“Həmsədrlərin mövqeyi belədir ki, konkret ərazilər qaytarılmalıdır…”

1031

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində işğal edilmiş konkret rayonların Azərbaycana qaytarılması məsələsi həmişə danışıqların predmeti olub. ATƏT-in Minsk qrupunun bütün həmsədr ölkələri də həmin ərazilərin qaytarılmasının zəruri olduğu düşüncəsindədirlər.

Ermənistanın ikinci prezidenti Robert Koçaryan ABŞ-ın Yerevandakı səfiri Riçard Millsin öz vəzifə səlahiyyətlərini başa vurmazdan əvvəl Qarabağ münaqişəsilə bağlı verdiyi bəyanatı şərh edərkən belə deyib.

Xəbər verildiyi kimi amerikalı səfir bildirib ki, “işğal edilmiş ərazilərin konkret hissələri Azərbaycana qaytarılmadan Qarabağ münaqişəsi həll oluna bilməz. Məni təəccübləndirən odur ki, rastlaşdığım ermənilərin əksəriyyəti danışıqların predmeti kimi işğal olunmuş torpaqların geri qaytarılmasına qarşı çıxırlar. Ermənistanda münaqişənin nizamlanmasına aparacaq mümkün güzəştlər barədə ümumiyyətlə heç bir müzakirə getmir. ABŞ hökuməti artıq uzun illərdir əmindir ki, həmin ərazilər gələcəkdə “sülh əvəzinə ərazilər” formulunun istifadəsi üçün işğal olunub”.

Koçaryanın fikrincə, ABŞ səfirinin bu bəyanatı onun şəxsi fikri və mövqeyi deyil. Onun sözlərinə görə, ABŞ-ın Ermənistandakı növbəti səfiri də belə bəyanat verəcək.

“Bu həm də ABŞ Dövlət Departamentinin mövqeyidir. Və daha dəqiq desək, Minsk qrupunun bütün həmsədrlərinin mövqeyi belədir ki, konkret ərazilər danışıqların predmetidir və qaytarılmalıdır. Bu, reallıqdır. Ən azından, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin ərazilərlə bağlı fikri həmişə bu kontekstdə olub. Ümumi danışıqlar prosesinin məntiqi də bununla bağlıdır. Və hesab edirəm ki, bu cür yanaşma Ermənistan hakimiyyətinə bir çağırışdır. Yerevan öz mövqeyini dəqiqləşdirməlidir.”-Köçəryan erməni KİV-lərinə açıqlamasında deyib.

Koçaryana görə, erməni cəmiyyətində həqiqətən belə bir fikir formalaşıb ki, hansısa ərazini güzəştə getmək olmaz. “Bu o deməkdir ki, Ermənistan hakimiyyəti ya danışıqlar prosesinə tamamilə yenidən baxmalı, ya da elə bir həll formulu tapmalıdır ki, cəmiyyət tərəfindən də qəbuledici olsun. Lakin istənilən halda, şübhəsiz ki, nəticələrə görə Ermənistan hakimiyyəti məsuliyyət daşıyacaq.”

Sabiq prezident onu da vurğulayıb ki, hakimiyyətin “Qarabağın razılaşdığı istənilən həll variantına hazırıq” tezisinə qayıtması olduqca təhlükəlidir. Çünki bu cür yanaşma ATƏT-in 1996-cı il Lissabon sammitinin qətnaməsi ilə nəticələndi ki, bu da Ermənistan üçün son dərəcə əlverişsiz oldu.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər