Gücdən düşmüş “bankirlər”

950

Kaxaber Tsxadadze bizi təəccübləndirməkdə davam edir. Söhbət ondan getmir ki, gürcü çalışdırıcının komandası son turda “Qarabağ”a məğlub oldu. Bir məğlubiyyətə görə heç kimi asıb-kəsmirlər. “İnter” ümumiyyətlə qış fasiləsindən sonra qürub edən günəşi xatırladır. “Bankirlər” fervalın 11-də “Xəzər Lənkəran”ı səfərdə məğlub edəndə düşünmək olardı ki, “Neftçi” çempionluq yarışında məhz Kaxanın yetirmələriylə mübarizə aparacaq. Amma hadisələrin gedişatı başqa cür oldu. Ötən müddət ərzində “İnter” bir xeyli enişli-yoxuşlu qrafik cizib. “Neftçi”ylə “Baksell Arena”dakı oyun praqmatik futbola üstünlük verən “ağ-göylər”in fiaskonun astanasında olmasından xəbər verirdi. İdman mediasının həmişə bacarıqlı mütəxəssis kimi xarakterizə etdiyi Tsxadadzenin enerjisi tükənməsə də, onun komandası meydanda yeni nəsə ortaya qoymağı bacarmır. Kənardan baxanda aydın görünən həmin problemləri həll etmək üçün komandaya lazımi müdaxilə isə hiss olunmur. Qış fasiləsindən sonra yalnız “Qəbələ”dən aşkar üstün olan “İnter” “Xəzər Lənkəran”la “Bakı”dan da 3 xal almağı bacarıb. Əvəzində “Neftçi” “bankirlər”i qısa müddətdə iki dəfə diz çökdürüb, “Qarabağ”a verilən 4 xal isə qızıla bərabər sayılmalıdır. Kubokdan müəmmalı şəkildə əlini üzən “İnter” çempionatdakı əsas rəqiblərinə ardıcıl məğlubiyyətlərlərdən sonra psixoloji baxımdan da çətin durumdadır. İlk “6-lıq”da “Simurq”un əvəzinə AZAL yer alsaydı “bankirlər”in Avrokubok perespektivi xeyli dumanlı görünərdi. “Bakı”yla “Qəbələ”nin ilk üçlüyə müdaxilə edə bilməyəcəyini yaxşı anlayan Tsxadadzenin komandası “Simurq”un böyüyün üzünə ağ olmayacağından əmindir. Bu ssenarinin pis tərəfi odur ki, “kiçik qardaşının” köməyinə hədsiz ümid bağlayan “İnter” özü getdikcə vəziyyətini pisləşdirir. Kaxanın legioner seçimində diqqətli olması, faydalı əcnəbiləri komandasına cəlb etməsini tez-tez vurğulayırıq. Amma Barmetlerin ardından Robertinyo ilə bağlı yaşananlar yavaş-yavaş bu sahədə də problemlərin baş qaldırdığından xəbər verir. Futbolçu sərrafı saydığımız Tsxadadzenin bu formada yanılması çox təəccüblüdür. Belə çıxır ki, ya menecerlər çalışdırıcının inamından sui-istifadə edərək, ona tam hazır olmayan futbolçular sırıyırlar, ya da büdcəyə qənaət etmək arzusu “xarab məhsulların” alınmasına səbəb olur. Nəticə isə bəllidir. Ardıcıl uğursuz nəticələr komandanın səviyyəsinin xəbərçisidir. İfrat praqmatik oyun üslubuna açar tapan rəqiblər Tsxadadzeni tərkisilah edib. Çalışdırıcının əlinin altındakı heyətlə manevr imkanları məhduddur. Lomayanın kölgəsində yeyib-yatan Revaz Tevdoradzenin həmyerlisi qədər etibarlı “çərçivə” qoruyucusu olmadığı son qarşılaşmada bir daha göründü. Deməli, həmyerlilərinə qucağını xeyli geniş açan Kaxa seçiminə görə peşiman olmalıdır. Ondansa ikinci qapıçı qismində Səlahət Ağayevi komandada saxlayıb, hərdən ona da özünü göstərmək üçün şans vermək lazım idi. Revaza xərclənən pulla sahə oyunçusu olan əcnəbi futbolçunun transferi reallaşdırılsaydı komandaya daha çox faydası dəyərdi. Künc zərbəsi zamanı bəstəboy Maksimin özündən dəfələrlə cüssəli Abramidzedən ustalıqla sıyrılaraq hesabı açmasını xatırlamaqla Kaxanın həmyerlilərinə ünvanladığım tənqidlərin çevrəsini genişləndirə bilərəm. Diqqət yetirin, legionerlərin söz sahibi olmasına vərdiş etdiyimiz “İnter”in son oyunlarda vurduğu qolların çoxunda Asif Məmmədovun imzası var. “Qarabağ”la oyundakı müşahidələrimə əsasən iddia edə bilərəm ki, Tsxadadzenin yetirmələrini rəqibə qarşı hazırlamaqda da problemləri yaranıb. Uzağa getməyək, elə cəmisi bir həftə əvvəl baş tutan “Neftçi”ylə qarşılaşmanı diqqətlə izləməklə “Qarabağ”ın sürətli cinah keçidlərini əngəlləmək üçün planlar hazırlamaq mümkün idi. Kaxanın yetirmələri cinahda Vüqar Nadirovun sərbəst hərəkərinə, sürətli reydlərinə hazırlıqlı görünmür, Vüqarı dayandırmaq üçün çarə tapa bilmirdilər. Bunun nəticəsi idi ki, yarımmüdafiəçi sevimli cinahında ona ünvanlanan ötürmələri sərbəst qəbul edir, rəqibin qapısına doğru irəliləmək üçün boşluqlar tapırdı. Fasilədən dərhal sonra Nadirovun önündə açılan dəhlizlə maneəsiz irəliləyərək vurduğu qol heç də təsadüfi deyildi. Bəlkə də, Tsxadadze həmin boşluğu görürdü, sadəcə yetirmələrinin acizliyi, Vüqara dayandırcaq çevik futbolçusunun olmaması çalışdıcını da çarəsiz duruma salıb. Uzun sözün qısası, “İnter” heç də yaxşı günlərini yaşamır. “Qarabağ”a məğlub olana qədər 26 oyuna qapısında cəmisi 15 qol görən komandanın bir dəfəyə 3 qol buraxması kifayət qədər ciddi həyacan siqnalı üçün əsaslar verir. Yaxşı ki, qarşıdan “Simurq”la oyun gəlir. Yoxsa, belə çətin məqamda hansısa amansız rəqibı məğlubiyyətin fəsadları daha ağır olardı. “Kiçik qardaşın” qapısına vurulan qollarla psixoloji gərginlikdən qurtulmaq, çərşənbə günü baş tutacaq kubok qarşılaşmalarında güc sərf edəcək “Neftçi”ylə “Qarabağ”ın premyer-liqada büdrəyəcəyinə ümid bəsləmək olar. Amma bütün bunlar “İnter”in gücünə güc qatmayacaq, problemlər çözülməyəcək. Bu şirin xəyalların aldadıcı xumarlığından məst olmayın, cənab Tsxdadze. Necə deyərlər, bu hənada o hənadan deyil. “Bankirlər” artıq gücdən düşüb.

 

Amal Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər