Heç bir dövlət Azərbaycanın daxili işlərinə qarışa bilməz

463

Prezidenti İlham Əliyev 14 oktyabr tarixində MDB Dövlət Başçıları Şurasının Astanada keçirilən iclasında çıxışı zamanı regionumuzda baş verən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlar barədə ətraflı məlumat verib, bir sıra məqamlara bir daha aydınlıq gətirib. Dövlətimizin başçısı buradakı çıxşı ilə milli maraqlarımızı qətiyyətlə müdafiə etdiyini bir daha təsdiq etdi.

Prezident İlham Əliyev çıxışında Ermənistanın 30 illik işğalçılıq siyasətinin nəticələrindən danışıb və ərazilərimizin böyük miqyasda minalandığını xatırladıb.

Ölkə başçısı bildirib ki, 28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir. Bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi.

Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib.

Sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri Azərbaycana qarşı aparılan terrordur. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb.

Azərbaycan regionda sülhün təmin edilməsinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir. Bu baxımdan Praqada keçirilən görüş və onun nəticəsində qəbul edilən bəyanat sülhə doğru irəliləyiş kimi qiymətləndirilir. Lakin Praqa görüşündə iştirak edən Fransa prezidenti Emmanuel Makron bir həftə sonra Azərbaycan əleyhinə əsassız bəyanat verdi və bu, haqlı olaraq Azərbaycan ictimaiyyətində etiraza səbəb oldu.

Prezident İlham Əliyev çıxışında qeyd edib ki, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur. Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk Qrupunun xidmətinə heç bir ehtiyac yoxdur. Bundan sonra Fransa hökumətinin bu cür münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük. Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik.

Dövlətimizin başçısı Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edilməsini xatırladaraq bildirib ki, birinci hücumdan sonra Fransa Prezidenti vəd vermişdir ki, bunun təkrarlanmaması məqsədilə tədbir görüləcək. Lakin bu doğru olmadı. Birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə götürüldü. Mühafizə götürülən kimi ikinci basqın cəhdi oldu, təhqiramiz yazılar oldu, Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların izdihamı oldu. Bu, qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir.

 

Prezident İlham Əliyev keçmişə nəzər salaraq xatırladıb ki, 1990-cı illərdə erməni xüsusi xidmət orqanları tərəfindən 32 terror aktı – metroda, avtobuslarda, bərələrdə və qatarlarda partlayışlar törədilib. Bu terror aktları nəticəsində iki mindən çox dinc azərbaycanlı həlak olub.

Sonuncu təcavüz aktının, terrorun da – Azərbaycanın ABŞ-dakı səfirliyinin avtomobilinə odlu silahdan atəş açılmasının görüntüləri var. Biz ABŞ-ın, Fransanın və Azərbaycanın terrora məruz qala biləcək diplomatik missiyasının mövcud olduğu digər ölkələrin hökumətlərini məsuliyyətli olmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq. Heç bir şübhə yoxdur ki, terror və vandalizm aktları Ermənistan tərəfindən təşkil edilib.

Prezident çıxışında vurğulayıb ki, 2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edilib. Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirir, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir. Ermənistan Bəyanatın özünə aid hissəsini icra etmir. Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisində erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq. Qarabağ Azərbaycandır və Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Azərbaycan öz daxili məsələləri heç bir tərəflə müzakirə etməyəcək.

Beləliklə, Prezident İlham Əliyev MDB dövlət başçılarının sammitində bir daha bəyan etdi ki, heç kim Azərbaycanın daxili işlərinə qarışa bilməz. Azərbaycan öz daxili məsələlərini kənar tərəflərlə müzakirə etmir və etməyəcək.

Təbrik Quliyev,Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri,  Prezidentin fərdi təqaüdçüsü

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər