“Ramiz Mehdiyevin Mərkəzi Komitədəki iş otağına jurnalist kimi daxil olub, oradan partiya işçisi kimi çıxdım”
Modern.az saytının müsahibi Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ictimai xadim, şair, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlıdır.
– Həyat tarixçənizə nəzər yetirdim, deyəsən, təhsil almağa çox həvəslisiniz, hətta bir neçə ali məktəb bitirmisiniz?
– Dörd ali təhsilim var: Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, Bakı Ali Partiya Məktəbi, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin İctimai Elmlər Akademiyası və Bakı Biznes Universiteti.
Moskvada fəaliyyət göstərən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin İctimai Elmlər Akademiyası SSRİ vaxtında dünyanın ən nüfuzlu təhsil müəssisələrindən sayılırdı. O dövrün pulu ilə 96 milyon rubla tikilmişdi. 28 mərtəbəli otel tipli 2 yataqxanası vardı. Hər aspirantın öz otağı, hər otaqda telefon, yüksək kommunal şərait, böyük yazı masası. İttifaq respublikalarından gələn partiya funksionerləri də burada yerləşirdilər. Yataqxananın 3 böyük yeməkxanası, hər mərtəbədə bir neçə bufeti, 2 restoranı, kafeləri, tennis kortu, başqa idman qurğuları vardı. Bir sözlə, aspirantların yaşaması və işləməsi üçün hər bir şərait yaradılmışdı. Akademiyada təhsil alan aspirantların əksəriyyəti orada yaşayırdı. Mənim də öz otağım vardı, ancaq oradan iş otağı kimi istifadə edirdim, ailəli olduğumdan Moskvada ayrıca ev kirayələmişdim.
– Akademiyanı bitirdiyiniz dövr müstəqilliyin ilk illərinə, qarışıq bir zamana düşür, bəs bu zamanda öz yerinizi necə tapdınız?
– Bakıya qayıdandan sonra xeyli işsiz qaldım. Partiya işinə getməli idim, ancaq partiya dağılmışdı. Təxminən 8 aylıq işsizlikdən sonra yeni bir orqan yarandı – Prezident yanında Ali Nəzarət İnspeksiyası. Funksiyaları Prezidentin fərmanlarının və sərəncamlarının yerlərdə icrasına nəzarət etməkdən ibarət idi. Ora işə düzəldim. 3 rayona nəzarət edirdim – Siyəzən, Xaçmaz və indiki Şabran.
– Bəs İctimai Elmlər Akademiyasına getməyiniz necə oldu? Bildiyimiz qədər ora düşmək elə də asan deyildi…
– Mən APİ-nin filologiya fakültəsində oxuyanda şeirlər yazır və ədəbi ictimaiyyətdə müəyyən qədər tanınırdım. Mətbuatda da müxtəlif janrlarda yazılarla tez-tez çıxış edirdim. O vaxt APİ-nin məzunlarını təyinatla rayonlara göndərirdilər. Mən isə rəhmətlik Məmməd Arazın məktubu əsasında təyinatdan azad edildim. Məmməd Araz “Ulduz” jurnalında məsul katib vəzifəsində işləyirdi, rektorluğa belə bir məktub göndərdi ki, “o bizə jurnalist kimi lazımdır”. Beləcə Bakıda qaldım. Elə oldu ki, “Ulduz” jurnalında daimi işə düzəlməyim alınmadı. Sonradan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə dəvət aldım və 10 il orada işlədim. Onda televiziyada yeni redaksiya yaradılmışdı: “Tədris verilişləri baş redaksiyası” – orta və ali məktəblərdə keçilən dərsləri televiziya vasitəsi ilə birbaşa siniflərə və auditoriyalara transliyasiya edirdik. Canlı dərs demək istəyən orta və ali məktəb müəllimlərinin sayı əvvəlcə çox az idi, buna cəsarət etmirdilər, sonralar bu dərsləri demək üçün artıq sağlam rəqabət yaranmışdı, ingilis dili dərslərinə xüsusilə böyük maraq vardı.
Ümumiyyətlə, belə bir qəribə xasiyyətim var ki, eyni iş yerində çox qala bilmirəm. Çox qalanda, elə bil, nəsə narahat oluram. Televiziyada 10 il işləyəndən sonra o zamanlar rəhbərimiz olan mərhum Elşad Quliyev mənə Bakı Ali Partiya Məktəbində oxumağı təklif etdi, mən də qəbul etdim. İki il də orada təhsil aldım. Bakı Ali Partiya Məktəbində, əsasən, partiya işindən gələn adamlar oxuyurdular, təhsil də rus dilində idi. Onlar burada təhsil alıb geri qayıtdıqdan bir müddət sonra daha yüksək vəzifəyə təyin olunurdular. Bizim də təyinatımızı o vaxt Mərkəzi Komitə verirdi. Mərkəzi Komitənin Təşkilat partiya işi şöbəsinin müdiri isə hazırda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri olan akademik Ramiz Mehdiyev idi. O, məni qəbul edərkən partiya işində işləmək istədiyimi, yoxsa televiziyaya qayıtmaq niyyətində olduğumu soruşdu. Mən partiya işini seçdim. Beləliklə 1983-cü ilin isti avqust günlərindən birində Ramiz müəllimin Mərkəzi Komitədəki iş otağına jurnalist kimi daxil olub, oradan partiya işçisi kimi çıxdım. Bakı Şəhər Partiya Komitəsinə göndərilsəm də, orada mənə 4 ay iş verilmədi. Nə iş verirdilər, nə də MK-dan gəldiyimdən rəsmi etiraz edə bilirdilər. 4 ay gözləyəndən sonra yenidən Ramiz müəllimə müraciət etdim. Səhər açılar-açılmaz məni Bakı Şəhər Partiya Komitəsindən axtarmağa başladılar. Üstündən 1 gün ötməmiş keçmiş Kirov Rayon Partiya Komitəsində işə başladm. Orada 1 ay təlimatçı işlədikdən sonra iş elə gətirdi ki, partiya konfransı oldu və Kirov Rayon Partiya Komitəsinin Təbliğat və təşvqiqat şöbəsinin müdiri təyin edildim. 5 il orada işlədikdən sonra yenə darıxmağa başladım. Partiya işində işlədiyim 5 ildə 2 dəfə birinci katib dəyişdi, hər ikisi də erməni millətindən olan adamlar idi. Onlardan biri lap cavan idi, hardasa elə mən yaşda olardı. Bir az da özündənrazılığı vardı, tez-tez sözümüz çəpləşirdi. Bir gün dedi ki, “bəlkə səni Moskvaya göndərək? Orada partiya məktəbində oxu”. Buna çox sevindim, Mərkəzi Komitənin qərarı ilə partiya işindən ayrılaraq Moskvaya, təhsilimi davam etdirməyə getdim. Orada təhsil alanların çoxu partiya işi ilə əlaqəli fakültələrə daxil olmuşdular. Mən isə mədəniyyət sahəsini seçdim. Kafedramızın adı belə idi: «Mədəniyyət tarixi və mədəniyyət nəzəriyyəsi kafedrası». 1 il oxuduqdan sonra indiki mədəniyyət və turizm nazirimiz Əbülfəs Qarayev də eyni kafedraya daxil oldu. Onunla təxminən 2 il birlikdə təhsil aldıq. Akademiyada dünyanın 10-a yaxın ölkəsindən aspirantlar oxuyurdular. Çox böyük təhsil müəssisəsi idi. Hazırda həmin akademiya “Rusiya Prezidenti yanında İdarəetmə Akademiyası” adlanır. İndi Şimali Osetiya Respublikasının prezidenti olan Teymuraz Mamsarov da bizimlə birgə təhsil alırdı. Çox maraqlı insan idi, həmişə məni görəndə deyirdi, “muallim, paydyom kofe pit”.
– Onunla sonra da görüşmüsünüz?
– Bir dəfə Yesentukidə istirahətdə olarkən görmüşəm, söhbət etmişik.
– Sizin kitablarınızda tələbə yoldaşlarınızın şəkilləri də var, onlardan bəziləri indi də yüksək vəzifələrdədir…
– Belə tələbə yoldaşlarım çoxdur. Onları 3 qrupa bölmək olar: Lenin adına APİ-də, Moskvada İctimai Elmlər Akademiyasında, Bakı Ali Partiya Məktəbində birlikdə təhsil aldığım tələbə yoldaşlarım. APİ-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədovla, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Aranla, professor Nizami Xudiyevlə, sabiq konsul Xeyrəddin Qoca ilə, Bakı Ali Partiya Məktəbində Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovla, İctimai Elmlər Akademiyasında isə nazir Əbülfəs Qarayevlə, Prezident Administrasiyasında məsul vəzifədə çalışan Fikrət Əzizovla, Şimali Osetiya Respublikasının Prezidenti Teymuraz Mamsarovla birgə oxumuşam.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də biz oxuduğumuz dövrdə İctimai Elmlər Akademiyasında öz elmi işi üzərində işləyirdi.
– O da həmin akademiyada təhsil alırdı?
– Əbdürrəhman Vəzirov Azərbaycanda hakimiyyətə gələndən sonra Ramiz müəllimi xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin yaxın silahdaşı kimi Azərb.KP MK-nın katibi vəzifəsindən kənarlaşdırmışdılar. O da elmi işini davam etdirmək məqsədilə İctimai Elmlər Akademiyasına gəlmişdi. Akademiya olduqca zəngin kitabxana fonduna malik idi. Komintern (Kommunist İnternasionalı) 1943-cü ildə buraxıldıqdan sonra onun arxivi Sov.İKP MK yanında Marksizm-Leninizm Universitetinə, kitabxanası isə akademiyaya verilmişdi. Kommunist İnternasionalı 1919-cu ildə Lenin tərəfindən yaradılmış beynəlxalq təşkilat idi, məqsədi dünyanın bir çox ölkələrində fəaliyyət göstərən fəhlə və kommunist partiyalarına müxtəlif təyinatlı yardımlar göstərmək və beləliklə bütün dünyaya sosialist inqilabını ixrac etmək idi. Məlumatlara görə həmin arxivdə 22 min iş vardı, 523 fondda 55 milyon səhifə sənəd 1991-ci ilə kimi “Tam məxfi” qrifi altında qorunub saxlanırdı. Akademiyaya verilən kitabxana fondu da iki hissəyə bölünürdü: biri açıq fond idi. Hər bir istifadəçi istədiyi kitabı götürə bilərdi. İkinci fond isə “Tamamilə məxfi” qrifi altında olan fond idi. Buradakı kitablarla ancaq Akademiya rəhbərliyinin xüsusi icazəsi ilə tanış olmaq mümkün idi. Bu fondda o dövrdə Sovet İttifaqı üçün arzuolunmaz şəxslər sayılan Trotskinin, Buxarinin, Freydin, Qərbin reaksioner filosoflarının parlaq nümayəndəsi sayılan Riçard Paypsın və digərlərinin əsərləri saxlanılırdı. Ramiz müəllim də həmin kitabxananın zəngin imkanlarından istifadə edərək öz elmi işi üzərində çalışırdı.
– Akademiya sizlərə kimlər dərs deyirdi?
– Mixail Qorbaçovdan başqa Siyasi Büronun bütün üzvləri ayda bir dəfə bizə mühazirələr oxuyurdular. Gələcək partiya rəhbərlərini hərtərəfli yetişdirməyə çalışırdılar. Akademiyada mədəniyyət tarixi və mədəniyyət nəzəriyyəsi kafedralarından başqa, fəlsəfə kafedrası, hüquq kafedrası da var idi. Orada elə akademiklər dərs deyir və mühazirələr zamanı elə fikirlər səsləndirirdilər ki, adam fikirləşirdi ki, partiyanın ali akademiyasında necə belə fikirlər söyləmək olar? Demokratiya, azadlıq, insan hüquqları məsələləri ilə bağlı açıq söhbətlər gedirdi. O dövrdə də partiya işində xalqına xidmət edə bilən, milli mənəvi dəyərlərə bağlı olan adamlar vardı, bu gün də var və gələcəkdə də olacaq.
Mənim o zaman seçdiyim mövzu isə partiya işinə aid deyildi, ədəbiyyatla, incəsənətlə bağlı idi. Dissertasiya işimin mövzusu sovet yazıçılarının yaratdıqları obrazlarda daxili konfliktlərin mübarizəsi vasitəsi ilə insanın özünüdərkinin, özünütəmizləmənin mümkünlüyü barədə idi. İnsanın daxili aləmində baş verən pozitiv dəyişikliklər, bu zaman mənfidən müsbətə doğru inkişafın mümkünlüyü mövzunun əsas leytmotivini təşkil edirdi. Yusif Səmədoğlunun “Qətl günü”, Mövlud Süleymanlının “Dəyirman”, Quram Pancikidzenin “Spiral” kimi əsərlərində daxili psixologizmin təhlilini aparmışdım.
– Bu gün Kommunist Partiyası deyəndə adamın ağlına ideologiyanın yayılmasına xidmət edən, amansız bir qurum gəlir. Amma siz partiya işi ilə bağlı çox xoş danışırsınız. Akademiyada azad düşüncələrin tələbələrə tədris olunduğunu qeyd edirsiniz, amma praktikada bu müşahidə edilmirdi axı?
– Təhsil başqa şeydir, praktiki iş başqa. Dərs deyənlərin, nüfuzlu akademiklərin çoxu praktikadan o qədər də məlumatı olmayan insanlar idi, onlar nəzəriyyə ilə məşğul idilər. Amma onlar tərbiyə etdikləri, dərs dedikləri insanları nəzəriyyədə olan həqiqətlərə yaxınlaşdırmağa çalışırdılar. Partiyanın ideologiyası məsələsi çox vaxt kağız üzərində qalırdı. Partiyanın ideologiyasına partiya işində işləyənlər də, sıravi kommunistlər bir o qədər aludə deyildilər. Partiya sənədləri ilə real həyat arasında çox mühüm fərqlər, uçurumlar vardı. Amma partiya işini tamamilə tənqid edib kənara atmaq da düzgün olmaz. Çünki o da tariximizin bir parçasıdır, onun da yaxşı işləri olub, binalar tikilib, təhsil ocaqları inşa olunub elmin, texnikanın inkişafı üçün özüllər qoyulub. Amma partiyanın müəyyən məhdudiyyətləri o dövrün özündə də o sistemdə işləyən insanların daxili etirazına səbəb olurdu, amma çıxıb deyə bilməzdik “bu düzdür, bu səhvdir”.
– Mərhum Prezident Heydər Əliyevlə bağlı hansı xatirələriniz var?
– Təhsil və ilk əmək fəaliyyətimin böyük bir hissəsi ulu öndərin zamanına düşüb. Azərbaycan televiziyasında işlədiyim illər ərzində onun fəaliyyətini yaxından izləmək imkanım olub. Heydər Əliyev əsl dövlət adamına xas bütün yüksək keyfiyyətlərə, fitri qabiliyyətlərə malik böyük bir məktəb idi. O, Azərbaycan tarixinin yetirdiyi unikal şəxsiyyətdir. Tale elə gətirib ki, biz dövlətçilik tariximizdə mühüm rolu olan qəhrəmanlarımız haqqında tarix kitablarından oxumuşuq, onların bədii təfəkkür məhsulu olan obrazlarını filmlərdə izləmişik. Amma Heydər Əliyev ilk belə dahi və təkrarolunmaz dövlət başçısıdır ki, xoşbəxtlikdən biz onunla eyni zamanda yaşamışıq.
Heydər Əliyev yaradıcı insanlara da böyük diqqət yetirirdi. Yazıçıların qurultaylarında şəxsən iştirak edirdi, onlara ideyalar verirdi, yol göstərirdi. Heç yadımdan çıxmaz, bir də Yazıçılar İttifaqının qurultayında mərhum Bəxtiyar Vahabzadə dedi ki, “Füzulunun qəbrini Kərbəladan çıxarıb harasa aparırlar”. Heydər Əliyev onda kəskin çıxış etdi. Dedi “bəsdirin, çayxanalarda, yas yerlərində qeybət etdiyiniz. Nə vaxt mənə müraciət etdiniz, mən bu məsələyə reaksiya vermədim, nə vaxt İraq səfirliyinin qarşısında mitinq keçirdiniz, sizə imkan vermədim?! İndi durub burada danışırsınız, belədir-elədir, niyə indiyə kimi bu barədə mənə heç nə deməmisiniz?! Siz bu işi başlamalısınız, siz yazıçısınız, siz bu məsələni qaldırmalısınız, sonra mən buna reaksiya verməliyəm. Mən yuxarıdan bunu edə bilmərəm, Füzulinin qəbri başqa dövlətin ərazisində yerləşir. Lazımdırsa, Füzulinin qəbrini köçürüb, Azərbaycana gətirək”.
Bir dəfə də – onda Heydər Əliyev Moskvada istefa verib Azərbaycana qayıtmışdı və Naxçıvanda yaşayırdı, amma Azərbaycan Ali Sovetinin deputatı idi, Yazıçılar İttifaqının qurultayına gəlmişdi. Başqa qurultay iştirakçıları kimi zalda əyləşmişdi, iclasın birinci günü Məmməd Aslan təklif irəli sürdü ki, Heydər Əliyev də Rəyasət Heyətində əyləşsin. O, durdu ayağa dedi, “mən belə iclaslara Rəyasət Heyətlərindən çox baxmışam, indi də istəyirəm buradan ora baxım”. Bax belə müdrik şəxsiyyət idi, Heydər Əliyev.
Taleyimdə onun həmişə böyük rolu olub. İctimai Elmlər Akademiyasını bitirib gələndən sonra işlədiyim idarə qısa müddətdən sonra AXC-Müsavat hakimiyyəti dövründə ləğv edildi, qaldım işsiz. Ümummilli liderin hakimiyyətə qayıdışından sonra yenə Ramiz Mehdiyevin birbaşa köməyi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetində işə başladım.
– Ramiz müəllimlə indi də əlaqələriniz var?
– Məsafələr uzaqdır. Amma harada işləməyim barədə hər zaman onun xəbəri olub. Daim onun diqqətini öz üzərimdə hiss etmişəm. O, insanlara həmişə xeyirxahlıq edir.
– Jurnalist, partiya işçisi, müxtəlif dövrlər, müxtəlif iş yerləri… Belə dəyişkənliklər sizə çətinlik yaratmırdı ki?
– Hara getsəm də filologiya, jurnalistika sahəsində qazandığım təcrübə həmişə əlimdən tutub. 10 il Nazirlər Kabinetinin redaktə qrupunun rəhbəri işlədim, hökumət sənədlərinin dil-üslubuna, orfoqrafiyasına baxırdıq. Bir neçə il Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Aparat rəhbəri işlədim, orada da təxminən bu işlərlə məşğul idim, sənədlərin tərtibatı, sənəd dövriyyəsi, ərizə və şikayətlərə baxılması, kollegiyaların keçirilməsi və s. Reyestr Xidmətində işlədiyim müddətdə mülkiyyət hüquqlarının qediyyatı haqqında qanunvericiliyi, torpaq qanunvericiliyini mənimsədim, bizim qanunvericiliyə görə əmlak üzərində olduğu torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi qediyyata alınır, bunları öyrənməsəydim, nə işçilərlə, nə də müraciət edən şəxslərlə işləyə bilərdim. Xidmətdə çalışdığım müddətdə Azərbaycanda mülkiyyət hüquqlarının qeydiyyatı tarixi ilə bağlı da müəyyən araşdırmalar aparmışam. Milli arxivimizdə bu sahədə xeyli bəlgələr var. Gözəl bir doktorluq işinin mövzusudur, həvəs göstərib yazan olsa, kömək etməyə hazıram. Mülkiyyət hüquqlarının tarixi xalqımızın ümumi tarixinin ayrılmaz tərkib hissəsidir. Bu sahənin tədqiqinə çox ciddi ehtiyac var.
Ümumiyyətlə, mən təbliğatçı olmuşam, təbliğatçı qulluq etdiyi dövrün, zamanın ideologiyasını təbliğ etməlidir. Təbliğatçı bir günə yetişmir, nəyisə təbliğ etməyin özü də böyük bir istedaddır. Təbliğ edən təbliğ olunanı inandıra bilmirsə demək təbliğatçı deyil. Ona görə işlədiyim illərdə çalışmışam ki, təbliğatı elə aparım ki, insana yönəlmiş təbliğat olsun.
– Bugünkü işiniz sizi sıxmır?
– İndiki işim də filologiya ilə bağlı məsələdir,ancaq torpaq və əmlak idarəçiliyi sahəsindəki qanunvericilik aktlarına kifayət qədər bələd olmağım “Torpaq” qəzetinin baş redaktoru kimi köməyimə çatır. Reyestr Xidmətində çalışdığım illər ərzində dünyanın aparıcı dövlətlərinin – Amerika Birləşmiş Ştatlarının, Hollandiyanın, Türkiyənin və s. analoji qurumlarının bu sahədəki təcrübəsi ilə yaxından tanış olmuşam, respublikamzın kütləvi informasiya vasitələrində ümumiləşdirilmiş yazılarım dərc olunub. İndiki işim də normaldır, insan həmişə eyni məqamda ola bilməz. İnsan çalışmalıdır ki, işinə diqqətlə yanaşsın, məsuliyyətli olsun. Əsas budur. Vəzifə insanı şərəfləndirmir, insan vəzifəni şərəfləndirir.
– İş elə gətirib ki, vaxtilə tələbə yoldaşınız, bu günsə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olan akademik Qərib Məmmədovun tabeliyi altında işləyirsiniz. Keçmiş tələbə yoldaşınızla münasibətlər indi necə qurulub?
– Qarşılıqlı hörmət, rəhbər qarşısında vəzifə öhdəlikləri və hər bir işçinin əməl etməli olduğu subordinasiya prinsipləri gözlənilməklə.
– Sovet dövrünün məmuru ilə müstəqillik dövrünün məmurunu müqayisə edəndə nələri müşahidə edirsiniz?
– Sovet dövründə Azərbaycan mentalitetinə yaxın insanları bu sahədə çətinə salan əsas maneə onların rus dilini zəif bilmələri idi. Rus dilini səndən müəyyən qədər yaxşı bilən, amma savadı səndən az olan şəxslə eyni məclisdə çıxış edəndə bir qədər çətin vəziyyətdə qalırdın. Rəhbər vəzifələrdə işləyənlər sırasında ermənilər, yəhudilər də vardı, onlar rus dilini zəif bilənlərə pis baxırdılar. Çalışırdılar ki, bu çatışmazlığından istifadə edib azərbaycandilli məmuru pisikdirsinlər. Amma bu gün Azərbaycan dilində danışıb-yazmaq hər bir məmurumuz üçün böyük şərəfdir.
Ümumiyyətlə götürdükdə arada o qədər də böyük fərq yoxdur. Sənəd hazırlamaq metodları və vərdişləri də təxminən eynidir, axı məmur cəmiyyətdə xüsusi bir zümrədir, dövlət öz siyasətini onlar vasitəsilə həyata keçirir. Sənəd hazırlamaq, arayış tərtib etmək, şikayəti ən son detallarına qədər araşdırıb təklif hazırlamaq, hər sənəd növünə uyğun, kargüzarlıq qaydalarında nəzərdə tutulmuş müddəalara müvafiq sənədləri tərtib etmək vərdişləri uzun illərin təcrübəsi nəticəsində formalaşır. Sovet hakimiyyəti illərində sənəd dövriyyəsinin hüquqi əsaslarını elmi cəhətdən işləyib hazırlayan, Moskvada yerləşən xüsusi elmi-tədqiqat institutu var idi. İndi məmurluğun sosial məzmunu dəyişib, azad və müstəqil ölkənin məmuru olmaq, mənsub olduğun xalqa xidmət etmək, əlbəttə, daha şərəfli işdir. Məmur o dövrdə də ciddi və məsuliyyətli olmalı idi, bu gün də. Bu gün məmurlara yaradılan şərait pis deyil. Dövlət qulluqçularına bir sıra imtiyazlar verilib. Bu imtiyazlar da onun üçündür ki, onlar öz işlərində daha məsuliyyətli olsunlar, vətəndaşlara həssaslıq göstərsinlər, onların qayğısına qalsınlar.
– Moskvada bir yerdə oxuduğunuz şəxslərin çoxu bu gün də müxtəlif vəzifələrdə öz işlərinə davam edirlər. Bəs Siz niyə uzaqlaşdınız?
– Uzaqlaşmadım, sadəcə yerimi dəyişdim. İnsan taleyini axı özü seçmir. İnsanın ömür yolunu müəyyənləşdirən qüvvə var, kim hansı vaxtda və harada olmalıdır, bu taleyin işidir, bunu biz müəyyənləşdirə bilmərik. Heç kimin ağlına gəlməzdi ki, kimsə hansısa vəzifədən çıxacaq, başqa yerə gedəcək və s. Bu gün burdayam və həvəslə bu işi aparıram. Elə bilirəm ki, elə köhnə vəzifələrdən birindəyəm. İnsan var ki, müəyyən bir vəzifə tutur, amma onun orada olub olmadığı bilinmir. İnsan da var, işlədiyi ən xırda vəzifəni belə qiymətə mindirir.
– Reyestr Xidməti Aparatının rəhbəri vəzifəsindən gedəndən sonra işsiz qaldığınız aylarda köhnə dostlardan, yoldaşlardan heç sizi arayıb-axtaran olurdumu?
– Bizdə çox təəssüf ki, belədir, bir vəzifən, məqamın varsa, səni itirib-axtarırlar, yoxdursa hər şey yavaş-yavaş yaddan çıxır. Böyük filosoflardan birinin gözəl sözü var: hər şey axır, hər şey dəyişir. Keçmiş vəzifə sahibləri olan elə “dostlarım” olub ki, axşam mənə kiçik də olsa, bir iş təklif edib, kadrlar şöbəsinə əmrimi hazırlamağı tapşırıb, səhər işə gələndə kadrlar şöbəsinin müdiri yaxınlaşıb ki, müəllim, komitə sədri əmrinizi imzalamadı, dedi ki, bir az gözləmək lazımdır. Mənə göstərilən iş otağına girmədən evə qayıdanda və həyat yoldaşım soruşanda ki, xeyir ola işdən nə tez qayıtdın, demişəm ki, sədrimiz əmrimi imzalayan kimi mənə məzuniyyət də verdi. Belə gülməli hadisələr işləmədiyim 7 ay ərzində bir-neçə dəfə baş verib.
– Sizin bir neçə şeir kitabınız da çıxıb. Yenə yazırsınız?
– Şeir özünüifadənin bir formasıdır. Mən ədəbiyyatla ciddi şəkildə məşğul olmuşam. Şeirlərimə 30-a yaxın müsiqi bəstələnib. Onlardan bəzilərini efirdə indi də eşidirəm. Amma indi yazmıram. İctimai Elmlər Akademiyasında təhsilimi başa vurub Moskvadan Bakıya qayıdan gün həyatımda çox faciəli bir hadisə baş verdi, həyat yoldaşım qəzada həlak oldu, ondan sonra şeir yazmamışam, dayandırmışam. Başqa publisistik əsərlər isə imkan olduqca yazıram.
– Şeirlərinizə kimlər mahnı bəstələyib və kimlər oxuyub?
– Mənim şeirlərimə Şəfiqə Axundova, Oqtay Rəcəbov, Nəriman Məmmədov, Azər Rzayev kimi bəstəkarlar mahnı bəstələyiblər.
Bu mahnıları İlhamə Quliyeva, Təranə Vəlizadə, Baba Mahmudoğlu, Flora Kərimova və başqa tanınmış sənətçilər oxuyub. İndi də deyirlər ki, şeirlərindən ver, mahnı bəstələnsin, amma daha o qədər həvəsim yoxdur.
– Uzun illər televiziya sahəsində çalışmısınız, bu gün efir məkanına baxanda nələri görürsünüz?
– O zaman da bu gün də televiziya sahəsində dəyişməyən bir prinsip var. O zaman da bu sahədə hamını razı salmaq olmurdu, bu gün də. Bir veriliş efirə gedəndə 50 adam tərifləyirdi, 50 adam pisləyirdi. İndi də insanların zövqü müxtəlifdir. Efirdə yaxşı verilişlər verilir, amma indiki dövrün insanlarını maraqlandırmaq, təəccübləndirmək xeyli çətindir.
Aytən Əliyeva