Həkimdən həyəcan TƏBİLİ: “COVID-19-a yoluxanların 30-40 %-də böyrək zədələnməsi müşahidə edilir” – MÜSAHİBƏ

1604

Bir ildən çoxdur ki, bütün dünya COVID-19 pandemiyası ilə mübarizə aparır. Koronavirus pandemiyası ilə mübarizədə qabaqlayıcı tədbirlər görən Azərbaycan digər ölkələrlə müqayisədə pandemiya dövrünü daha az itki ilə keçirir.

Təəssüf ki, pandemiyann ikinci, üçüncü dalğası gəlməkdədir. Bir çox ölkələrdə artıq COVID-19 infeksiyasının mutasiyaya uğramış variantlarına – “Britaniya ştammı”, “Hindistan ştammı”, eləcə də “Delta” və “Delta plus”a yoluxmalar qeydə alınıb. Virusun qeydə alınan variantlarına yoluxmalar isə kifayət qədər sürətlə gedir.

COVID-19 infeksiyasına yoluxanlar arasında yanaşı xəstəlikləri olan, xüsusilə də böyrək çatışmazlığından əziyyət çəkən insanlar da olub. Mövcud vəziyyətin daha da çətinləşməsi yanaşı xəstəlikləri olan insanları daha da təlaşlandırır.

Mövzu ilə əlaqədar suallarımızı həkim-nefroloq Mirmənsim Məmmədov cavablandırıb.

Mərkəzi Gömrük Hospitalının Efferent Terapiya şöbəsinin rəisi, nefroloq Mirmənsim Məmmədovun Oxu.az saytına müsahibəsini təqdim edirik:

– Həkim, öz sahəniz üzrə COVID-19 xəstələrində ən çox rast gəldiyiniz ağırlaşmalar hansılardır?

– Ümumi yanaşmada xroniki böyrək çatışmazlığı olan xəstələrdə digər xəstə qruplarında olan ağırlaşmalar görünür. Amma xəstəliyin seyretmə şəkli və sağalma müddəti bu tip xəstə qruplarında fərqlənir. Yəni, böyrək çatışmazlığı olan hər hansı bir xəstədə COVID-19, yaxud digər səbəbdən sepsis və digər ağırlaşmalar müşahidə edilərsə, həmin halda müalicənin aparılması çətinləşərək daha spesifik hala gəlir.

Əgər hər hansı xroniki böyrək çatışmazlığı olan xəstə daha öncə dializə girmədən dərman müalicəsi alaraq öz həyatına davam edirdisə, COVID-19 və ya digər infeksion xəstəliklər səbəbindən dializ almağa məcbur qalır.

– Orqan transplantasiyası olunmuş xəstələrdə COVID-19 xəstəliyi hansı şəkildə irəliləyirdi?

– Böyrək transplantasiyası olunmuş xəstələrdə COVID-19 infeksiyası zamanı müraciətlərdə ilkin günlərdə böyrək funksiyası testlərində ciddi dəyişiklik hiss edilmirdi. Xəstəliyin daha ağırlaşmış mərhələlərinə keçdikcə (sepsis, sitokin sırtınası və s) xəstələrin böyrək funksiyasını göstərən testlərin sürətli yüksəlməsini, hətta hemodializə ehtiyac olmasını müşahidə edirdik.

– Öz ixtisasınız üzrə COVID-19 xəstələrində ən çox rast gəldiyiniz ağırlaşmalar hansılardır?

– COVID-19 infeksiyası keçirən xəstələrdə və eyni zamanda reanimasiyada digər xəstəlik səbəbi ilə yatanlarda nefrolojik olaraq ən çox rast gəlinən ağırlaşma kəskin böyrək zədələnməsidir. Bu pandemiya dönəmində də bu tip ağırlaşmaları müşahidə etdik. Bunlardan bəzilərini dərman müalicəsi ilə, bəzilərini isə hemodializ və digər böyrək əvəzedici prosedurlarla həyata keçirdik.

– Efferent terapiya şöbəsində xəstələrə hansı metodla ilkin müdaxilə edilir?

– Nefrologiya ve efferent terapiya şöbəsi olaraq stasionarda və reanimasiyada yatan xəstələrdə böyrək funksional testlərində bir patolojik hal müşahidə edildikdə dərhal həmin xəstələr nəzarət altına götürülür, lazımı dərman və digər müalicələr təyin olunur.

– COVID-19 xəstələri ilə çalışdığınız dövrdə ortalama nə qədər xəstədə böyrək zədələnmələrinə rast gəlindi?

– Bu suala ümumi cavab verəcəm. Çünki, daxil olan xəstə çeşidi fərqlidir. Daha öncə böyrək çatışmazlığı olan və əvvəllər böyrək çatışmazlığı olmayan xəstələrdə fərqli statistik rəqəmlər meydana çıxır. Amma daha öncə böyrək çatışmazlığı olmayan və COVID-19 infeksiyası ilə daxil olan xəstələrdə 30-40 % böyrək zədələnməsi müşahidə etdik.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər