Hava pisləşəcək, qar yağacaq – iqlim dəyişikliyi, yoxsa…

801

Mütəxəssis: “İyunda da qar yağa bilər”

Türkiyə mətbuatının yazdığına görə, yaxın günlərdə İstanbulda hava şəraiti kəskin pisləşəcək, qar yağacaq. Əlverişsiz hava şəraiti səbəbindən “Turkish Airlines” aviaşirkəti İstanbulda martın 10-na planlaşdırılan 200-dən çox reysi ləğv edib. Bunun 71-i beynəlxalq reysdir. Təkcə Sabiha Gökçen Beynəlxalq Hava Limanında 20 daxili reys ləğv olunub. Türkiyədə başlayan qarlı hava şəraiti Azərbaycana gələcəkmi?

Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, Azərbaycanın rayonlarında martın 9-da günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 13-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. İkinci ongünlükdə ölkə ərazisində birinci ongünlüyə nisbətən hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı, temperatur rejiminin aşağı olacağı gözlənilir.

Təbiətin oyandığı dövrdə bu anomaliya hər hansı fəsadlara səbəb olacaqmı?

İqlimşünas Məhərrəm Mehdiyev “Yeni Müsavat”a bildirdi ki, ilk növbədə səbəblərə diqqət etmək lazımdır: “Hazırda iqlim dəyişikliyi çox sürətlə gedir. Atmosferdə karbon qazının, eyni zamanda istilik yaradan qazların artması iqlim dəyişikliyinin sürətlənməsinə təkan verir. Orta illik temperatur 1,5 dərəcə artıb. Belə davam etsə, 20 ildən sonra bu hədd 2 dərəcəni də keçəcək. O zaman atmosferdə və dünyada nə baş verə biləcəyini heç kim proqnozlaşdıra bilmir”.

Ekspert Azərbaycanda mart ayında kəskin havanın demək olar ki, müşahidə olunmadığını qeyd etdi: “Təxminən 1980-ci illərin əvvəlində güclü qar yağmışdı. Xatırlayıram ki, Neftçaladan Bakıya qayıtmalı idik. Kürdəmir yoluna çıxana qədər qar o qədər yağmışdı ki, avtobusumuz hərəkət edə bilmədi. O dərəcədə qar yağmışdı. Qar apreldə də yağa bilər, mayda da, hətta iyunda da. Qarın fəsadları miqdardan və s. asılıdır. Əgər tufan olacaqsa, ciddi fəsadlar olar bilər. Bu həftəki proqnoza gəlincə, o demək deyil ki, şaxta olacaq. Bir gündən, gün yarımdan sonra qar əriyib gedəcək”.

Torpaq fevral ayının 20-də oyanmağa başlayır. Mütəxəssislərin fikrincə, qarın yağması nə kənd təsərrüfatına, nə də insanlara mənfi təsir göstərməyək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər