Sumqayıt – 70
O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər isə görkəmli energetikin 100 illik yubileyidir
Həmid Müfid-zadə ağır müharibə ilindən – 1943-cü ildən başlayaraq, öz mənalı həyatının 50 ildən çoxunu Azərbaycan energetikasının inkişafına, ölkənin sənaye kompleksinin, şəhər və və kəndlərimizin elektrik enerjisi ilə fasiləsiz olaraq təchizatına həsr etmiş, respublikamızın Bakı (Suraxanı), Gəncə və Sumqayıt kimi iri sənaye şəhərlərinin elektrik şəbəkələrinə uğurla rəhbərlik edərək, vətənin iqtisadi qüdrətinin artmasına mühüm töhfələr vermişdir. Bütün ömrünün mənasını xalqa ləyaqətlə, sədaqətlə xidmətdə görən, daim ölkənin hər bir istehsalat sahəsində etibarlı elektrik təminatının olması, hər bir evdə işıq sevincinin yaşanması üçün gecəli-gündüzlü səylə, fədakarlıqlaçalışmış bu görkəmli energetikin 100 illik yubileyi ərəfəsində onu hörmətlə, minnətdarlıqla xatırlamaq bugünkü və gələcək nəsillər üçün böyük şərəfdir.
…Həmid Miryusif oğlu Müfid-zadə Azərbaycan Demokratik Respublikası dövründə – 1919-cu ilin 26 mayında qədim Ordubad şəhərində dünyaya gəlmişdi. Böyük Şərqin çoxəsrlik tarixə malik olan, öz məişəti və milli arxitekturası ilə dünyanın bir çox görkəmli şəxsiyyətlərini, o cümlədən məşhur fransız yazıçısı Aleksandr Dümanı valeh etmiş bu şəhərdə böyüyən Həmid 15 yaşında – 1934-cü ildə 7 illik məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək, yaxşı bir sənət sahibi olmaq arzusu ilə Gəncə şəhərindəki Sənaye politexnikumunun dağ-mədən şöbəsinə qəbul olunur. Lakin bir müddət sonra həmin şöbənin Bakı Sənaye texnikumuna verilməsi qrup yoldaşları kimi onun da öz təhsilini paytaxt mühitində davam etdirməsinə səbəb olaraq, arzularının gerçəkləşməsinin, gələcək həyat yolunun müəyyənləşməsinin, böyük uğurlarının ilk təməlini qoyur.
1939-cu ildə texnikumu bitirən Həmid Müfid-zadə sonralar AZİ kimi tanınan Azərbaycan Dövlət Sənaye İnstitutunun energetika fakültəsinin qiyabi şöbəsinə daxil olur. Elə həmin ildə o vaxtkı “Azərenerji” Baş İdarəsinin K.Marks adına Elektrik Şəbəkələri İdarəsində texnik vəzifəsinə qəbul edilən gənc Həmid sonralar – 1942-ci ilədək Əzizbəyov rayonunun elektrik şəbəkəsində növbətçi dispetçer vəzifəsində çalışır.
1942-ci ilin avqustunda Stalinqradın başı üstünü qara buludlar alanda – Sovet rəhbərinin adını daşıyan həmin şəhər uğrunda qanlı döyüşlər, ölüm-dirim müharibəsi başlayanda Həmid də cəbhəyə yollanmalı olur və Şimali Qafqazdakı 319-cu diviziyanın 1341-ci atıcılıq alayının tərkibində döyüşlərə atılır. 2-ci batalyonun tank əleyhinə tağım komandiri kimi yerlə göyün tüstü-alova qərq olduğu ağır döyüşlərdə iştirak edərək, düşmənə qarşı mətinliklə, mərdliklə vuruşur. Döyüşlərin birində çox ağır yaralanır və qospitalda 3 ay müalicə aldıqdan sonra həkimlər Həmidin daha döyüşlərdə iştirak edə bilməyəcəyi qənaətinə gələrək, onun ordudan tərxis olunmasına qərar verməli olurlar.
Özündən kiçik qardaşı, indi Azərbaycanın Xalq rəssamı olan Cəmil Müfid-zadənin xatırladığına görə, döyüşçü Həmid cəbhədən Ordubada qoltuq ağaclarında, lakin sinəsindəki döyüş orden-medalları ilə dönmüşdü. Onun qəlpə yarası almış dizi hələ müharibə başa çatdıqdan sonra da – 50-ci illərə kimi də ona əziyyət verir, qatlanmırdı.
Bədənindəki qəlpə yaraları onu incidib-ağrıtsa da, möhkəm iradəyə malik olan Həmid yarımçıq qoyduğu ali təhsilini və işini davam etdirmək üçün bir aydan sonra Bakıya gəlir. Onu Suraxanı şəbəkə rayonunda növbətçi mühəndis kimi işə götürürlər. 1944-cü ildə ali təhsilini başa vuran Həmid Müfid-zadənin məhz elmi biliyi, praktik təcrübəsi və çalışqanlığı nəzərə alınaraq, 1946-cı ildə ona – 27 yaşlı gənc energetikə baş mühəndis vəzifəsi etibar edilir. Yeni vəzifəsi ilə bağlı yaşadığı evə birbaşa əlaqə telefonu da qoyulur. Gecənin istənilən vaxtında şəbəkədən ona zənglər olar, vəziyyət barədə məlumat verilər, ondan lazımi məsləhət və tapşırıqlar alınardı. Hər hansı bir hadisə, qəza baş verdikdə isə onun dalınca xidməti maşın göndərilər, hətta qarlı qış günü, gecə yarısı olsa da belə, Həmid tələm-tələsik hadisə yerinə yollanardı. Bəzən gecəki hansısa texniki qəzadan sonra evə yalnız hər şey yoluna qoyulduqdan sonra, səhərə yaxın, yorğun-arğın dönsə də, bir-iki saatlığa gözünün acısını alaraq, yenə də iş yerinə, narahat gecədən sonra onu gözləyən iş yoldaşlarının yanına tələsərdi.
Seçdiyi peşəyə ürəklə bağlanaraq, can yandırmasının, gecə-gündüz elmi-texniki ədəbiyyatları oxuyaraq, biliyini daim artırmasının, fədakar işinin nəticəsi idi ki, Həmid Müfid-zadə baş mühəndis kimi cəmi iki il səmərəli fəaliyyət göstərdikdənsonra – 1948-ci ildə (çox gənc vaxtında – 29 yaşında ikən!) Suraxanı rayonunun elektrik şəbəkəsinin rəisi vəzifəsinə təyin olunur. Bu, Azərbaycana Mircəfər Bağırovun rəhbərlik etdiyi elə bir dövr idi ki, bir-iki neft quyusuna verilən elektrik enerjisinin kəsilməsinə görə şəbəkənin “birinci şəxs”i kimi nəinki vəzifə ilə, hətta həyatla da xudahafizləşmək istisna deyildi. Çox ağır, məşəqqətli müharibədən çıxmış, şəhərləri, kəndləri dağıdılmış SSRİ-nin, onun rəhbərliyinin qəti, sərt tələbi belə idi. Ancaq işində hər zaman son dərəcə diqqətli, məsuliyyətli olan, çalışdığı neft rayonunda elektrik şəbəkəsinin fəaliyyətini səmərəli qurmağı bacaran Həmid Müfid-zadə özünün yüksək peşəkarlığı, qazandığı zəngin praktik təcrübə sayəsində düz 10 il – 1948-ci ildən 1958-ci ilə qədər Suraxanı kimi mürəkkəb sənaye rayonunda elektrik şəbəkəsinin rəisi vəzifəsində uğurla fəaliyyət göstərmişdi.
Həmid müəllim sonralar Gəncə, Mingəçevir, Daşkəsən, Yevlax, Şəki, Zaqatala, Qax və Balakən rayonlarını əhatə edən Qərb Elektrik Şəbəkəsinin, 1963-cü ilin yanvarından isə “Azərkəndenerji” Baş İdarəsinin rəisi vəzifələrində çalışır. Və hər iki sahədə ona göstərilən etimadı layiqincə doğruldur.
Təsadüfi deyildi ki, çalışdığı bütün sahələrdə nəinki məsuliyyətli olan, həm də sənətindən-peşəsindən böyük zövq alan bu istedadlı, əməksevər, yenilikçi energetik Qərb Elektrik Şəbəkəsində cəmi iki il səmərəli fəaliyyət göstərdikdən sonra – 1960-cı il mayın 28-də (Həmid müəllimin Ad günündən iki gün sonra. Bu, həm çox gözəl bir təsadüf, həm də tanınmış bir energetik kimi ona göstərilən xüsusi diqqət və qayğının ifadəsi də ola bilərdi) yüksək fəxri ada – “Azərbaycanın Əməkdar mühəndisi” adına layiq görülmüşdü. Bu, həqiqətən vətən, xalq yolunda gecə-gündüz, yorulmaq bilmədən çalışan 41 yaşlı energetikin əməyinə, istedadına verilən layiqli qiymət, böyük dəyər idi.
İlk yarım il ərzində onun “Azərkəndenerji” sistemində kollektivlə birgə əldə etdiyi nailiyyətlər də yüksək qiymətləndirildi və o, həmin ilin iyulundaca “Azərenerji” Baş İdarəsinin Kollegiya üzvü seçilərək, bütün müşavirə və tədbirlərdə “yuxarı başda” – rəyasət heyətində əyləşərək, respublikada enerji təchizatı məsələlərinin mövcud vəziyyətinin və perspektivinin müzakirəsində fəal iştirak edirdi. Həmin müşavirələrdə Həmid müəllimin respublikada energetikanın inkişafına, müəssisələrdə enerji məsrəflərinin azaldılmasına və s. yönəlmiş nüfuzlu, peşəkarlıqla söylənən fikirləri, rasional təklif və rəyləri rəğbətlə qarşılanırdı.
…Həmid müəllim 1964-cü ildə Azərbaycanın ən böyük sənaye şəhəri olan Sumqayıtın Elektrik Şəbəkəsinə direktor təyin edilir. Əslində o vaxta kimi Sumqayıtda ayrıca bir qurum, struktur kimi belə bir elektrik şəbəkəsi mövcud deyildi, yalnız Binəqədi (keçmiş Kirov) rayon şəbəkəsinin 70-80 nəfər işçisi olan kiçik bir sahəsi (“uçastok”u) fəaliyyət göstərirdi. Həmin qüvvə ilə sənaye gücü ildən-ilə artan, yeni mikrorayon və məhəllələri ilə genişlənməkdə, böyüməkdə olan Sumqayıtın enerji təchizatında etibarlılığı təmin etmək bir-çox çətinliklərlə başa gəlirdi. Odur ki, bu böyük sənaye şəhərində Elektrik şəbəkəsinin yaradılması və formalaşdırılması işinə rəhbərlik bu sahədə artıq kifayət qədər təcrübəsi olan Həmid Müfid-zadəyə tapşırılmışdı. Həmişə çətin işdən yapışaraq, onun öhdəsindən məharətlə, yaradıcılıqla gəlməyi bacaran Həmid müəllimin yeni vəzifəyə təyin olunması onun həyatında yeni mərhələ açdı. Burda əli-qolu çırmalayıb, gərgin və səmərəli işləmək üçün böyük imkanlar vardı.
Gənclik şəhərinin qaynar, dinamik istehsalat ritmi sanki onun da həyat ahəngini gücləndirdi, rövnəqləndirdi. Və o, Sumqaıtda daha böyük həvəslə, əzmlə, əsl gənclik eşqi ilə çalışmalı oldu. Əslində onu buna həm də şəhərin sənaye kompleksinin sürətli inkişafından, bir-birinin ardınca yeni müəssisə və istehsalatların işə salınmasından doğan fərəh, yeni mikrorayon və məhəllələrin salınması sövq edirdi.
Sumqayıtlılar yaxşı xatırlayırlar ki, Həmid müəllimin elektrik şəbəkəsinə rəhbərlik etdiyi dövrdə şəhərdə sosial-mədəni obyektlərin, yaşayış sahələrinin elektrik enerjisi ilə təchiz edilməsində heç bir ciddi problem olmurdu. Onun Sumqayıtdakı fəaliyyəti dövründə şəbəkə üzrə səmərəliliyin artmasına xidmət edən bir-çox mühüm yeniliklər tətbiq edilmiş, şəbəkənin texniki bazası gücləndirilmiş, bu iri sənaye şəhəri üçün böyük əhəmiyyət kəsb edən 220 kilovoltluq Yaşma yarımstansiyası, sonra isə daha bir-neçə yarımstansiya, transformator və s. quraşdırılıb istifadəyə verilmişdi. Şəbəkə üzrə işin həcminin genişlənməsi ilə əlaqədar xeyli fəhlə və mütəxəssis işə götürülmüş, işçilərin ümumi sayı üç dəfə artırılaraq, 250-yə çatdırılmışdı.
Vaxtilə – hələ Azərbaycan Neft və Kimya İnstitutunun tələbəsi ikən Həmid müəllimin rəhbərliyi ilə yenicə qurulmaqda olan Sumqayıt Elektrik şəbəkəsində praktikada olan, sonralar elmi fəaliyyətlə məşğul olaraq, texnika elmləri doktoru elmi dərəcəsinə, “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş akademik Arif Həşimov öz praktika rəhbərini hörmətlə xatırlayaraq, deyir:
– Tələbə olsam da, məni energetika sahəsinin gələcək mütəxəssisi kimi yeni yaradılmaqda olan şəbəkədə aparılan işlər çox maraqlandırırdı. Mən zahirən çox ciddi, zəhmli görünən, əslində isə tabeleyində olan işçilərlə dost-yoldaş kimi, çox mehriban davranan Həmid müəllimin öz sakit, təmkinli təbiəti, səmimiliyi və işgüzarlığı ilə kollektivdə necə böyük hörmət-nüfuz qazanmasının, sənətini-peşəsini necə yüksək səviyyədə bilməsinin, sevməsinin, yüksək təşkilatçılıq qabiliyyətinin hər gün şahidi olurdum. O, öz rəis vəzifəsini nəzərə çarpdırmadan, lakin çox bacarıqla, uğurla yerinə yetirirdi. Həmid müəllim bürokratlıqdan, amiranəlikdən, rəsmiçilikdən tamamilə uzaq bir adam idi. Ona görə də adi fəhlənin də onunla görüşüb, söhbət etməsi, dərdini-problemini danışması maneəsiz, normal bir hal idi. O, tabelyində olanları hansısa bir problem və ya məişət qayğısı ilə bağlı səbrlə, diqqətlə dinləyər və maksimum kömək etməyə çalışardı. İstehsalatla əlaqədar müəyyən çətinlik ortaya çıxardısa, hansısa sahə ustası çətinliklə üzləşərdisə, Həmid müəllim işçiləri başına yığıb məsələni araşdırar və kağız üzərində müəyyən sxemlər çəkərək, müvafiq məsləhət, istiqamət verib problemin asanlıqla həllinə nail olardı. Elə anlarda mən Həmid müəllimə xoş bir həsədlə baxar, nə zamansa özüm də onun kimi bacarıqlı və işgüzar,işçilərlə münasibətdə onun kimi sadə və səmimi olmağı düşünürdüm. Yəni ki, Həmid müəllim o qədər gözəl insan idi ki, yalnız mən yox, çoxları onunla təmasda olmaqdan, onun məsləhət və tapşırıqlarına əməl etməkdən bir məmnunluq hissi keçirirdi. Həmid müəllim böyükdən kiçiyə hamı üçün bir nümunə, insanlıq etalonu idi. Və onun öz işinə və əhatəsində olan adamlara xoş münasibəti sonrakı mühəndis-energetik həyatımda mühüm rol oynayaraq, mənə çox böyük nümunə oldu.
…Bəli, Həmid müəllim bacarıqlı, zəngin təcrübəli bir rəhbər işçi olmaqla yanaşı həm də ətrafında və tabeliyində olanlara qarşı çox qayğıkeş, həssas və diqqətli bir insan olub. İlk baxışda simasından sərtlik, ciddilik yağan, rəsmi təsir bağışlayan bu ağır təbiətli adam əslində olduqca sadə və səmimi, mehriban və xeyirxah idi. Bunu vaxtilə onunla birgə, tabeliyində işləmiş iş yoldaşları, ötən dövrün gənc mütəxəssisləri olmuş bugünkü davamçıları – Həmid müəllimdən sonra Sumqayıt Elektrik Şəbəkəsinə rəhbərlik etmiş texnika elmləri namizədləri İslam İslamov, Xəndan Əhmədov, həmçinin “Azərenerji”nin keçmiş baş mühəndisi Xalid İsmayılov, elə orada İdarə rəisi olmuş Hacımahmud Abdullayev və digərləri də təsdiq edirlər. Onun sonralar Sumqayıtda keçirilən xatirə yubileylərində dəfələrlə qeyd edilmişdir ki, Həmid müəllim kollektivdə hamıya diqqət və qayğı ilə yanaşardı. Gənc mütəxəssisləri işə qəbul edərkən hökmən onların ailə vəziyyətini, məişət şəraitini öyrənər, yaşayış yeri olmayanların yataqxanada yerlə təmin olunması qayğısına qalar və işə qəbul edildikdən sonra da yeri düşdükcə onların vəziyyəti, dolanışığı ilə maraqlanardı.
Həmid müəllim gənclərin yaxşı mütəxəssis kimi yetişməsi, gələcəyin istehsalat “komandirləri” ola bilməsi üçün hər cür şərait yaradar, onlardan məsləhət və qayğısını əsirgəməzdi. Bir dəfə həmin gənclərdən birinə demişdi: “Yaxşı, bacarıqlı mütəxəssis olmaq istəyirsənsə, məsləhət görürəm ki, əməliyyat işindən başlayasan. Ona görə də səni gənc bir mühəndis kimi yeni tikdiyimiz Yaşma yarımstansiyasına növbətçi mühəndis göndərirəm. Hazırda orda quraşdırma və sazlama işləri aparılır. İşi ordan başlasan yaxşıdır. Həm ayrı-ayrı sxemləri, həm ikinci kommutasiyanı, həm də digər prosesləri öyrənmək üçün bu sənin üçün çox faydalı olar”.
Həmin gənc – H.Abdullayev sonralar “Azərenerji”nin İdarə rəisi vəzifəsinədək yüksəlmişdi. Həmid müəllimin insanlığının, qayğıkeşliyinin, səmimiyyətinin nümunəsi olan bu cür xeyli sayda misallar, faktlar göstərmək olar.
Həmid Müfid-zadə Sumqayıtda 15 illik səmərəli fəaliyyətindən sonra 1988-ci ilədək yenidən “Azərenerji” Baş İdarəsində məsul vəzifələrdə işləmişdi. Vaxtilə Bakıda çalışraq, neft rayonlarının ahəngdar işinin təmin edilməsində mühüm xidmətlərinə görə respublikanın o zaman məşhur neft sənayesi və hökümət rəhbərləri olan Ənvər Əlixanov, Süleyman Vəzirov və Əli Əmirov ona dəfələrlə təşəkkür və təbrik məktubları göndərmişdilər.
…Bugünlər görkəmli energetik, Azərbaycanın Əməkdar mühəndisi, vətənə və xalqa həm bir əsgər, döyüşçü, həm də istedadlı, zəngin təcrübəli mütəxəssis kimi çoxillik fəaliyyətinə, ən başlıcası – sədaqətli xidmətə görə I dərəcəli “Vətən müharibəsi” ordeni, “1941-45-ci illərdə Almaniya üzərində qələbəyə görə”, “Rəşadətli əməyə görə”, “Əməkdə fərqlənməyə görə” və s. medallarla təltif edilmiş unudulmaz insan Həmid Müfid-zadənin 100 illik yubileyi yaxınlaşır. Onun xatirəsi sənət davamçıları olan həmkarları, dost-tanışlar üçün daim əzizdir. O, bu gün yüzlərlə gənc energetikin, doğmalarının, dostlarının, ilk növbədə isə ev-eşik, oğul-uçaq, ad-san sahibi olmuş dörd övladının qəlblərində xoş xatirələrlə yaşayır. Və çox yaxşı ki, Həmid müəllimin oğlu Röfət Müfid-zadə də atasının yolunu davam etdirərək, Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir və ARDNŞ-də çalışır, texnika elmləri namizədi, respublikanın Əməkdar Mədəniyyət işçisidir. Qızı Lətafət xanım Müfid-zadə də “Əməkdar Mədəniyyət işçisi” fəxri adını daşıyır, istedadlı musiqiçidir, Bülbül adına Sumqayıt Uşaq İncəsənət məktəbinin direktoru kimi istedadlı gənc musiqiçilərin yetişməsində mühüm xidmətləri vardır.
Oğlu Röfət Müfid-zadə xatırlayır ki, atası Həmid müəllim bacarıqlı istehsalat rəhbəri olmaqla yanaşı həm də gözəl ailə başçısı, qayğıkeş, sevimli bir ata idi. İşinin son dərəcə gərgin olmasına baxmayaraq, həmişə övladlarının təhsili ilə maraqlanar, Röfətlə şahmat oynamaqdan, qızı Lətafətin pianoda Azərbaycanın və dünya klassiklərinin musiqi əsərlərindən gözəl nümunələr ifa etməsindən böyük həzz alardı.
…İllər ötdü, zaman dəyişdi, ancaq bir vaxtlar ölkəmizin hər yerində – Bakıda, Gəncədə, Mingəçevirdə, Sumqayıtda enerji təchizatı uğurla təmin edilmiş sənaye müəssisələrinin həm dünənki, həm də bugünkü inkişafında, nailiyyətlərində Həmid müəllimin də yeri görünməkdədir. Azərbaycanın həmin iri şəhərləri ilə yanaşı respublikamızın bütün kənd rayonlarında – Şəkidə, Göyçayda, Qubada, Qəbələdə, Qazaxda, Lənkəranda və s. ucqar dağ kəndlərində də Həmid müəllimin qəlbinin odunu, işığını verdiyi minlərlə evin pəncərələrindən bu gün də onun bəxş etdiyi işıq seli süzülür. O gözəl, nurlu insanın heç vaxt sönməyəcək işığı, nuru!
Rəhman ORXAN, Əməkdar jurnalist