“Hədəfimiz Azərbaycan gənclərinin Avropa Gənclər proqramında iştiraka cəlb etməkdir”

725

“Sağlam Düşüncə” Gənclər Təşkilatı  bu istiqamətdə 2009-cu ildən müxtəlif layihələr icra edir. Təşkilatın üzvləri 2009-cu ildən Avropa Komissiyasının Gənclər Fəaliyyətdə proqramı çərçivəsində 20-dən çox ölkədə Azərbaycanı təmsil ediblər və bu ilin aprel ayında Avropa Könüllülük Xidməti (EVS) üzrə təşkilatımız Avropa Komissiyasından akkreditasiyadan keçib. Bu fəaliyyətləri genişləndirmək və proqram çərçivəsində Azərbaycanda layihələr həyata keçirmək üçün bu layihə çərçivəsində 3 proqram ölkəsinin (Polşa, Latviya, Böyük Britaniya) və proqramda fəal iştirakı ilə seçilən Qafqaz ölkəsi olan Gürcüstanın iştirakı ilə 6 günlük təcrübə mübadiləsi keçiriləcək.” Bu sözləri “Xəbərlə” informasiya portalına açıqlamasında  “Sağlam Düşüncə” Gənclər Təşkilatının beynəlxalq əlaqələr üzrə koordinatoru Könül Cəfərova deyib. Layihənin koordinatorluğunu həyata keçirəcək  K. Cəfərova layihə çərçivəsində yerli səviyyədə də fəaliyyətlər aparılacağını,  Bakıda və Sumqayıtda gənclərin Gənclər Fəaliyyətdə proqramında iştirakı ilə bağlı info-sessiyalar  təşkil ediləcəyini bildirib:

“Bu info-sessiyalar Azərbaycanda fəaliyyət göstərən multiplayerlər və Avropa Könüllülük Xidmətində olmuş gənclər tərəfindən aparılacaq. İnfo-sessiyalarda proqram çərçivəsində təşkil edilən layihələrdə iştirak etmək imkanları, Avropa Könüllülük xidmətinə necə qoşula biləcəkləri və sair imkanlar haqqında məlumatlanacaqlar. Bundan əlavə bununla bağlı təbliğat materialları poster və flaerlər də hazırlanacaq”.

Layihə koordinatoru təbliğat kampaniyasının proqram haqqında məlumatın geniş yayılmasına və gənclərin bu proqramda daha fəal iştirak etmələrinə yardımçı olacağını vurğulayıb. Onun sözlərinə görə, layihə çərçivəsində təşkil ediləcək  beynəlxalq təcrübə mübadiləsində Polşadan 3 nəfər, Böyük Britaniyadan 3 nəfər, Latviyadan 3 nəfər, Gürcüstandan 3 nəfər və Azərbaycandan isə 10 nəfər gənc iştirak edəcək. Azərbaycandan olan iştirakçılar bu sahədə uzun müddətli fəaliyyət göstərməkdə maraqlı olan gənclərdən müsabiqə yolu ilə seciləcək.

O, açıqlamasında layihənin yerli fəaliyyətlərində əsas hədəfinə də toxunub: “Hədəfimiz Azərbaycan gənclərinin Avropa Gənclər proqramında iştiraka cəlb etməkdir.  İngilis dilini bilən və Azərbaycanı xarici ölkələrdə təmsil emək potensialı olan gənclər layihənin yerli fəaliyyətlərinin hədəf qrupudur”.

K. Cəfərova qeyd edib ki,  Avropa Komissiyasının Gənclər Faəliyyətdə proqramının imkanlarından Azərbaycan gənclərinin maksimum istifadəsinə yardımçı olmaq layihənin əsas məqsədləri sırasındadır.

Gənclər Fəaliyyətdə proqramını haqqında geniş məluatlandırma kampaniyasi təşkil ediləcəyindən söz açan layihənin koordinatoru proqram çərçivəsində Azərbaycanda layihələrin icra edilməsi məqsədi ilə Azərbaycanın təbliğatının təşkil olunacağını, proqram ölkələrinin təşkilatları ilə əməkdaşlıq qurulacağını və təcrübə mübadiləsi aparılacağını da sözlərinə əlavə edib.

Xatırladaq ki, ötən gün Gənclər və İdman Nazirliyi 57 gənclər təşkilatının layihəsinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticlərini açıqlamışdı. “Sağlam Düşüncə” Gənclər Təşkilatının “Beynəlxalq gənclər mübadiləsində Azərbaycan gənclərinin iştirakının artırılması” layihəsi də müsabiqədə uğur qazananlar sırasındadır.

Ramil Zeynallı 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər