Hansı fakt Müdafiə Nazirliyi ilə Tağıyev Bələdiyyəsini qarşı-qarşıya qoyub?

1256

 

Təhlükə: Tağıyev qəsəbəsində bəzi evlər hərbi sursat qalıqlarının üzərində tikilir

Zaman-zaman vətəndaşlara saxta və ya tamamilə leqallaşdırılmamış torpaq sənədlərinin verilməsinin problemlər yaradıcağı gözlənilən idi. Budur, bu məzmunlu məhkəmə çəkişmələri, məhkəmədən kənar qalmaqallar adi hala çevrilməkdədir.

Sumqayıt da eyni problemdən xali deyil. Bu motivli ən ciddi hadisə bu yaxınlarda gündəmə oturdu. Məsələnin təfərrüatları Şəhər icra hakimiyyəti başçısı Eldar Əzizovun Tağıyev qəsəbəsində, Şirvan yaşayış massivində keçirdiyi «Açıq mikrofon» vaxtı üzə çıxdı.

Sakinlərdən biri Tağıyev Bələdiyyəsinin sədri Arif Qafarovun saxta sənədlər verməklə torpaq satdığını başçının diqqətinə çatdırdı. E.Əzizov isə yerindəcə şəhər Prokurorluğuna məsələni araşdırmaqla bağlı tapşırıq verdi.

Məsələ ilə bağlı apardığımız araşdırmalar zamanı məlum oldu ki, H.Z.Tağıyev qəsəbəsi ərazisində Müdafiə Nazirliyinin balansında olan xeyli ərazi var. Yerli Bələdiyyə tərəfindən son 10 il ərzində əhaliyə verilən torpaqların bir hissəsi də məhz Nazirliyə aid olan ərazilərdir. «168 saat»a daxil olan məlumata görə bu ərazilərdə müxtəlif dövrlərdən qalma kifayət qədər hərbi sursat, mərmi və qalıqları vardır ki, tikililərin bəziləri də həmin ərazilərdə tikilib. Dəfələrlə H.Z.Tağıyev qəsəbəsindən hərbi mərmilərin aşkarlanması da faktın doğruluğuna inandırır. Yerli Bələdiyyənin bu əriziləri əhaliyə satması, vətəndaşların burda yaşayış evləri tikməsi isə xüsusilə təhlükəlidir. Sirr deyil ki, bu cür sursatlar uzun illər aktivliyini qoruyur və adi bir təsirdən partlaya bilir. Digər bir tərəfdən isə bu sursatlar kimyəvi baxımdan zərərlidir.

Məsələ ilə bağlı başqa bir problem isə bu torpaqların Müdafiə Nazirliyinin balansında olmasından qaynaqlanır. Nazirlik bu əraziləri fərdi yaşayış evlərinin tikintisi üçün satılmanın, gec-tez necə deyərlər, «hesabını sora bilər».

Mövzu ilə bağlı bizi məlumatlandıran mənbə bildirir ki, adətən torpaqların sənədləşdirilməsi bu cür aparılır: «Bələdiyyələr əhaliyə «Yaşıl vəsiqə» adlanan sənəd verir ki, guya vətəndaş burada 10 ildir ki, əkinçiliklə məşğuldur. Müəyyən dövrdən sonra bu torpaq əkinçilik üçün yararsız vəziyyətə düşdüyündən vətəndaşın onu başqa cür istifadə etmək üçün sənədləşdirmək hüququ yaranır. Beləliklə, 598 manat dövlət rüsumunu ödəməklə vətəndaş torpağı özününküləşdirir. Təbii ki, ondan buna görə 598 manat yox, daha artıq pul alınır».

 

Bələdiyyə sədrini nə gözləyir?

Qeyd etdiyimiz kimi bələdiyyə sədrinin fəaliyyəti ilə əlaqədar səsləndirilən fikirlərlə bağlı araşdırma aparılması üçün şəhər icra hakimiyyətinin başçısının xüsusi tapşırığı olub.

Tapşırığa uyğun olaraq şəhər prokurorluğunda H.Z.Tağıyev qəsəbə Bələdiyyəsinin fəaliyyəti ilə əlaqədar araşdırmalara başlanılıb.

Məsələ ilə bağlı bələdiyyə sədri Arif Qafarovun öz mövqeyi də maraqlıdır. «168 saat»a açıqlamasında A.Qafarov bildirib ki, Prokurorluğun araşdırması ona qarşı səsləndirilən fikirlərin böhtan xarakterli olduğunu üzə çıxarıb. Sitat: «Prokurorluqda bu məsələ ilə bağlı araşdırma aparıldı, bütün faktlar yoxlanıldı və məlum oldu ki, vətəndaşın mənim ünvanıma «Açıq mikrofon»da səsləndirdiyi fikirlər böhtandır. O adam özü 2005-ci ildən başqasına aid olan tikilinin zəbt etmək istəyir. Məhkəmə qərar çıxarıb ki, bu tikili Süleyman Cəfərova məxsusdur və bizi qanunsuz sənəd verməkdə ittiham edən Xanəli adlı vətəndaşın həmin yerə etdiyi iddia tamamilə əsassızdır. Prokurorluğun araşdırması göstərdi ki, onun mənim fəaliyyətimlə bağlı səsləndirdiyi fikirlər də böhtan xarakterlidi. «Açıq mikrofon»da da o, içkili vəziyyətdə olub. Çalışırıq ki, qəsəbimizi abadlaşdıraq, şəhər icra hakimiyyəti başçısı cənab Eldar Əzizovun tapşırıqlarını lazımınca yerinə yetirək».

Bu, A.Qafarovla bizim ilk söhbətimizin təfərrüatları idi.

Maraqlıdır ki, Bələdiyyə sədri daha bir neçə məqamı dəqiqləşdirmək üçün etdiyimiz ikinci zəngə bir qədər emosional şəkildə bu cür cavab verdi: «Dedim ki, iş bağlanıb, araşdırma göstərib ki, deyilənlər böhtandır. Mənim prokurorluqla-zadla nə işim?! Soruşdunuz, mən də mövqeyimi bildirdim, vəssalam. Qəsəbə ərazisində böyük işlər görürük, bundan danışmaq lazımdır».

Göründüyü kimi, A.Qafarov prokurorluqda işin araşdırıldığını və bağlandığını bildirir. Ancaq Sumqayıt şəhər Prokurorluğundan faktı təsdiqləmirlər. Prokurorluqda işi araşdıran ədliyyə müşaviri Feyzulla Qasımov bildirdi ki, araşdırmalar hələ ki, sona çatmayıb: «Araşdırmalar davam edir. Toplanmış materiallar əsasında bir neçə günə obyektiv, ədalətli qərar qəbul ediləcək».

«168 saat»a daxil olan məlumata görə, prokurorluğun son qərarı məhkəmənin bundan öncə məsələ ilə bağlı çıxardığı qərarın təkrarı olacaq. Beləliklə, bu məsələ ilə bağlı H.Z.Tağıyev Bələdiyyəsinin sədri yəqin ki, rahat nəfəs ala bilər. Qalır Müdafiə Nazirliyi ilə mümkün qarşıdurmadan sığortalanmaq.

 

Vüsal Məmmədov, “168 saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər