Günvurma nə qədər təhlükəlidir?

978

… və ondan necə qorunmaq olar?

İstivurma və günvurma xarici istilik amillərinin təsiri nəticəsində orqanizmdə yaranmış patoloji vəziyyətdir. Bu patoloji vəziyyət özünü bədən hərarətinin artması, mərkəzi sinir sistemi, qan dövranı, tənəffüs sisteminin və su-elektrolit balansının pozulması şəklində biruzə verir. İstivurma və günvurma halları xüsusi iqlim şaraitində, yəni havanın temperaturu müsbət 370 C-dən yüksək olduğu hallarda baş verir. İstivurma uzun müddət isti hava və ya infraqırmızı şüalanmanın təsirindən orqanizmdə baş verən patoloji haldır. İstivurma isti sexlərdə, hamam, saunalarda və s. uzun müddət qaldıqda baş verir. Günvurma isə zərərçəkənin baş nahiyəsi uzun müddət birbaşa intensiv günəş şüaları ilə kontaktda olduqda baş verir. Yəni, uzun müddət çimərlikdə günəş vannası qəbulu zamanı və ya açıq çöl-səhra şəraitində tikinti işlərində işləmə zamanı və s. olur. İstivurma və günvurma zamanı patoloji proses həmçinin, tər buraxmayan isti geyim, atmosfer havasının nisbi rütubətliyi normadan yüksək olması, alkoqol sərxoşlğu, yorğunluq, piylənmə, az maye qəbulu, keçirilmiş kəllə beyin travması, ürək-qan dövranı çatışmazlığı, dehidratasiya, qara ciyər, mədəaltı vəzi, endokrin xəstəlikləri zamanı daha da dərinləşir. Uşaqlarda və qocalarda istivurma (günvurma) xüsusi ilə ağır keçir.

Patogenetik cəhətdən bu vəziyyəti orqanizmdə istilikəmələgəlmə və istilikvermə balansının pozulması ilə izah etmək olar. Bu zaman oksidləşmə-fosforlaşma reaksiyalarında iştirak edən fermentlərin blokadası nəticəsində toxuma hipoksiyası və həyati vacib orqanların (beyin, tənəffüs və ürək-qan dövranı sistemi) ödemi-şişkinləşməsi baş verir. Nəticədə tər ifrazı artır və tənəffüs yollarıyla buxarlanma (maye itkisi) sürətlənir, orqanizmdə su-elektrolit balansı pozulur və susuzlaşma inkişaf edir. Bu patoloji vəziyyətin ağırlıq dərəcəsi diareya, çox tərləmə, su qəbulu rejiminin pozulmasından da asılıdır.

Əgər maye qəbulu lazımi qədər deyilsə, hipertonik dehidratasiya inkişaf edir. Bu hal üçün susuzluq, sinir oyanıqlığının artması, sayıqlama, hallüsinasiya, ərtaflarda tremor (əsmə), qıcolma xarakterikdir.

Əgər istivurma (günvurma) diareya ilə birgə baş verərsə, bu zaman hipotonik dehidratasiya inkişaf edir. Bu, daha ağır hal olur, şok və ya koma ilə nəticələnir. Bədən temperaturu 420-430 C-dən yüksək olarsa, ölüm baş verir.

Klinik olaraq istivurma (günvurma) üç dərəcədə olur:

– Yüngül;

– Orta ağır;

– Ağır

Yüngül dərəcəli istivurma (günvurma) zamanı xəstənin ümumi vəziyyəti aktiv olur. Bədən hərarəti normal və ya 37,5 dərəcəyə qədər olur. Yüngül halsızlıq, adinamiya və ya oyanıqlıq, baş ağrısı, baş gicəllənmə, qulaqlarda küy, ürəkbulanma, bəzən ətraf əzələlərdə ağrılı spazm baş verir. Xəstənin dərisi hiperemiyalaşır (qızarma), tərləmə artır, nəbz və tənəffüs tezləşir, bəbəklər azacıq genəlir, arterial təzyiq norma daxilində olur.

Orta ağır dərəcədə bədən temperaturu +390-400 C arası artır. Bu zaman kəskin adinamiya, mülayim keyləşmə və ya sayıqlama, susuzluq, güclü baş ağrısı, ürəkbulanma, qusma, bəzən də bayılma olur. Dəri qızarmış, nəmli olur, tənəffüs tezləşir (TDS=40 bir dəqiqədə), güclü taxikardiya, hipertenziya baş verir.

Ağır dərəcəli istivurmada (günvurmada) bədən temperaturu 400 C-dən yükəsk olur. Huşun dərin pozulması baş verir, tər ifrazı kəsilir. Dəri avazımış, quru olur. Tənəffüs tezləşir, səthi və ya Çeyn-Stoks tipli (patoloji tipli tənəffüs), nəbz isə sapvari olur. Vəziyyətin ağırlaşması ilə əlaqədar kəskin taxikardiya bradikardiyaya keçir, arterial təzyiq düşür.

İstivurmanın (günvurma) üç forması var:

– Asfiksiyalı;

– Paralitik;

– Psixopatik;

Asfiksiyalı formada xəstədə tənəffüs və damar-hərəki mərkəzin fəaliyyətinin zəifləməsi ön planda olur. Tipik akrosianoz, koma əlamətləri, apnoe, asistoliya əlamətləri ola bilər.

Paralitik forma üçün ara vermədən baş verən qıcolmalarla müşahidə olunan koma xarakterikdir. Sonradan bu vəziyyət ürək və tənəffüsün dayanmasına keçir.

Psixopatik forma çox vaxt isti müəssisə və günaltında olmaqdan 5-6 saat sonra baş verir. Huşun pozulması (sayıqlama və hallisünasiya) çox vaxt qıcolma və ifliclə müşayiət olunur.

İstivurmanın (günvurma) diaqnozu sadədir. İlk növbədə proqnostik cəhətdən xəstənin vəziyyəti qiymətləndirilməlidir ki, ilkin təcili və təxirəsalınmaz tibbi yardıma başlansın.

Daha sonra isə su-elektrolit balansının pozulma dərəcəsinə görə infuzionterapiya və ya maye rejiminin korreksiyası aparılır.

Proqnostik cəhətdən aşağıdakı simptomlar təhlükəli hesab olunur: tər ifrazının kəsilməsi, dəri temperaturasının artması, əllə toxunduqda dərinin isti və quru olması, huşun itməsi, tənəffüs və nəbzin tezləşməsi.

Yüngül dərəcəli istivurma (günvurma) zamanı xəstə ambulator müalicə alır.

Orta ağır dərəcəli istivurma (günvurma) zamanı əgər ilkin yardım tam edilibsə, xəstəni evdə poliklinika nəzarəti ilə saxlamaq olar. Əgər bir saat ərzində vəziyyəti pisləşirsə, xəstə stasionara hospitalizasiya olunur. Əgər istivurma (günvurma) diareya ilə müşayət olunursa, yəni hipotonik dehidratasiyadırsa, xəstə mütləq şəkildə stasionar müalicəyə cəlb olunmalıdır. Xəstə xərəkdə uzanmış vəziyyətdə hospitalizasiya olunur. Təcili və təxirəsalınmaz tibbi yardım istivurma (günvurma) dərəcəsindən asılı olaraq aparılır:

Əgər xəstədə yüngül dərəcəli istivurmadırsa (günvurma), onda xəstə ilk növbədə kölgə və ya sərin bir yerə aparılmalıdır. Sərin yer dedikdə havanın hərarəti 180-200 C daxilində olan mühit nəzərdə tutulur. İlk əvvəl xəstə üst geyimindən azad olunur, sərin su içirdilir, başa sərin kompress qoyulur, soyuq suda isladılmış mələfəyə bürüdülür.

Əgər istivurma (günvurma) orta ağır dərəcədədirsə, xəstənin fiziki yolla hərarətini salmaqla yanaşı medikamentoz yardım da olunmalıdır. Venadaxili aminazin (2ml 2,5%-li) və ya droperidolla analgin kombinasiya şəklində vurulur. Venadaxili damcı şəklində 10%-li qlükoza, natrium xloridin izotonik məhlulu köçürülür.

Xəstəyə meyvə şirələri və bol maye qəbulu məsləhət görülür (2 x/q şəkər, 0,5 ç/q duz, 0,5 ç/q soda 1 litr suda həll edilib xəstəyə içirdilir). Susuzluq, yanğı hissi itənə və sutkalıq diurez bərpa olana qədər tibbi yardım davam etdirilir.

Ağır dərəcədə oksigenoterapiya, fiziki soyutma (dəri daim soyuq mələfəyə silinir) aparılır. Baş və qasıq nahiyəsinə buz yastıqcığı qoyulur. Əgər bədən temperaturu 38,50 C-dən aşağı olarsa, fiziki soyutma dayandırılır. Əgər qıcolma baş verərsə venadaxilinə relanium və ya natriumksibutirat köçürülür. Həmçinin, infuzion terapiya (duz məhlulları) aparılır. Hemodinamikanı bərpa etmək məqsədi ilə qlükokortikkoidlərdən (120-150 mq prednizalon) istifadə edilir. Əgər xəstədə qan dövranı və tənəffüs bərpa olunmursa traxeya intubasiyası aparılır və xəstə süni tənəffüs aparatına qoşulur.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasının

baş həkimi Arif Yusifov, xüsusi olarq “168 saat” üçün

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər