Ötən il Sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü siyasi iradəsi, qətiyyəti və müzəffər ordumuzun rəşadəti sayəsində Azərbaycanın möhtəşəm Qələbəsi ilə nəticələndi. Azərbaycan ordusunun keçirdiyi uğurlu əməliyyatlar nəticəsində təcavüzkar Ermənistanın 28 il ərzində işğal altında saxladığı torpaqlarımız azad olundu.
Bu möhtəşəm Qələbə xalqımızın torpağa, vətənə olan sevgisini, haqq uğrunda mübarizə aparmaq əzmini, milli birliyini, ordumuzun yenilməzliyini bütün dünyaya nümayiş etdirdi.
44 gün davam edən Vətən müharibəsində müzəffər ordumuz işğalçı Ermənistan ordusunun 28 il ərzində işğal altında saxladığı torpaqlarımızda yaratdığı müdafiə xətlərini, mühəndis-istehkam qurğularını, sığınacaqlarını qəhrəmanlıqla dağıtdı, , komanda məntəqələrini, çox sayda hərbi texnikasını və canlı qüvvəsini məhv etdi.
Ötən il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı 44 günlük müharibədə Azərbaycan Ordusunun möhtəşəm Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. Qələbə paradında düşmənin qənimət kimi götürülən hərbi texnikalarının nümayiş olunması qürurverici hadisə kimi yaddaşlarda qaldı.
Müzəffər Ordumuzun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi məqsədilə Prezident İlham Əliyev paytaxtda Zəfər muzeyinin yaradılması ilə bağlı Sərəncam imzaladı. Qısa müddət ərzində bu istiqamətində çox böyük işlər görüldü və dövlətimizin başçısı aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi.
Vətən müharibəsi ilə bağlı həqiqətləri, müharibənin gedişatını, Azərbaycan əsgərinin gücünü, qüdrətini gələcək nəsillərə çatdırmaq baxımından Hərbi Qənimətlər Parkı çox böyük əhəmiyyətə malikdir. Bu parkda sərgilənənlər, mövcud mənzərə gələcək nəsillər üçün çox gözəl bir nümunədir.
Əgər gələcəkdə hər hansı bir qüvvə Azərbaycanın tarixi torpaqlarına göz dikərsə, revanşist qüvvələr baş qaldırarsa öncə bu parkdakı mənzərəni gözlərinin önündə canlandırsın. Bu parkın açılışı tarixi Qələbəmizdən sonra düşmənə və onları dəstəkləyən dairələrə verilən növbəti dərs oldu. Bu baxımdan Hərbi Qənimətlər Parkındakı mənzərə Ermənistanı və havadarlarını narahat edir. Çünki buradakı reallıq onların məğlubiyyətini, Azərbaycan ordusunun qüdrətini özündə əks etdirir.
Parkda nümayiş olunanlar Ermənistan ordusunun 44 gün ərzində necə darmadağın edildiyinin, illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifinin göstəricisidir. Burada Ermənistan ordusunun acınacaqlı durumunu görmək mümkündür. Parkda Vətən müharibəsinin gedişatı ilə bağlı ən incə detal belə təqdim olunub.
Hərbi Qənimətlər Parkının istifadəyə verilməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da mühüm əhəmiyyətə malikdir. Hərbi Qənimətlər Parkı dünyaya, revanşist qüvvələrə bir mesajdır. Azərbaycan bu park vasitəsi ilə başqalarının torpaqlarında gözü olanlara, revanşist qüvvələrə göstərir ki, bir daha belə bir iddiada olarlarsa aqibətləri necə ola bilər.
Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışından sonra təltif olunan hərbi qulluqçularla görüşdü və çıxışı zamanı önəmli mesajlar verdi.
Prezident İlham Əliyev bildirdi ki, biz danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdıq: “Bütün bu 17 il ərzində bizim əsas büdcə xərclərimiz hərbi xərclər olmuşdur. Biz istədiyimizə nail olduq. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi”.
İkinci Qarabağ müharibəsinin aparılması üçün Azərbaycanda böyük hazırlıq işləri görüldüyünü vurğulayan ölkə başçısı bildirdi ki, örən dövr ərzində siyasi sabitlik, vətəndaş birliyi təmin edildi: “Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə artıq vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi. Mən bu barədə əvvəlki illərdə danışarkən bəziləri hesab edirdi ki, bəli, bunlar qəbul olundu, amma bunun nəticəsi yoxdur. Bu gün gördük bunun nəticəsini, hər kəs gördü bunun nəticəsini”
Prezident İlham Əliyev çıxışında ölkənin iqtisadi qüdrəti qələbə üçün zəmin yaratdığını xüsusilə qeyd etdi: “Biz inkişaf edərək torpaqlarımızı azad etdik. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, biz bunu təmin etməsəydik, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Ona görə bu təntənəli mərasimin burada keçirilməsində böyük rəmzi məna var. Yenilik, inkişaf, güc – bunlar əsas amillərdir. Bir də Vətən sevgisi”.
Prezident İlham Əliyevin sovet dövrü tariximizə diqqət çəkərək bildirdi ki, 1987-ci ildə Heydər Əliyevin bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən istifadə etdilər. Heydər Əliyevin istefasından iki həftə keçməmiş bir erməni millətçisi – Qorbaçovun müşaviri, onun sağ əli Aqanbekyan 1987-ci ildə Fransada olarkən Fransa qəzetinə müsahibə verərək demişdir ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir. Heydər Əliyevin dövründə heç vaxt buna cürət edə bilməzdilər. Ona görə dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi. Çünki bilirdilər, o, nə qədər vəzifədədir, heç vaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın.
Dövlətimizin başçısı dərin məzmunlu və əhatəli çıxışında bildirdi ki, Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyi nəticəsində ölkədə xəyanət siyasətinə son qoyuldu: “Məhz Azərbaycan xalqının dəstəyinə arxalanaraq Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra bütün xoşagəlməz hallara son qoydu, bütün qanunsuz silahlı birləşmələri tərksilah etdi, sabitlik, qayda-qanun yaradıldı və nizami ordu quruculuğu başlandı”.
Prezident İlham Əliyev çıxışı ilə Vətən müharibəsinə gedən yolun aydın mənzərəsini yaratdı, nə qədər mürəkkəb və çətin mərhlələrdən keçərək ərzazi bütövlüyümüzü bərpa edə bildiyimizin bir daha xatırlatdı.
Beləliklə, Bakıda açılışı olan Hərbi Qənimətlər Parkı 44 günlük Vətən müharibəsi həqiqətlərinin dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırılmasına geniş imkanlar açacaq. Eyni zamanda Hərbi Qənimətlər Parkında sərgilənən, ikinci Qarabağ müharibəsinin hər anını özündə əks etdirən eksponatlar gələcəyimiz üçün zəngin mənbədir.
Cənab Prezidentin də qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq.
Vəzirxan Ənsərov, Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədr müavini