Direktorunsa bu hadisədən xəbəri yoxdu
Sumqayıt şəhər məktəblərindən birində şagird müəllimi döyüb. Söhbət 21-ci mikrorayonda yerləşən 2 saylı məktəbdəki insidentdən gedir. Hadisə barədə redaksiyamıza məlumat verən mənbə bildirib ki, bu, həmin məktəbdə baş verən ilk hadisə deyil: «Bundan öncə də həmin məktəbdə, kollektivdə, eləcə də valideynlər və şagirdlərlə müəllimlər arasında insidentlər baş verib».
Məsələ ilə bağlı məktəbin direktoru Müqabil Abbasovla əlaqə saxladıq. Direktor faktın həqiqətə uyğun olmadığını bildirdi. Sitat: «Bizim məktəbdə elə bir hadisə baş verməyib. Ümumiyyətlə, heç vaxt məktəbimizdə ciddi bir insident yaşanmayıb. Müəllim və şagirdlərimizin polisə dəvət olunması ilə bağlı da bizdə heç bir informasiya yoxdur. Biz bu gün (söhbət 8 fevral tarixində olub – red.) polisi məktəbə dəvət etmişik, ancaq bu, şagirdlərlə profilaktik işin aparılması üçün edilib. Bu cür tədbirlər tez-tez olur».
Sumqayıt şəhər Polis İdarəsinin I Polis bölməsindən isə məktəbdə şagirdlə müəllim arasında insident baş verməsi faktı təsdiqləndi.
Hadisənin araşdırılması ilə məşğul olan polis baş leytenantı Ramin Əhmədov bildirdi ki, müəllimlə şagird arasında insident baş verib və hadisə ilə bağlı araşdırmalar aparılır: «Hər iki tərəf – həm müəllim, həm də şagird polisə zərərçəkən kimi müraciət edib. Hadisə ilə bağlı tərəflər və şahidlər dindirilib, araşdırmalar aparılır».
Xatırlatmaq yerinə düşür ki, bundan öncə Sumqayıt məktəblərindən birində müəllimin bir neçə şagirdi döyməsinin əks olunduğu videogörüntü «YouTube» və xəbər saytlarında yayılmış, hadisə ölkə miqyasında ciddi müzakirə mövzusuna çevrilmişdi.
“168saat” qəzeti