Hər kəs öz karbon ayaq izini təmizləyərsə…

1431

 Karbon ayaq izi insan fəaliyyəti nəticəsində atmosferə yayılan istixana qazlarının karbon qazı ekvivalentində ölçüsüdür (ton CO2 / il). Yəni insan fəaliyyətinin ətraf mühitə vurduğu zərərin ölçüsüdür.

İstixana qazları Yer atmosferində ən çox istilik tutma potensialına malik olan qazlardır. Kioto Protokoluna əsasən diqqətə alınan istixana qazları karbon dioksid, metan, azot oksid, perfluorokarbon birləşmələri (PFC), hidrofluorokarbon birləşmələri (HFC) və kükürd heksafluoriddir. Bir hissəsi təbii vasitələrlə, bir hissəsi də insan fəaliyyəti nəticəsində yayılan bu qazlar yerdən əks olunan günəş şüalarını atmosferdə saxlayaraq istilik itkisinin qarşısını alır və bu proses istixana effekti adlanır.

Karbon ayaq izi 2 əsas hissədən ibarətdir: Birbaşa dolayı karbon ayaq izi.

Birbaşa karbon ayaq izi enerji istehlakı və nəqliyyat vasitələrinin istifadəsi daxil olmaqla fosil yanacaqlarının (kömür, neft, təbii qaz və s.) yanması nəticəsində birbaşa ətraf mühitə buraxılan CO2-nin miqdarıdır.

Dolayı karbon ayaq izi isə istifadə etdiyimiz məhsulların istehsalından tullantı halına gələnə kimi olan zaman aralığında ortaya çıxan CO2-nin miqdarıdır.

Atmosferdə karbon və metan qazlarının miqdarının artması yer səthinin temperaturunu yüksəldir. Temperaturun artması ilə yaşayış yerləri dəyişikliyə məruz qalan bir çox bitki və heyvanların sürətlə dəyişən şəraitə uyğunlaşa bilməyib məhv olması ekosistemin tarazlığını pozur. Eləcə də buzlaqların əriməsinə, iqlim dəyişikliyinə səbəb olur. Əvvəlki dövrlərdə də iqlim dəyişikliyi olmasına baxmayaraq keçən əsrin ortalarından bu günə kimi insanlar qlobal miqyasda dəyişikliklərə səbəb olacaq dərəcədə iqlim sisteminə təsir göstərmişlər.

İnsanların karbon ayaq izi

 Gündəlik fəaliyyətlərimizin çoxu düşündüyümüzdən daha çox CO2 əmələ gətirir və bu səbəbdən istifadə etdiyimiz məhsulların necə istehsal edildiyini, necə istifadə edəcəyimizi və bunların gündəlik həyatımıza necə təsir edəcəyini bilməyimiz yaşadığımız planetin yaşanılası bir yer olması üçün vacib məsələlərdəndir.

Sumqayıtda yaşayıb 5 günlük iş rejimi ilə Bakıda işləyən biri istifadə etdiyi nəqliyyat vasitələrinə görə 1 ildə ortalama 2.5 ton CO2 emissiyasına səbəb olur. 1 ton karbon qazı emissiyasının kompensasiyası 1 ildə 600 m2 ərazilik tropik meşələrin udduğu CO2 miqdarına ekvivalentdir.

Rəqəmsal karbon ayaq izi

Evdə səs olsun deyə açıq qalan bir televizorun bizə faydası sıfıra yaxın olsa da, istixana qazı emissiyasına verdiyi “töhfə” əvəzolunmazdır.

Səhər telefonun zəngli saatı ilə oyanıb axşam yatarkən yenidən zəngli saatı qurana kimi əlimizdən düşməyən telefonların 2 dəqiqəlik istifadəsi ildə 47 kq CO2 əmələ gətirir. “Statista” saytına əsasən 2021-ci il üçün smartfon istifadəçilərinin sayı 6 milyard 378 milyondursa, 2026-ci ildə bu göstəricinin 7 milyard 516 milyona kimi artacağı ehtimal olunur.

Bəs nə edək? Rəqəmsal həyatı bir kənara ataq?

Təbii ki, yox. “Axan bir çayın kənarında olsanız belə israf etməyin” düşüncəsi ilə günlük həyatımızda ən qabaqcıl texnologiyalardan istifadə edəcəyik, ancaq israf etməyəcəyik.

  • İnternetdə hər hansı bir məlumatı axtarmadan əvvəl düşünmək. Bildiyimiz bir veb saytına birbaşa daxil olmayıb, axtarış sistemlərində axtardıqdan sonra bir neçə cəhdə sayta daxil olmaqdan qaçınmaq. Ecosia və Gexsi kimi axtarış sistemləri də gözəl bir alternativ seçimdir. Ecosia reklam gəlirlərinin 80%-ni meşələrin qorunması və bərpası üçün xərcləyir. Gexsi şirkəti isə sosial innovatorlara dəstək olur.
  • Bir-birinin eynisi olan onlarla şəkli bulud saxlama sistemində saxlamağımıza gərəkvarmı? Saxladığınız hər bir şəkil, video və fayl təhlükəsizlik səbəbiylə orada dəfələrlə saxlanılır və bu, hər dəfə enerji sərf edir. “Greenpeace” araşdırmasına görə, dünya miqyasında bulud saxlama sistemləri bütün Almaniyanın istifadə etdiyindən daha çox elektrik istehlak edir. Mütəmadi olaraq saxlama sistemində təmizləmə edərək və lazımsız fayları silərək enerjiyə qənaət etmiş Eləcə də fayllarımızı xarici yaddaş qurğularında saxlayaraq şəxsi məlumatlarımızın təhlükəsizliyini təmin etmiş oluruq.
  • Elektron yazışmalarımızda karbon ayaq izini unutmamaq. Elektron poçtunuzda gələnlər qutusuna düşən və ya saxlanılan hər bir elektron məktub elektrik enerjisi sərf edir. Bir spamortalama 0,3 qr CO2 emissiyasına səbəb olursa, bu göstərici normal bir elektron məktub üçün 4 qr-dır. Daha böyük fayl əlavə olunmuş məktub isə 50 qr CO2 miqdarına Köhnə, lazımsız məktubları silərək, elektron məktublarda lazımsız CC və BCC-lərdən istifadə etməyərək və oxumadığımız elektron jurnallara abunəlikdən çıxaraq ətraf mühitə vurduğumuz zərəri azaltmış olarıq.

Eləcə də:

  • Kompüterlər yuxu rejimində olsalar da enerji istehlak etməyə davam etdikləri üçün istifadə edilmədikdə kompüterimizi söndürə bilərik.
  • Sosial şəbəkələrdə saatlarca vaxt keçirdiyimiz zaman bunun sadəcə orqanizmimizə deyil,ətraf mühitə də zərərli olduğunu özümüzə xatırlada bilərik.

Korporativ karbon ayaq izi

 1988-ci ildən bəri dünyanın istixana qazı emissiyasının 70%-dən çoxunun (təxminən 1 trilyon ton) mənbəyi 100 şirkətdir. İlk onluqda Çinin, Hindistanın və Rusiyanın kömür istehsalı şirkətləri, Saudi Aramco, Gazprom, İran Milli Neft Şirkəti, Exxon Mobil, Petroleos Mexicanos

(Pemex), Royal Dutch Shell və Çin Milli Neft Şirkəti sıralanıb. BP və Chevron 11 və 12-ci yerlərdə qərarlaşarkən, Total 19-cu, Lukoyl 23-cü, Statoil 37-ci sıradadır. Ən sonuncu sıralarda isə 0,04 % istixana qazı emissiyası ilə İndoneziyanın Indika Energy şirkəti və ABŞ-ın Southwestern Energy şirkətidir.

Hazırda şirkətlər üçün ən önəmli məsələ iqlim dəyişikliyinin yaratdığı riskləri minimuma endirmək üçün keçid planının hazırlanması olmalıdır. 2015-ci il Paris Sazişinə əsasən hədəf qlobal orta temperatur artımını 2 °C-nin aşağı həddində saxlamaq və 1.5 °C ilə məhdudlaşdırmaqdır. Buna nail olmaq üçün 2030-cu ilə qədər istixana qazı tullantıları iki dəfə azalmalı və 2050-ci ilə qədər isə sıfıra enməlidir.

Korporativ karbon ayaq izi şirkətin fəaliyyət sahəsindəki bütün emissiyaları ehtiva edir. Bu o deməkdir ki, birbaşa emissiyalara əlavə olaraq bütün dolayı emissiyalar da daxildir. Korporativ karbon ayaq izinin hesablanması həm şirkətin şəffaf fəaliyyətini göstərir, həm tullantıların azaldılması üçün tədbirlərə imkan yaradır. Eləcə də iqlimlə əlaqəli risk və imkanların müəyyənləşdirilməsinində dəstəkləyici rol oynayır. Hesablama əsasən istixana qazı protokolu və ya ISO 14064 kimi müxtəlif standartlarla aparılır.

İnventarlaşdırma qurulduqdan sonra şirkətlər aşağıdakı addımlardan istifadə edərək istixana qazı emissiyalarını hesablaya bilərlər:

  1. İstixana qazı emissiyalarının mənbələrinin müəyyənləşdirilməsi
  2. İstixana qazı emissiyalarının hesablanması metodunun seçilməsi
  3. Fəaliyyət məlumatlarının toplanması və emissiya faktorlarının seçilməsi
  4. Hesablama vasitələrinin tətbiq edilməsi
  5. İstixana qazı emissiyası məlumatlarının korporativ səviyyədə toplanması

İstixana qazı emisiyalarının mənbələrinin müəyyənləşdirilməsi 4 kateqoriya üzrə aparılır:

  1. Stasionar yanma: qazanxana qurğularında, sobalarda, turbinlərdə, qızdırıcılarda, mühərriklərdə, məşəllərdə və s. yanacaqların yanması
  2. Mobil yanma: bütün nəqliyyat vasitələrində yanacaqların yanması
  3. Proses emissiyaları: fiziki və ya kimyəvi proseslərin emissiyaları
  4. Sızma emissiyaları: Avadanlıqlarda, qurğularda yaranan sızmalar

İstixana qazı emissiyalarının hesablanma metodları arasında ən geniş yayılmış olanı kütlə balansı və ya stokiometrik hesablamalar əsasında olan metoddur.

Hesablamalar 3 emissiya faktoruna əsasən aparılır: satın alınan kommersiya yanacaqlarının miqdarına əsasən, elektrik istehlakına əsasən, yanacaq istifadəsi və ya sərnişin kilometrinə əsasən.

Hesablama vasitələri 2 əsas kateqoriyadan ibarətdir:

  1. Fərqli sektorlara tətbiq oluna bilən sektorlararası vasitələr. Bunlara stasionar yanma, mobil yanma, soyuducu və kondisionerlərdə hidroftorkarbonların (HFC) istifadəsi
  2. Alüminium, dəmir, polad, sement, neft, qaz, kağız istehsalı kimi xüsusi sektorlarda emissiyaları hesablamaq üçün hazırlanmış sektora xas vasitələr.

Əksər şirkətlər bütün istixana qazı emissiyalarının mənbələrini əhatə etmək üçün birdən çox hesablama vasitəsindən istifadə etmələri lazımdır.

Ölkələrin karbon ayaq izi

 Karbon qazı emissiyasının miqdarının hesablanmasında ən geniş və əhatəli hesabat 2018- ci ildə açıqlanan “Gridded Global Model of City Footprints” (GGMCF) modelidir. ABŞ, Çin, İngiltərə, Norveç, İsveç, Yaponiya kimi dünyanın bir çox ölkələrindən olan elm adamları 13000- dən çox şəhər üzərində araşdırma aparılmış və karbon ayaq izinə, ölkəsinə, əhalisinə, adambaşına düşən emissiyalarına və ölkə daxilində sıralamasına görə ilk 500 şəhəri siyahıya almışlar.

İqtisadi cəhətdən ən böyük və ən çox istehlak edən şəhərlər bir çox kiçik ölkədən daha çox karbon qazı emissiyasına səbəb olurlar. Dünya əhalisinin yarısı şəhərlərdə yaşadığı halda, dünya karbon emissiyalarının 18%-i yalnız 100 şəhərin payına düşür.

Pandemiyanın yaratdığı tənəzzüldən sonra sürətli, lakin qeyri-bərabər iqtisadi canlanma təbii qaz, kömür və elektrik bazarlarında kəskin qiymət artımına səbəb olur. Bərpa olunan enerjinin əldə etdiyi bütün irəliləyişlərə baxmayaraq, 2021-ci ildə kömür və neft istifadəsində böyük bir irəliləyiş var. Bu da CO2 emissiyasının tarixdə illik ən böyük ikinci artımını göstərir.

Qlobal səviyyədə bərpa olunan enerji texnologiyaları elektrik enerjisindən qaynaqlanan emissiyanı azaltmağın açarıdır. Hidroenerji onilliklərdir ki, aşağı tullantıların başlıca mənbəyidir. Sıfır emissiya hədəfində külək və günəşin enerjisinin genişlənməsi 2030-cu ilə qədər bərpa olunan enerji istehsalını üç dəfə, 2050-ci ilə qədər isə səkkiz dəfədən çox artırır. Ümumilikdə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı 2020-ci il üçün olan 29%-dən 2030-cu ildə 60%-ə, 2050-ci ildə isə təxminən 90%-ə yüksəlir.

Sıfır emissiya hədəfi üçün enerji sektorunun bütünlüklə dəyişilməsi vətəndaşların fəal və istəkli iştirakı olmadan həyata keçirilə bilməz. Enerji ilə əlaqəli mal və xidmətlərə tələbatı irəli sürən insanlardır və şəxsi seçimləri enerji sisteminin düzgün şəkildə yönəldilməsində əsas rol oynayacaqdır.

Sıfır emissiya hədəfinə nail olmaq üçün insanların öz həyat tərzlərində dəyişiklik etməsi 3 kateqoriya üzrə həyata keçirilə bilər. Eləcə də dövlətlər vətəndaşları bu dəyişikliyin həyata keçirilməsi üçün motivasiya etməlidir.

  1. İsraf həddə istehlak olunan enerji istifadəsinin azaldılması. Buraya yaşayış yerlərində və yollarda istifadə olunan enerjinin azaldılması və eləcə də avtomobil yollarında sürət həddinin 100 km/saat ilə məhdudlaşdırılması
  2. Nəqliyyat rejiminin dəyişdirilməsi. Yüksək karbon ayaq izi olan nəqliyyat vasitələrinin daha aşağı və ya sıfır həddində olan vasitələrlə əvəz olunması. Bunun üçün velosiped zolaqları və sürətli dəmir yolu şəbəkələrinin qurulması düzgün siyasət və yüksək keyfiyyətli şəhər planlaması ilə həyata keçirilə bilər.
  3. Material səmərəliliyinin artırılması. Bu kateqoriyaya materiallara tələbatın azaldılması, təkrar emal, binaların və nəqliyyat vasitələrinin dizayn və tikintisinin təkmilləşdirilməsi

Beynəlxalq Enerji Agentliyinin “Net Zero by 2050” hesabatında sıfır emissiya hədəfi üçün enerji sektorunda tətbiq edilə biləcək məsələlərdən bir neçəsi yuxarıdakı bəndlərdə qeyd olunub. Ancaqbu hesabatı diqqətlə nəzərdən keçirdiyimizdə mövcud şərtlər daxilində tətbiq olunması qeyri-mümkün olan məsələlərin də olduğunu görə bilərik. Hesabata əsasən, “2021-ci ildən etibarən neft, təbii qaz və kömür yataqlarında bütün kəşfiyyat işləri dayandırılmalı və kəşf edilən, lakin hasilat işləri başlanılmayan yataqların işlənilməsindən imtina edilməlidir”. Belə bir təklifi hansı neft istehsal edən ölkə qəbul edə bilər?

İqlim dəyişikliyi ilə mübarizə üçün ən önəmli məsələ ədalətli və tətbiq oluna bilən bir mübarizə üsulu ilə hədəfə çatmaqdır.

Nizami Piriyev,  TESPAM Azərbaycan Koordinatoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər