Gürcüstanın ilk qadın rəhbəri: Zurabişvilini prezidentliyə aparan yol – ARAYIŞ

1269
Xəbər verdiymiz kimi, ötən gün Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi xanım namizəd Salome Zurabişvili qalib gəlib. Zurabişvili 59,61 faiz səs toplayıb. Onun lehinə 1 milyon 143 min 111 nəfər səs verib.
“Vahid Milli Hərəkat” partiyasının və “Güc birlikdədir” müxalifət blokunun dəstəklədiyi Qriqol Vaşadze isə 40,39 faiz səs toplayıb. Onu 774 min 468 seçici dəstəkləyib.

Azvision.az xəbər verir ki, Salome Zurabişvili 1952-ci il martın 18-də Parisdə 1921-ci ildə Gürcüstanı tərk etmək məcburiyyətində olan gürcü siyasi mühacirlər Levan Zurabişvili və Zeynəb Kedianın ailəsində anadan olub. Onun ata babası İvan İvanoviç Zurabişvili 1918 və 1921-ci illərdə müstəqil Gürcüstanın menşevik hökumətində təmsil olunub. Ulu babası Niko Nikoladze isə Gürcüstan dəmir yolunun tikintisinin təşəbbüskarı və Potidə dəniz limanının yaradıcısı olub.

1972-ci ildə Salome Zurabişvili Paris Siyasi Elmlər İnstitutunu, 1973-cü ildə Kolumbiya Universitetini, 1981-ci ildə isə Parisin Milli Təhsil məktəbini bitirib. Növbəti ildə Fransa Xarici İşlər Nazirliyində işləməyə başlayıb. 1974-1977-ci illərdə Fransanın İtaliyadakı səfirliyinin üçüncü katibi, 1977-1980-ci illərdə Fransanın BMT-dəki daimi missiyasının ikinci katibi vəzifəsinə təyinat alıb. 1980-ci ildən 1984-ci ilədək XİN-nin mərkəzi aparatının təhlil və proqnozlaşdırma mərkəzinin əməkdaşı olub. Daha sonra Fransanın Amerikadakı səfirliyində birinci katib, Çad Respublikasında Fransa səfirlyinin ikinci katibi postunu tutub. Bütövlükdə isə ömrünün son 30 ilini xanım siyasətçi Fransa XİN-də müxtəlif vəzifələrdə işləyib. 2001-ci ildə Fransanın milli müdafiə strategiyası və beynəlxalq məsələlər üzrə Baş Katibliyinin rəhbəri təyin olunub.

İki il sonra Zurabişvili Fransanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri olub. Gürcüstanda qızıl gül inqilabı baş tutanda isə xanım siyasətçini Saakaşvili öz hökumətində xarici işlər naziri təyin edib. Həmin vaxt Fransa pasportunu özündə saxlayan Zurabişvili Gürcüstan vətəndaşlığı da alıb. Gürcüstanda xarici işlər naziri olduğu müddətdə adı Rusiyanın Gürcüstandakı rus hərbi bazalarının geri çəkilməsi ilə əlaqələndirilib. Rusiya hərbi bazalarının Gürcüstanı tərk etməsi haqqında sənəddə məhz onun imzası var.

Lakin iki siyasətçi arasında dostluq münasibəti uzun çəkməyib. 2005-ci ilin oktyabrında vəzifədən uzaqlaşdırılan Zurabişvili minlərlə insanın toplaşdığı mitinqdə Saakaşvili əleyhinə çıxışlar edib. 2005-ci ildən 2010-cu ilə qədər o, fəal şəkildə Saakaşvili hakimiyyətinə qarşı çıxış, amma ciddi müxalifət lideri kimi yadda qalmayıb. 2010-cu ildə Zurabişvili təkcə özünün “Gürcüstanın yolu” partiyasının sədri vəzifəsini deyil, həm də ümumiyyətlə Gürcüstanı tərk edib.

2010-ci ildə Zurabişvili İvanişvilinin Saakaşviliyə qarşı “Gürcü arzusu” koalisiyasını dəstəkləsə də, onun üzvü olmayıb. Zurabişvili daha sonra BMT-nin İrandakı vəziyyət üzrə monitorinqinin ekspert qrupuna daxil olub. O, 2013-cü ildə prezident seçkilərində iştirak etmək istəyib, amma ikili vətəndaşlığa görə onu qeydiyyata almaqdan imtina ediblər.

2016-cı ildə keçirilən parlament seçkilərində Tbilisidəki majoritar dairələrdən birində müstəqil namizəd kimi iştirak edən Zurabişvili hakim partiyanın dəstəyilə parlamentə seçilib. Zurabişvili Fransa respublikasının şərəf ordeni ilə təltif edilib. O, fransız Fəxri Legion Ordeninin kavaleridir. Fransız və gürcü dilləri ilə yanaşı rus, ingilis, alman və italyan dilini bilir.

Fransada siyasi sığınacaq alan keçmiş sovet dissidenti və jurnalist Janri Kaşi xanım siyasətçinin həyat yoldaşıdır. Onların iki övladı var: oğlu Teymuraz və qızı Ketevanı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər