Həmrəylik günü necə yarandı?

2550

Dekabrın 31-i artıq 21 ildir ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, Ordubaddan Şərura qədər tikanlı məftilləri qırıb dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edib və bu günün dövlət səviyyəsində bayram günü elan olunması üçün Azərbaycan Ali Soveti qarşısında məsələ qaldırıb.

 

1992-ci ildə Azərbaycan parlamenti 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edib. O vaxtdan bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq bayram edilir.

Əziz sumqayıtlılar, sizləri Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edir,  hər birinizə şəxsi həyatınızda və işlərinizdə uğurlar və həmrəylik arzu edirik.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər