Bütün dünya koronvirus pandemiyası ilə mübarizə apararkən, dəhşətli xəbərlər durmadan gəlməkdə davam edir. İndiyə qədər dünyada 110 mindən çox insanın ölümünə səbəb olan virusa ümumilikdə 1 milyon 700 mindən çox insan yoluxub. Pandemiyanın yeni episentrinə çevrilmiş Nyu-Yorkda ölənlərin sayı günü-gündən artır, tibbi avadanlıqların çatışmazlığı da tibb işçiləri üçün böyük çətinliklər yaradır.
Virtualaz.org xəbər verir ki, Nyu-Yorkda koronaviruslu xəstələrin saxlandığı xəstəxananın reanimasiya şöbəsində çalışan 35 yaşlı tibb bacısı Dneil Şmall sosial şəbəkədə göz yaşları içərisində viruslu xəstələrin necə həyat uğrunda mübarizə aparmaları, ölümlə çarpışmalarını dilə gətirib. Tibb bacısı müalicə müddətində yaşadığı çətinliklər, hər xəstənin otağına girəndə onun öldüyünü görməkdən yorulduğunu bildirir.
Koronavirus pandemiyası ilə mübarizənin ön cəbhələrində çalışan tibb bacısı hər gün xəstələri ilə vidalaşması və həmin anları izah edərkən göz yaşlarına boğulduğunu sosial media hesabında bölüşüb. Dneil Şmall martın 30-da koronavirus epidemiyasının qlobal mərkəzinə çevrilən Nyu-Yorka köçüb və o vaxtdan bəri COVID-19 xəstələrinin müalicəsində iştirak edir.
“Otağa girib xəstələrimin öldüyünü görməkdən çox yoruldum. Hər otağa girəndə cansız bədənləri, cəsədləri görürsən. O insanların ailələrini axtarıb kədərimi bildirməkdən bezdim. Bu müddətdə həm də həmkarlarım öldü və bunu görməkdən də yoruldum”, – tibb bacısı deyir.
D.Şmall bildirir ki, insanlar onların işinin nə qədər ağır olduğunu başa düşmürlər.
“Anam heç vaxt Los-Ancelesdən Nyu-Yorka gəlməyimi istəmirdi. Mən də anama və ya bacıma zəng edə biləcəyimi düşünmürəm, çünki onları narahat etmək və kədərləndirmək istəmirəm. İşin kədərli tərəfi odur ki, heç kimin qayğı göstərməsini hiss etmirəm. Sanki heç kim bizim nə hiss etməyimizə əhəmiyyət vermir, çünki bu bizim işimizdir, bunu etməliyik. Hər kəsə uğurlar arzu edirəm. Düşünürəm ki, birləşsək hamımız uğur qazana bilərik”, – tibb bacısı göz yaşları içərisində bildirib.