Həkimlərin əməkhaqlarına əlavələrin ödənilməsi qaydaları hazırlanıb

1180

İcbari tibbi sığorta sistemi tətbiq edildikdən sonra həkimlərin əməkhaqlarına ediləcək əlavələrin hesablanması və ödənilməsi qaydaları hazırda müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Bunu özəl olaraq Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq. Həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq: “Birinci hissədə həkimin aldığı aylıq məvacib artacaq və bu, sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq”.

V.Qurbanov qeyd edib ki, “Pilot layihə çərçivəsində həkimlərin, orta və kiçik tibb işçilərinin (heyətinin) əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi” Qaydalarına uyğun olaraq, hazırda pilot ərazilərdəki müəssisələrdə çalışan həkimlər, orta və kiçik tibb işçiləri vahid tarif cədvəlinə uyğun olaraq əməkhaqları alırlar. Bununla yanaşı, pilot layihə müddətində həkimlərin göstərdikləri tibbi xidmətlər müqabilində əməkhaqlarına stimullaşdırıcı əlavələr, orta və kiçik tibb işçilərinin əməkhaqlarına isə sabit əlavələr tətbiq edilir.

Agentlik rəsmisi bildirib ki, 2020-ci ildən etibarən tibb müəssisələrində 20 keyfiyyət standartının tətbiq edilməsi nəzərdə tutulub. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayı artırılacaq. Bununla yanaşı, səhiyyə göstəricilərinin izlənilməsi və əhalinin sağlamlıq durumunun öyrənilməsi məqsədilə ilkin mərhələdə 16 indikatorun tətbiqi planlaşdırılıb. İndikatorlar səhiyyə xərclərinin analizi, maliyyə dayanıqlılığı, doğum və ölüm göstəriciləri və tibbi xidmətlərdən istifadə üzrə statistik məlumatları izləyəcək.

Departament rəhbəri əlavə edib ki, əhalinin sistem çərçivəsində istifadə edəcəyi xidmətlər toplusu (xidmətlər zərfi) da müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər