Hacı Zeynalabdin Tağıyevin nəticəsi: “Dedi ki, babanı boş yerə axtarmağa dəyməz, onu dənizdə batırıblar” – Sensasion müsahibə – FOTOLAR

2130

Dünyada sərvətindən xeyriyyə məqsədi ilə istifadə edən insanlar hər zaman böyük sevgi və qürurla xatırlanırlar… Azərbaycanın xeyirxah şəxsiyyətlərindən bir də Hacı Zeynalabdin Tağıyev olub.  Onun ölkəmizə, vətəndaşlarımıza etdiyi xeyirxahlıqlar illər keçsə də, unudulmur.

Minval.info-nun əməkdaşları həyatı, fəaliyyətləri ilə hər bir insana nümunə olan milyonçu xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yaşayan nəticəsi-Sara xanımın qızı Səfiyyə xanımın oğlu Tofiq Abdullayevin evində olub.

Soyuq, yağışlı bir gündə yollandıq Mərdəkana. Düzü, məqsəd Tağıyevin xaraba qalmış köşkündən reportaj hazırlamaq idi. Lakin burada yaşayan sakinlərdən aldığımız məlumatla təlimatlanıb üz tutduq Tağıyevin nəticəsi Tofiq Abdullayevin yaşadığı evin qapısına. Gəlmiş ikən bir güllə ilə iki quş vuraq dedik. Sakinlər bildirdilər ki, Tofiq müəllim tərs adamdır. Ailə ümumiyyətlə hər media nümayəndəsinə qapılarını açmır.

Amma Tofiq bəy bizi xoş qarşıladı. Olduqca soyuq və yağışlı bir gün olsa da, Tofiq müəllim və yoldaşı Leyla xanım bizi çox isti qarşıladılar. Təxminən 2 saata yaxın çəkən söhbətdə bir çox mövzulara toxunduq. Xüsusilə də Tofiq müəllimlə yoldaşı Leyla xanımın  qonaqpərvərliyi və isti münasibəti elə səmimi ortam yaratmışdı ki, vaxtın haradan və necə gəlib keçdiyini hiss edə bilmədik.

Elə oturar-oturmaz Leyla xanım  bildirdi ki, çəkiliş üçün bu evə çox media əməkdaşı gəlib-gedib. Əksər vaxt da düzgün məlumat yazmırlar deyə ailə bir müddətdən sonra evinin qapılarını media qurumlarına bağlayıb:

“Hətta bəzən  olurdu ki, Səfiyyə xanımın ömrünün sonlarına yaxın bəzi çıxan xəbərlərə görə qapını bağlayırdım. Deyirdim ki, evdə heç kim yoxdur, xaricə gediblər”. (Red-gülür)

Elə söhbət Səfiyyə xanımdan düşmüş ikən bir az onun barəsində də söhbət elədik. Səfiyyə Zeynal bəy qızı Abdullayeva-Tağıveya 1917-ci il martın 14-də H.Z.Tağıyevin malikanəsi olan indiki Tarix muzeyində anadan olmuşdur. Sevimli nəvəsinin dünyaya gəlişi babanı çox sevindirmiş və körpənin adına elə həmin gün yüz min qızıl pul ayırmışdı. Səfiyyə anası Sara xanım, atası Zeynal bəy Səlimxanov və əziz babası ilə birlikdə 3 il cah-cəlal (1917-20) içində, 4 il (1920-24) isə məşəqqətlərlə yaşadı. Əsl qara günləri də babası rəhmətə gedəndən sonra başlanmışdı.

Ötən əsrin əvvəllərində Sənaye Texnikumunun (sonralar Neft və Kimya İnstitutu) inşaat mühəndisliyi ixtisasını seçən Səfiyyə xanım 1934-cü ildə həmin təhsil ocağının geoloji kəşfiyyat fakültəsini bitirmiş Mir Zeynalabdin Mirabutalıb oğlu Abdullayevlə ailə həyatı qurub. 30-cu illərin sürgün və repressiyaları onsuz da bu “kapitalist” ailəsini qarabaqara izləyirdi. Səfiyyə xanımın anası Sara xanım bolşevik Sergey Mironoviç Kirovun ölümündə təqsirləndirilərək Peterburqda həbs edilmişdi…

Bu dalğa əziz ciyərparəsi Səfiyyəsinin də taleyindən yan keçmədi. 1941-ci ilin iyulunda Sumbat Topuridze Səfiyyə xanımı NKVD-yə çağıraraq atası Zeynal bəy Səlimxanovla bağlı Stalinə yazdığı müraciətlərə irad tutdu və 24 saata şəhəri tərk edərək digər sürgün olunanlarla birgə paromla Krasnovodska ötürdü. Üç uşağı – Kamal, Kamilla və Fuadla birgə Sibirin dərinliklərinə sürgünləndilər…

1945-ci ildə əzablarla dolu sürgün həyatını başa vuran Səfiyyə xanım əri Mir Zeynalabdin ilə o zaman Moskva Dövlət Plan Komitəsində məsul vəzifədə çalışan keçmiş bakılı Baybakovla görüşüb Azərbaycana gəlmək istədiyini bildirir. Vəziyyətdən xəbərdar olan Baybakov onlara Bakıya qayıtmağı məsləhət görmür. Səfiyyə xanım əri və uşaqları ilə birgə əvvəlcə Lvova, sonra isə zəlzələdən yerlə yeksan olmuş Aşqabada köçür.

Hər ikisi, ər və arvad Türkmənistanın Tikinti Nazirilyində işə düzəlir. Hələ Lvovda yaşayarkən onların 4 və 5-ci övladı Nailə və Tofiq də doğulmuşdu. 1941-ci ildən 1991-ci ilədək qərib diyarlarda yaşayan sürgün ailəsi daim vətən həsrəti ilə qovrulurdu. Nəhayət, 1980-ci illərin sonunda keçmiş qadağalar və hürkülər aradan götürüldükdən sonra Səfiyyə xanım anasını ziyarət etmək üçün Bakıya dönə bilib.

1991-ci ildə Sara xanım dünyasını dəyişdi.  Ardınca Səfiyyə xanım Türkmənistandan Bakıya biryolluq köçdü. Anasının xatirəsini yaşatmaq üçün Sara xanım Tağıyeva adına Xeyriyyə Fondu yaratdı. 1992-ci ilin ilk dövrlərindən artıq Fond xeyriyyəçilik tədbirlərinə başlamışdı. Hospitallarda yatan yaralı əsgərlərimizə, uşaq və qocalar evlərinə, imkansız və binəsib insanlara ianə verən Sara Tağıyeva Fondunun xeyriyyəçilik tədbirləri ilə Səfiyyə xanım babası Hacı Zeynalabdinin ənənəsini yaşadırdı.

Səfiyyə xanım 2005-ci ildə dünyasını dəyişib. Elə həmin ərazidə yaşayan qonşulardan eşitdiyimiz qədərilə Tofiq Abdullayev də qonum-qonşulara əl tutan, yardım edən insandır. Tofiq bəy özü bu barədə danışmaqda ehtiyat etsə də, bildirdi ki, imkanı çatdığı qədər o da insanlara kömək etməyə çalışır:

“Bu  haqda mən yox, qonşular danışsa,  daha yaxşı olar. Hər halda əlimdən gəldiyi qədər kömək etməyə çalışıram. Məsələn, qonşuluqda bir qadın var, gözü görmürdü, ona kömək etməyə çalışmışam. Digər qonşular da var, hansı ki nəyə gücüm çatıbsa, kömək etmişəm. Bacardığım, imkanım olan qədər çalışıram, yardım edim”.

Tağıyev Azərbaycanı çox sevirdi. Millətçi adam idi:

“O vaxt ona Şəmsi  Əsədullayev, Murtuza Muxtarov deyirdilər ki, pulunu İsveçrə bankına yatırt. O da cavabında deyirdi ki, mən pulu Azərbaycanda qazanmışam. Mənim orada bankım var və pullarım orda qalacaq. Tağıyev millətçi adam idi. Bilirsiniz ki,  Azərbaycan Tarix muzeyi də Tağıyevin evi olub. Onunla üzbəüz  binada indiki Beynəlxalq Bankın binasında Tağıyevin bankı yerləşirdi. Pullarını orda saxlayırdı.

 

O, insanları, xalqını düşünürdü. Əvvəllər qadınlar üzü açıq həkim yanına gedə bilmirdilər. Onda Tağıyev qərar almışdı ki, qadınlar ali təhsil almalıdılar.

O, nə qədər oğlanı o vaxt xaricə oxumağa göndərirdi, bir şərtlə ki, geri dönsünlər. Həmin gənclər Hacıya deyirlərmiş ki, biz ali təhsilli, Avropa görmüş gənclər təhsilsiz qızlarla necə yola gedə bilərik… Tağıyev də qızlar gimnaziyasını yaratmışdı. Bu müsəlman aləmində bir yenilik idi. Çünki o zamanlar heç bir müsəlman ölkəsində belə bir şey yox idi”.

O, sözlərinə onu da əlavə elədi ki, indi ölkədə vəziyyət çox fərqlidir. O vaxt Tağıyev gəncləri geri dönmək şərti ilə xaricə oxumağa göndərirdi, indikilər isə Azərbaycanda yaşamaq istəmirlər:

“İndi isə Azərbaycanda vəziyyət başqadır. Tağıyev o vaxt savadlı kadr yetişdirmək üçün gəncləri xaricə göndərərdi ki, təhsil alsınlar, ölkə üçün faydalı olsunlar. Bu gün savadlı gənclərimiz hamısı ölkədən çıxıb getmək istəyirlər. İndi ölkədə heç  iş də yoxdur, gənclər üçün ölkədə şərait də yaratmırlar. Ali təhsilli gənclər 2 diplomla işsiz qalırlar”.

Tofiq müəllim bildirdi ki, ölkədəki səhiyyə sistemi də ürəkaçan vəziyyətdə deyil. O, özü uzun illər, diş həkimi kimi çalışıb, yoldaşı Leyla xanım da 5 nömrəli xəstəxanada ginekoloq işləyib:

“4 il bundan qabaq gözüm Bakıda əməliyyat olunub. Amma həkimlərimiz uğurlu əməliyyat etməyib. Gərək ya Almaniyaya gedərdim, ya da İsrailə. Söz vermişdilər ki, yaxşı olacaq, amma daha da pis oldu. Göz üçün lazım olan linzanı da  1500 manata almışam. Onda hələ dollar. 1 manat 78 qəpik idi”. (red-gülür).

Tofiq müəllim bildirdi ki, Eldar və Müslüm adlarında iki övladı var. Birinin 38, digərinin isə 45 yaşı var. İkisi də Türkmənistanda yaşayır. Yalnız, yaydan yaya Azərbaycana gəlirlər. Övladları Türkmənistanda tikinti kampaniyasında çalışırlar.

Yaxınlıqda Tağıyevin xarabalığa çevrilmiş bağ evi yerləşir. Tofiq bəy deyir ki, bu barədə o da müəyyən addımlar atıb, amma cəhdləri cavabsız qaldığından əlindən etməyə  heç bir şey gəlmir:

“Mən evin təmiri ilə bağlı bir dəfə Bakı Şəhər İcra Hakimiyyətinə məktub yazmışdım. Lakin cavab ala bilmədim. Ondan sonra da heç yerə yazmadım. Bir dəfə də bu haqda mədəniyyət naziri ilə əlaqə saxlamışam. Mənə bildirdi ki, restavrasiya etmək üçün büdcədə kifayət qədər pul yoxdur. Onlar da istəyirlər ki, Tağıyevin köşkünü muzeyə çevirsinlər. Dəfələrlə bura gəliblər, danışıqlar aparıblar.

Hətta bura Tağıyevin  bağ evinin restavrasiyası ilə əlaqədar  Azərbaycan Memarlıq və İnşaat Universitetindən də  gənc tələbə qızlar gəlmişdilər. Onlar özləri ilə layihə yazıb gətirmişdilər. Mən də onlara izah elədim ki, bu mənlik məsələ deyil. Mən təkbaşına bunu həll edə bilmərəm. Bu dövlət səviyyəsində məsələdir. Bağ evini  təmir etmək üçün gərək burdakı qaçqınları evlə təmin etsinlər”.

Söhbət əsnasında Tofiq müəllimə bildirdik ki, o ərazidə yaşayan qaçqınlar da hazırkı yaşayışlarından şikayətçidirlər:

“Bilirsinizmi, düzü, mənim üçün fərqi yoxdur, o evdə qaçqınlar yaşayırlar, ya yaşamırlar. Onlar artıq uzun illərdir, o ərazidə məskən qurublar. Hamısının da böyük, işli-güclü uşaqları var. Neçə illərdir, yaşayırlar, amma öz yaşadıqları evi birləşib təmir eləmirlər.

Hazırda yaşadığım ev Heydər Əliyevin tapşırığı ilə bizə bağışlanılıb. Burada əvvəl Məşədi Əzizbəyovun nəvəsi Püstəxanım Əzizbəyova yaşayırdı. Ev tamamilə təmirsiz idi. Öz hesabıma evi təmir elədim. Mən uzun illər diş həkimi işləmişəm. Dövlət tərəfindən əlavə heç bir kömək görməmişəm. Nə etmişəmsə, bu günə kimi hamısını özüm etmişəm”.

Elə söhbətin davamı kimi o, bizi evindəki şəxsi kabinetini görməyə dəvət etdi. Tofiq müəllim  yazı masasının üstündəki  “Lenin qramotunu”  göstərərək zarafatla:

“Görün, necə gülməlidir. Tağıyevin nəticəsinə “Lenin qramotu” veriblər (Red-gülür). Bu qramotu mənə gənclik illərimdə yaxşı həkim olduğum üçün vermişdilər. Sadəcə maraq üçün indiyə kimi hələ də saxlayıram”.

Maraqlıdır ki, Tofiq müəllim Azərbaycan dilində nə danışa bilir, nə də başa düşə bilir:

“Mən Ukraynada, Lvovda doğulmuşam. Orada Azərbaycan dilində heç kim danışmırdı, ancaq rus dilində danışırdılar. Təəssüf ki, mənim Azərbaycan dilini öyrənməyə şəraitim olmayıb”.

1941-ci ildə Səfiyyə xanımı yanında 3 uşaqla  Azərbaycandan  deportasiya ediblər. Maraqlıdır ki, Tağıyevə görə yox… Səfiyyə xanımın atası Zeynalbəy Selimxanov da öz dövrünün sayılmış-seçilmiş imkanlı adamlardan biri olub. O, həmçinin savadlı, ziyalı şəxs idi. O dövrdə Bakıda 132 nömrəli məktəbdə rus dili müəllimi işləyirdi.

Tofiq müəllimin sözlərinə görə, bir gün o, bulvarda yoldaşları ilə oturub söhbətləşərkən maaşın aşağı olmasından narazılıq edib. Yanındakı adamlardan biri onun bu sözlərini  KQB-yə xəbərləyib. 3 gündən sonra Zeynalbəy Səlimxanovu KQB-nin zirzəmisinə salıblar. Daha sonra da Astraxan vilayətinə sürgün ediblər.

Neçə vaxtdan sonra Tofiq Abdullayev babasının ölümünü  araşdırmaq üçün bu barədə Astraxana  iki dəfə məktub göndərib. Amma bir cavab gəlməyib. Mənə dedilər ki, baban  Zeynalbəy Səlimxanovu axtarmağa dəyməz, onu dənizdə batırıblar.

Tofiq bəy deyir ki, sonralar  KQB-dən Minəxanım adlı tanışı ona bildirib ki, babasının izinə düşməkdən əl çəksin. Çünki o vaxt  Astraxanda sürgündə kimlər var idisə, hamını dənizdə batırıblar.

Tofiq müəllim  babasının cəsədini tapa bilməsə də, sonralar “Pirhəsən” qəbiristanlığında Tağıyevin, Sara xanımın yanında Zeynalbəy Səlimxanovun qəbirdaşını  qoydurub.

Vaxtsız gələn qonaq kimi biz də düşündük ki, maraqlı, səmimi söhbətlərin ardından sağollaşmaq vaxtı gəlib çatıb. Tofiq müəllim “nə zaman istəsəniz, evimin qapıları sizə açıqdır” deyərək bizi qarşıladığı kimi də yola saldı.

Leyla Əfqan

Fotolar: Elgün Əli

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər