Hansı banklar istehlak krediti verir? - ŞƏRTLƏR

1076

2018-ci il iyulun 1-nə bank və maliyyə-kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 12 mln. 105 min 600 manat təşkil edib. Kreditlərin 7 mln. 425 min 400 manatı milli valyutada, 4 mln. 680 min 200 manatı xarici valyutada verilib.

Oxu.Az xəbər verir ki, may ayı ilə müqayisədə iyun ayında kreditlərin həcmi 161 milyon manat artıb.

İlin əvvəli ilə müqayisədə isə banklar kreditləşməni 450 milyon manat çoxaldıb. Sual yaradan məqam bankların bu krediti hansı sahəyə yönəltməsidir.

Mərkəzi Bankın statistikası göstərir ki, verilmiş kreditlərin 39,9 faizi ev təsərrüfatlarının payına düşüb. Yəni banklar altı ayda 4 mln. 824 min 200 manat istehlak krediti veriblər. Bu, bankların kreditləşmədə əvvəlki illərdə olduğu kimi, istehlak kreditlərinə üstünlük verdiklərini göstərir.

Qeyd edək ki, “Moody`s” beynəlxalq reytinq agentliyi də Azərbaycanın bank sektoru üzrə qiymətləndirməsində 2018-ci ildə bankların məcmu kredit portfelinin əhaliyə verilən kreditlərin həcminin artması hesabına 5-10% artacağını göstərib.

O ki qaldı kreditlərin şərtləri və bankların tələblərinə, müraciət etdiyimiz maliyyə qurumlarından aşağıdakı cavabları aldıq.

“AGBank”: Proses dayandırılıb

Bankdan bildirildi ki, maliyyə qurumu heç bir sahə üzrə kredit vermir.

“AccessBank”: Altı ay işləməlisən 

Məlum oldu ki, bu bankdan kredit almaq üçün minimum altı ay işləməlisən və rəsmi əməkhaqqın 208 manat olmalıdır. Bu halda bank müştəriyə illik 25%-lə minimum 500, maksimum 30 min manat kredit verə bilər. Kreditin müddəti çox olduqda isə fazilər 21% qədər azalır.

“Amrahbank”: Bizdə kampaniyadır

Bu bankdan bildirdilər ki, hazırda istehlak kreditlərinə kampaniyadır. Belə ki, krediti 3-6 ay müddətinə götürənlərin borclarına faizlər 20%-dən hesablanır. Kreditin maksimum məbləği 3 min manatdır. Borcdan 1 faiz komissiya tutulur.

Şərtlərə gəlincə, kredit əldə etmək istəyən müştəri şəxsiyyət vəsiqəsi, iş yerindən arayış, son bir ildə maaş kartından (bankdan) çıxarışla bank filiallarına müraciət etməlidir.

Ən bahalı kredit “Bank of Baku”da

Riteyl bankçılıqda məşhur olan bu bankın istehlak kreditləri üzrə faziləri 27-29% təşkil edir. Bank krediti manatla, təkcə rəsmi işdə işləyənlərə verir. Kreditdən 2% komissiya da tutur.

O ki qaldı məbləğə, əməliyyatçı bildirdi ki, kreditin məbləği müştərinin tarixçəsi, kənar banklardakı borclarının qiymətləndirməsi nəticəsində müəyyən edilir.

“Bank Respublika”: İş yerindən elektron arayışsız olmaz

Bu bankda istehlak kreditlərinin minimum məbləği 500 manat, maksimum məbləği 10 min manat təşkil edir. Kreditin müddəti 6-36 ay, illik faiz dərəcəsi 23-28% təqdim olunur. Bank krediti ancaq iş yerindən elektron arayış və şəxsiyyəti təsdiq edən sənəd təqdim edənlərə verir.

“Bank VTB” (Azərbaycan): Bir zamin lazımdır

Bank minimum 300, maksimum 10 min manat məbləğində istehlak krediti verir. 3500 manatdan yuxarı məbləğə zamin tələb edir.

Bu arada, bankın kreditləşməsi heç də bütün regionları əhatə etmir. Əgər rayon vətəndaşı bu bankdan kredit almaq istəyirsə, mütləq şəkildə zamini olmalıdır. Və bu zamin Bakı, Xırdalan və ya Sumqayıt şəhərində yerləşən daşınmaz əmlakının çıxarışını təqdim etməlidir.

“AFB Bank”: Aylıq gəlirin üç mislinədək

Burada istehlak krediti almaq üçün minimal maaş təyin olunmur. Aylıq gəlirin üç mislinədək, 5000-dən çox olmamaqla kredit verilir. Borcalan və zaminin iş stajı ən azı altı ay olmalıdır. Kreditdən 1% komissiya çıxılır.

“Expressbank”: Minimum 173 manat əməkhaqqı 

Bank əməkhaqqı minimum 173 manat olan borcalanların müraciətinə müsbət rəy verir. Kreditin məbləği isə 200 manatdan 20 min manata qədər, komissiya 1%, illik faiz dərəcəsi 20-29 %-dir.

“Kapital Bank”: Maaş kartı vacibdir 

Maaş kartı bu bankdan olan müştərilərə, eləcə də, qeyri-müştərilərə kredit verir. Kreditin şərtlərinə gəlincə, bunu  müştəri bankın filiallarından öyrənə bilir.

“Ziraat Bank Azerbaycan”: Yüksək gəlirli müştərilərlə işləyir 

Bankın kredit şərtləri ancaq yüksək maaş alanlar üçündür. Çünki bankdan kredit almaq üçün borcalan minimum 1500 manat rəsmi əməkhaqqı almalıdır. Bundan sonra kreditin məbləği və faizlər müəyyən edilir.

“Yapı Kredi Bank Azərbaycan”: Altı aydan 36 aya qədər

Manatla kreditlər minimum 300 manatdan başlayır. Yüksələn məbləğ isə müştərinin gəlirlərinə uyğun müəyyən edilir.

Borcalan krediti altı aydan 36 aya qədər götürə bilər. Kredit üzrə illik faizlər 24% təşkil edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər