Təhsil Nazirliyi Quba rayonuna mediatur təşkil edib.
“Report”un əməkdaşının da iştirak etdiyi tədbir çərçivəsində jurnalistlər ilk olaraq şəhid İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində fəaliyyət göstərən İcma əsaslı Uşaq Təhsil Mərkəzinə baş çəkiblər.
Media nümayəndələri mərkəzdə keçirilən məşğələləri, həmçinin müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan və həvəsləndirmə tədbirləri çərçivəsində burada çalışan müəllimlərin dərslərini izləyiblər.
Məqsəd şəffaflıq və hesabatlılığın təmin olunmasıdı
Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin meneceri İlahə Rəsulova bildirib ki, əsas məqsəd icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakını təmin etmək, bununla da şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.
O qeyd edib ki, layihə ötən ilin oktyabr ayından başlayıb və müddəti 30 aydır: “Layihə çərçivəsində bölgələrdəki ucqar kəndlərdə və sərhəd zonası da daxil olmaqla ümumilikdə 50 İcma əsaslı Məktəbəqədər Təhsil Mərkəzi fəaliyyət göstərir. İcma əsaslı Uşaq Təhsil mərkəzləri 10 rayonu – Ağcabədi, Biləsuvar, Cəlilabad, Goranboy, Masallı, Sabirabad, Salyan, Şəmkir, Quba və Xaçmazı əhatə edir. Hər mərkəzdə orta hesabla 20 nəfər 3-4 yaşlı uşaq olmaqla ümumilikdə 1000 nəfərə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib”.
Avropa İttifaqının nümayəndəsi əlavə edib ki, gələcəkdə valideynlərdən müəyyən məbləğdə ödənişlər alına bilər: “Çünki layihənin davam etməsi üçün maliyyəyə ehtiyac var”.
Nənənin sevinci
Layihə çərçivəsində uşaqlarla məşğul olmaq hüququ qazanan ibtidai sinif müəllimi Fidan Əliosmanova deyib ki, belə icmaların yaradılması həm müəllimlərin işlə təmin olunması, həm də uşaqların aktivliyi, gələcəkdə məktəbdə rahat ünsiyyəti, sinif şəraitində nizam-intizama əməl etməsi baxımından müsbət haldır. O söyləyib ki, layihəyə uyğun olaraq, mərkəzdə dərslər hər biri 2-2,5 saat olmaqla həftədə 4 dəfə təşkil olunur. Dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrup tərəfindən hazırlanmış proqram əsasında keçirilir.
Mərkəzdə olan 4 yaşlı Kərim Tapdıqovun nənəsi Rəhimə Tapdıqova layihənin məhz nəvəsinin oxuduğu məktəbdə həyata keçirilməsini alqışlayıb: “Bizim kənddə bağça olmadığından belə qrupun yaradılması nəvəm üçün məktəbə hazırlıq baxımından ilkin addımdır. Az müddət olmasına baxmayaraq, nəvəm artıq şeirlər deyir və saymağı bacarır”.
Qəçrəş kənd tam orta məktəbinin direktoru Həbib Hacıyev bildirib ki, bu vəzifəyə yeni təyinat alıb: “Direktorların işə qəbulu üzrə keçirilən müsabiqədə 38 bal toplamışam. 2006-cı ildən elə bu məktəbin ibtidai siniflərində dərs keçirəm. 2009-cu ildə məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunmuşam. Hazırda isə direktorluqla yanaşı, müəllimlik peşəsini də davam etdirirəm. Məktəbimiz 2006-cı ildə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında tikilib. Hazırda məktəbdə təhsil alan 409 şagirdin təlim-tərbiyəsi ilə 38 nəfər pedaqoji işçi məşğul olur. Məktəbəhazırlıq qruplarında isə 36 uşaq təhsil alır. Son illər məktəbimizin uğurları əvvəlki illərlə müqayisədə artıb. Hər il 10-dan artıq məzunumuz ali məktəblərə yüksək balla qəbul olurlar”.
Hər gün Sumqayıtdan Qubaya dərs deməyə gedir
Media nümayəndələri məktəbin gənc müəllimləri ilə də görüşüblər.
Qəçrəş kənd tam orta məktəbində dərs deyən alman dili müəllimi Maral Yusifova hazırda Azərbaycan Dillər Universitetində magistr təhsilini davam etdirir. O, hər gün yaşadığı Sumqayıt şəhərindən Qəçrəşə dərs deməyə gedir, oradan isə Bakıya gəlir. Bakıda magistr kimi dərslərini yekunlaşdırdıqdan sonra Sumqayıta qayıdır.
7-11-ci siniflərə dərs deyən M.Yusifova 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında 45 bal toplayaraq bu məktəbə təyinat alıb. Elə həmin il də magistraturaya qəbul olunub: “Sumqayıt şəhərində yaşayıram. Hər gün Sumqayıtdan səhər saat 5-də atam məni Qubaya gətirir və dərsim bitənə qədər gözləyir. İşimi yekunlaşdırdıqdan sonra Bakıya qayıdıb magistr təhsilimi alıram. Çətinliklərə baxmayaraq, sənətimi sevdiyim üçün bu iş məni daha da ruhlandırır. Məqsədim şagirdlərə alman dilini öyrətmək və onların dil bacarıqlarını inkişaf etdirməkdir. Şagirdlərim də dərsi yaxşı qavrayır”.
Bundan əvvəl də iş təcrübəsi olan 24 yaşlı gənc müəllimin 22 saat dərs yükü var və ayda 400 manat civarında əmək haqqı alır.
600 manat maaş
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin məzunu olan 24 yaşlı digər gənc müəllim Nigar Bəşirova 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında yüksək bal (52) toplayaraq bu məktəbi seçib. O qeyd edib ki, ucqar kəndlərdə gənc müəllimlərə daha çox ehtiyac var, çünki onlar getdikləri yerlərə yeni nəfəs gətirirlər: “Uşaqların uğurlarında az da olsa pay sahibi olmaq insana sevinc yaşadır”.
N.Bəşirova çalışdığı məktəbin adını daşıdığı Şahmərdanovlar ailəsində kirayə qalır. N.Bəşirova istər məktəbdə müəllim və şagirdlərin, istərsə də kənd sakinlərinin ona münasibətindən razılıq edir: “Hələ ki, bu məktəbdə pedaqoji fəaliyyətimi davam etdirmək niyyətindəyəm. Aldığım məvacib məni qane edir. Həvəsləndirmə ilə birlikdə təxminən 600 manata yaxın maaş alıram, 70 manat kirayə haqqı verirəm. Dərsdənkənar şagirdlərin bir neçəsini ali məktəbə hazırlaşdırıram və nəticələri də məni qane edir. Gələcəkdə isə magistr təhsili almaq istəyirəm”.
Məktəbin daha bir gənc müəlliməsi 44 bal toplayaraq şagirdlərə Biologiya fənnindən dərs deyən Gülər Abdullayevadır. Niyə məhz bu məktəbi seçməsinə aydınlıq gətirən sinif rəhbəri 23 yaşlı G.Abdullayeva qeyd edib ki, Qubada tədris mərkəzlərinin birində praktika keçərkən buranın təbiəti, insanları onun diqqətini çəkib və bu səbəbdən müəllimlərin işə qəbulu imtahanlarında ilk yerdə məhz bu məktəbi yazıb: “İki ildir pedaqoji fəaliyyətlə məşğul oluram və 24 saatlıq dərs yükü ilə 567 manat maaş alıram. IV qrupa imtahan vermək istəyən bir şagirdi hazırlaşdırıram. Magistr təhsilimi Türkiyədə almağı düşünürəm”.
Gənc müəllimlər və gələcəyə ümid
Jurnalistlər daha sonra 2-ci Nügədi kənd 3 nömrəli tam orta məktəbdə yaradılan İcma əsaslı Uşaq Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
1993-cü ildən bu məktəbdə Fizika müəllimi vəzifəsində çalışan Müşfiq Bilalov bu il direktorların işə qəbulu üzrə müsabiqənin I mərhələsində az bal topladığından bu vəzifə ona müvəqqəti həvalə olunub. Elə bu məktəbin məzunu olan M.Bilalov əsas hədəflərinin bu məktəbin ən yaxşıların sırasına düşmək olduğunu qeyd edib: “Bunun üçün də şagirdlərə savadlı müəllimlər dərs deməlidir. Ona görə də gənc kadrların işləmək üçün ucqar kəndlərə gəlməsi vacib amildir. Ötən ilin qəbul imtahanında 16 məzunumuzdan 4-ü ali təhsil müəssisəsinə qəbul olunub. Bu ilin göstəricilərinin daha yüksək olacağına əminəm”.
Mətbuat nümayəndələrinə məlumat verilib ki, 2-ci Nügədi kənd 3 nömrəli tam orta məktəb 1964-cü ildə yaradılıb, 2012-ci ildə məktəb üçün yeni bina tikilib. Hazırda məktəbdə 334 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 29 müəllim məşğul olur.
BDU-nun məzunu olan və bu il müəllimlərin işə qəbulu üzrə imtahanlarda 52 bal toplayan 23 yaşlı Kəmalə Fazilovaisə V-VI siniflərə dərs demək üçün Riyaziyyat müəllimi işləmək hüququ qazanıb. 10 saatlıq dərs yükü olan K.Fazilova aldığı 256 manat məvacibin onu qane etdiyini deyib. O, işindən çox razıdır.
22 yaşlı Arzu Məmmədova isə məktəbin gənc Kimya müəlliməsidir. 37 bal toplayan A.Məmmədova bundan əvvəl bir il Lerik rayonunda pedaqoji fəaliyyətlə məşğul olduğunu, daha sonra Qubaya gəldiyini bildirib. 7-ci sinifdən 11-ci siniflərə qədər dərs deyən müəllim 9 saatlıq dərs yükünün olduğunu, məktəbdə şagirdlərin kimya üzrə biliklərinə sıfırdan başladığını və az da olsa irəliləyişin olduğunu söyləyib.