23 fevral 2018-ci il tarixində Paralimpiya İdman Kompleksində “26 fevral – Xocalı Soyqırımı günü”nə həsr edilmiş pnevmatik silahdan güllə atıcılığı üzrə Sumqayıt kuboku keçirilib.
Yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Baş İdarəsinin Bədən Tərbiyəsi və İdman sektorunun müdiri Vahid Abdullayev ölkəmizdə idmanın sürətli inkişafından danışaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü işlərin sayəsində ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan bəhs etmişdir. Vahid Abdullayev çıxışını davam edərək dedi: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri xalqımızın əbədi yaddaşından heç vaxt silinməyəcək. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilmiş, yandırılmış və girov götürülmüşdür. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faicəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilmiş və 1994-cü ildə Ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul etmişdir.
Yarışda şəhərin ali, orta ixtisas məktəbləri və peşə liseyləri olmaqla ümumilikdə 7 komanda qalib adı uğrunda mübarizə aparmışdır. Hər komandanın tərkibi 4 oğlan, 1 qızdan ibarət olmuşdur. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 3 nömrəli Sumqayıt Peşə Liseyinin komandası 237 xala birinci, Sumqayıt Dövlət Universitetinin komandası 212 xalla və Sumqayıt Dövlət Texniki Kollecinin komandası 193 xalla müvafiq olaraq ikinci, üçüncü yerləri tutmuşdur.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, hədiyyə və kuboku ilə təltif olumuşdur.