləri arasında görünməz olması ancaq dopinq sayəsində mümkün ola bilər. Razıyam ki, dünyanın istənilən futbolçusundan soruşsan bu iki ispan klubuna qarşı xüsusi motivasiya ilə oynamaq həvəsində olduğunu gizlətməz. Axı, özlüyündə hər kəs daha güclü ilə mübarizə aparıb, nəyə qadir olduğunu isbatlamaq həvəsində olur. Sözün məcazi mənasında bu hissin özünü də dopinq saymaq mümkündür. Məlum məsələdi ki, bizdən fərqli olaraq Avropada dopinqə xüsusi nəzarət var, qadağan olunmuş pereparatlardan istifadə edən futbolçuları ciddi sanksiyalar gözləyir. Bu qadağalar səbəbindən kiminsə karyerasını riskə ataraq, dopinqdən istifadə edib, meydana çıxacağına inanmağım gəlmir. Az əvvəl nahaq yerə “bizdən fərqli olaraq” cümləsini işlətmədim. Yadınızdadısa, iki dəfə milli səviyyəsində futbolçularımız dopiqndə ilişib. Əvvəlcə Sergey Sokolovun Belçikayla oyundan sonra verdiyi analizlərdə qadağan olunmuş pereparatların izi tapılmışdısa, Mahir Şükürov Türkiyə millisiylə İstanbuldakı qarşılaşmada “ilişmişdi”. Köhnə yaraların qaysağını qoparmazdım. Amma ötən həftə apardığım kiçik araşdırmadan sonra öyrəndim ki, bizim premyer-liqada iştirak edən futbolçular dopinq-testlərdən keçmirlər. Sadəcə ona görə ki, bu testi götürmək üçün lazım olan avadanlıq çox bahalı olduğu üçün ölkəmizdə ondan yoxdur. Heç də yaxşı hal deyil. Birincisi ona görə ki, yoxlamanın aparılmadığından əmin olan hansısa futbolçu bundan yararlanaraq “gücünə güc qatmaq” həvəsinə düşər, sonradan millinin, yaxud klublarımızın heyətində hansısa qitə səviyyəli oyun zamanı UEFA nəzarətçilərinin seçdiyi siyahıda adı olar. Nəticənin necə olacağı məlum məsələdir. Onsuz da imici o qədər də yaxşı olmayan Azərbaycan futbolunun adı dünya idman mətbutında növbəti qalmaqalla gündəmə gələr, başımızı aşağı dikib, susmalı olarıq. Kim bilir, bəlkə elə üzdə olan 2-3 futbolçumuzun transfer olunduqları xarici klublarda möhkəmlənə bilməməsində bu amilin rolu var? Ad çəkib, kimisə hədəfə çevirmək istəməzdim. Amma diqqətlə Azərbaycan premyer-liqasını izləyənlər bəzi futbolçuların müxtəlif zamanlarda çox fərqli görüntü verdiyini xatırlaya bilərlər. Baxırsan ki, hansısa bir futbolçu müəyyən müddət mövqeyinin ağasına çevrilir, oynadığı cinahda top hardadısa orda peyda olur. Çox keçmir ki, elə həmin futbolçu solğun çiçəkləri xatırlatmağa başlayır. Məsələnin ikinci tərəfi isə sözsüz ki, ədalətli oyun prinsiplərinin pozulmasıdır. “Dopinqli” futbolçuların köməyi ilə hansısa komanda qələbə qazanırsa, məğlub olan tərəfinn haqqı yeyilir. Bu mənada legionerlərdən də şübhələnməyə kifayət qədər əsaslar var. Vaxt var idi, ölkə klublarının birində çıxış edən məhşur əcnəbi “üçlüyü” qarşılarına çıxanı əzib keçir, hər kəs uğurlu trasnferlərdən ağızdolusu bəhs edirdi. İndi həmin gəlmələr sanki sönüblər, meydanda can dərdi çıxır, daha çox məşqçiləri qarşılıyıb-yola salmaqla məşğuldurlar. Hər nə qədər qeyri-ciddi səslənsə də, artıq bu məqama diqqət yetirməyin zamanıdır. Premyer-liqada ciddi pullar dövr edir, ölkəmizə ayaq açan legionerlərin sayı-hesabı yoxdur. Belədə fırıldaqçılara, qadağan olmuş pereparatların köməyi ilə özünü gözə soxanlara əsl meydan açılır. Daxili çempionatda dopinq nəzarətinin olmamasından xəbərdar oalanlar əvvəlcədən işi bu yöndə qurub, yetərincə bəhrələnənə bilərlər. Açığı, gələcək zaman şəkilçiləri burda şərtidir. Çox güman ki, artıq belələri var. Odur ki, çempionatın şəffaf keçirilməsinə cavabdeh olanlar dopinq nəzarətini gücləndirmək üçün yollar tapmalıdılar. Lap elə, digər idman qurumlarıyla birlikdə hansısa klinikayla danışıb, lazım olan avadanlığı Bakıya gətimək mümkündür. Yaxud da, əvvəlcədən elan etməməklə qəfildən hər klubdan bir futbolçu seçib, mövsümün ortasında xarici ölkələrdən birinə test üçün göndərmək olar. Hər halda, bu dünyada ölümdən başqa hər şeyə çarə var, deyirlər. Ümid edirəm ki, heç olmazsa, gələn mövsümdən bu problemə diqqət ayrılacaq.
Amal Abuşov