Hansını seçək: Özəl, yoxsa dövlət tibb müəssisələri?

1200

Hansına müraciət etməklə biz dərdimizə əlac tapacağımızdan əmin ola bilərik

Bazar iqtisadiyyatı dövründə yaşadığımızdan zaman keçdikcə təbii olaraq dövlət xəstəxanalarına nisbətən özəl klinikaların sayı artır və bu klinikalara tələb də çoxalır. Bir sıra insanların dövlət xəstəxanalarına müraciət etdiyi halda, bəziləri isə özəl klinikalara üz tutur. Maraqlıdır, görəsən, şəhərimizin sakinləri hansı tibb mərkəzini seçirlər: özəl, yoxsa dövlət. Seçərkən hansı prinsipləri əsas götürürlər? Bu sualla əvvəlcə şəhər sakinləri arasında kiçik bir sorğu apardıq:

 

Mətanət Kazımlı (27 yaş, Qaz İdarəsinin işçisi):

– Mən özəl tibb mərkəzini seçərdim. Özəl tibb müəssisəsinin, dövlət tibb müəssisəsindən fərqi ondadır ki, özəl klinikalar öz maliyyəsi hesabına yeni aparatlar alırlar və savadlı həkimləri işə qəbul edirlər.Onları hansısa xarici dövlətlərin birinə kursa göndərirlər. Bir sözlə, indiki zamanda insanlar daha çox özəl tibb müəssisələrinə müraciət edirlər.

 

Şamil Əhmədov (41 yaş, mühəndis):

– Mən özəl şirkətdə çalışdığım üçün sığorta olunmuşam. Ona görə də, xəstələnərkən özəl tibb müəssisəsinə gedirəm. Oradakı abu-hava, qarşılanma, xoş rəftar məni qane edir. Elə bil ki, həkimlər bizi öz doğması kimi qəbul edir. Avadanlıqlar isə müasirdi.

İndiki zamanda dövlət tibb müəssisələrinə yalnız əhalinin kasıb bir qismi gedir.

 

Əli Mirzəyev (22yaş, tələbə):

– Məncə, özəl klinikalar daha sərfəlidir. Müayinə və analizlər dəqiq olur. Bunun da səbəbi müasir aparatların olmasıdır. Bundan başqa özəl müəssisələrdə insana laqeyd yanaşmırlar.

Dövlət xəstəxanasında isə sanki minnətlə işləyirlər. Bu və digər məsələlərə görə özəl müəssisələrə üstünlük verirəm.

 

Təranə Bədəlova (37 yaş, evdar xanım):

– Mənə görə fərq etmir. Çünki dövlət tibb müəssisəsinə də müraciət edəndə müayinə üçün özəl klinikaya göndərirlər. Bununla da müəyyən faiz tuturlar. Hələ dərmanları demirəm…Həkim pul qazanmaq xatirinə xəstəyə təyinatı olmayan dərman yazır və bunun əvəzində dərman firmalarından müəyyən qanorar alır. Buna görə də, artıq xəstələr həkimə belə getmək istəmir. Çünki lazımsız reseptlərdən beziblər, elə mənim kimi…

 

Dilarə Qurbanova (36 yaş, müəllimə):

– Elə özəl klinikalar görmüşəm ki, ora insan sağlam girib xəstə çıxır. Buna görə də dövlət xəstəxanalarının həkimlərinə daha çox etibar edirəm.

 

Rahilə Bayramova (51 yaş, təqaüdçü):

– Mən, əsasən, dövlət xəstəxanalarının xidmətindən istifadə edirəm. Çünki qiymətləri münasib, cibimə uyğundur. Qaldı ki, özəl klinikalara, arada bir müraciət edirəm.

 

Bəs görəsən həkimlərimiz bu haqda nə düşünür? Bunu öyrənmək üçün bir neçə özəl və dövlət tibb müəssisəsinə baş çəkdik. Tibb mütəxəssislərinə bu sualla müraciət etdik:

 

Hansı daha etibarlıdır: özəl, yoxsa dövlət tibb müəssisələri?

 

 

Şahin Novruzov (Sumqayıt şəhər Bərpa Müalicəsi Xəstəxanası, həkim-cərrah):

– Dövlət tibb müəssisələrinin daha etibarlı olduğunu düşünürəm. Çünki özəl tibb müəssisəsi istənilən vaxt bankrot olub bağlana və ya şəxsi ədavət əsnasında uzun illər çalışan bir həkim qısa zamanda işdən xaric edilə bilər.
Amma xəstə üçün hansının etibarlı olduğunu düşünsək, mən özəl tibb müəssisə deyərdim. Çünki burada özəl tibb mərkəzi öz reytinqini qaldırmaq, prestijini artırmaq, xəstələri cəlb etmək üçün müalicəyə maksimum məsulliyətlə yanaşmağı öz həkimindən tələb edir. Amma ayrılıqda hər ikisinin də öz yeri var.

 

Natiq Qubadov (Şəhər Narkoloji Dispanserin narkoloq həkimi):

– İstər özəl olsun, istərsə də dövlət tibb müəssisəsi. Hamısı çoxlu pul qazanmaq istəyir. Amma, müalicə etmək yox. Bir də ki, yazılan dərmanlar keyfiyyətsiz olandan sonra heç birinin önəmi olmayacaq.

 

Ruslan Bağırov (4 saylı uşaq poliklinikası, həkim-pediatr):

– Fikrimcə, özəl klinikalar daha yaxşıdır. Şəraitinə və müasir müayinə üsullarına görə onlar daha da öndədirlər. Maddi tərəfinə baxsaq isə dövlət tibb müəssisələri yaxşıdır. Qaldı ki, orada çalışan həkimlərə hesab edirəm ki, bu məsələdə elə ciddi fərq yoxdur. Yəni dövlət müəssisələrində işləyən həkimlər günün digər hissəsini özəldə klinikalarda çalışırlar. Aparatda fərq olsa da, həkimlər eynidir.

 

Natəvan Kərimova (“Hippokrat” klinikasının baş həkimi):

– Klinikamız dövlət poliklinikalarından bir çox xüsusiyyətlərinə görə fərqlənir. Buna səbəb kimi şərait, xəstəyə münasibət və müasir avadanlıqlar  misal göstərilə bilər. Bizə müraciət edən pasiyentlərin hamısı həmişə buradakı şəraitdən razı qalıblar. Bizim klinikanın digər tibb müəssisələrindən fərqi ondadır ki, bizim klinikamızda müayinə zamanı müasir tibb aparatlarından istifadə olunur. Sumqayıtda yeganə tibb mərkəzidir ki, burada beynin funksiyasını yoxlamaq imkanı var. Şəhərimizdə bu cür müayinə heç bir digər klinikada yoxdur. Sinir sisitemi xəstəlikləri, nevrozlar, baş ağrıları, kəllədaxili təzyiq, travmalar, insultdan sonrakı vəziyyət, damar xəstəliklərinin müalicəsi və s. bu kimi xəstəliklər  zamanı pasiyentlərin çoxu bizim klinikaya müraciət edirlər.

Elmir Ağayev, “168 saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər