Prezident seçkilərində seçicilərin iradələrinin azad ifadə edilməsi üçün bütün şərtlər yaradılıb.
Bunu Trend-ə GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın baş katibi, qurumun müşahidə missiyasının rəhbəri Altay Əfəndiyev deyib.
O bildirib: “Biz iki seçki məntəqəsində olmuşuq və seçicilərlə söhbət etmişik. Seçkilər azad və sakit mühitdə davam edir. Bir sözlə, Azərbaycanda seçki prosesi və səsvermə mühiti barəsində müsbət rəy formalaşıb”.
A.Əfəndiyev qeyd edib ki, hər şey çox dəqiq təşkil olunub və seçki məntəqələrində hər hansı bir pozuntu qeydə alınmayıb.
Onun sözlərinə görə, GUAM nümayəndə heyətinin zəngin proqramı var:
“Biz Bakıda və Sumqayıtda 15-dək məntəqədə olmalıyıq. Yəqin ki, Bakı kəndlərində də olacağıq”.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.
Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
Saat 10:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 18,71 faizi, yəni 994 196 seçici səs verib.