Hər bir xalqın taleyində onun şərəf salnaməsi sayıla biləcək, çəkdiyi bütün ağrı-acının, keçdiyi bir çox çətin sınağın mükafatı ola biləcək zəfər zənglərinə bürünmüş əlamətdar tarixləri vardır. O tarixlər ki, başını ucadan-uca edən, qəlbini qürur hissi ilə dolduran, bütün ədalətsizlikləri unutdurmasa belə gələcəyə inam hissini sonsuz həddə çatdıran o unudulmaz günlər. Bəli tarix boyu çox ədalətsizliyə, haqsızlığa məruz qaldıq lakin inam hissini heç vaxt itirmədik. Bu inam bizi sevincini yaşadığımız o Zəfər Gününə çatdırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. İllərdir düşmən əsarətində qalan Qarabağımıza qovuşduq. Dünyaya səs salan, hamını heyrətə gətirən 44 günlük müharibənin qucağında gətirdiyi qələbə sevinci 30 ilə yaxın içimizdə bəslədiyimiz nisgilin, qübarın mükafatına çevrildi. Vətənə qovuşmağın sonsuz həyəcanı olan Zəfər Günümüzü , 8 noyabr tarixini bizə ərməğan etdi.
Düşmən üzərində qələbə, şişirdilmiş mifin puça çıxması, bir xalqın yenidən doğulması kimi müqəddəs bir hissdir. Böyük üstünlüklə zəfər çaldığımız 44 günlük müharibədə əldə edilən qənimətlərin nümayiş olunduğu Hərbi Qənimətlər Parkının 2021-ci il 12 aprel tarixində prezident İlham Əliyevin də iştirakı ilə təntənəli açılış mərasimində bu hissi bir daha yaşadıq. Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir. Lövhənin qarşısında çıxış edən prezident İlham Əliyev deyib:
-Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq.
Xalqımız üçün, dövlətçiliyimiz üçün böyük tarixi əhəmiyyət daşıyan Qarabağ müharibəsində qəhrəman və peşəkar Azərbaycan Ordusunun mənəvi üstünlüyü danılmaz faktdır.
Cənab prezident bu haqda danışarkən qeyd etdi ki, 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmamışdırlar.
Bu müharibədə qarşı tərəf – Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilməmişdir. Öz xarici havadarlarına arxalanan, hansısa bağışlanmış, istismar tarixi tükənmiş silah-sursat hesabına müharibəyə başlayan Ermənistan ordusunun üst-üstə həyata keçirdiyi uğursuz əməliyyatlar, bununla paralel özlərinin də qeyd etdiyi kimi ordusunda 10 min fərarisi ilə də qeyd-şərtsiz məğlubiyyətə məhkum idi. Lakin buna nisbətdə Azərbaycan xalqına, Azərbaycan əsgərinə, zabitinə nəzər salsaq, yüksək mənəvi ruh və xüsusi döyüş hazırlığı görmüş olduq deyə fikirlərini əsaslandırıb.
Cənab prezident onu da qeyd etmişdir ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq. Daha sonra fikirlərinə Böyük Qələbə Azərbaycan dövlətinin hərbi gücünün təzahürüdür deyə davam edən dövlət başçısı İkinci Qarabağ müharibəsini bizim gücümüzün, müasirliyimizin göstəricisi adlandırı b. Çünki biz XXI əsrin müharibəsini aparmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq deyə davam edib. Bunun kimi oxşar fikirlər səsləndirən cənab prezident İlham Əliyev Azərbaycan Ordusunun təcrübəsinin və hərbi strategiyasının beynəlxalq ekspertlər tərəfindən öyrənildiyini, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımızın, uğurlarımızın, qələbəmizin dərs mövzusuna çevrildiyini, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələrin İkinci Qarabağ müharibəsinin bütün aspektlərinin öyrənilməsində maraqlı olduğunu öz fikirləri ilə əsalandırıb.
Qeyd edək ki, Qələbənin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs yaradılmasına bu ilin yanvar ayından başlanılan və 5 hektar ərazini əhatə edən Hərbi Qənimətlər Parkı paytaxtın Xətai rayonundadır. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya xüsusilə diqqəti cəlb edir.
Parkda Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları öz əksini tapıb. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Bütün bu qeyd olunanlardan danışan dövlət başçısı Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəsin Azərbaycan Ordusunun qüdrətinin şahidi olacağını bura gələn hər bir insanın Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcəyini, iradəmizə heyran olacağını, bu Qələbəni əldə etməyin nə qədər çətin olduğunu əlavə edib.
Erməni vandalizmi insanlığa qarşı cinayətdir. Törədilmiş vəhşiliklər dəhşətlidir. Bütün şəhərlərimiz dağıdılıb, məscidlər dağıdılıb. Məscidlərdə inək, donuz saxlayıblar, bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar, qəbirləri şumlayıblar, dəfn edilmiş insanların qızıl dişlərini çıxarıblar deyə fikirlərinə davam edən Ali Baş Komandan bütün dünyanın onların əsas ideoloji amilinin nə olduğunu əyani sübutlarla gördüyünü bir daha dilə gətirib.
Parkda qənimət texnika ilə yanaşı “açıq səma altındakı muzeydə” improvizə edilmiş kazarmalarda, maşınlarda və mövqelərdə erməni hərbçilərinin fiqurları da nümayiş olunub. Onların arasında həm də yaralıları və həlak olan hərbçiləri əks etdirən fiqurlar da var. Ekspozisiyalardan biri hər iki tərəfdən əsgər dəbilqələrinin asıldığı dəhliz formasında hazırlanıb.
Hərbi Qənimətlər Parkının ən maraqlı hissələrindən biri 30 il ərzində düşmən tərəfindən möhkəmləndirilmiş müdafiə mövqeyi əks olunan, özündə 10 elementdən ibarət mühəndis-maneələr sistemini ehtiva edən ərazidir. Burada 5 metr enində, 3-4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr nümayiş olunur. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi. Otuz il ərzində möhkəmləndirilən mövqelərin daxilində isə yaxşı təchiz edilmiş döyüş postu, əsgər kazarması yerləşir. Kazarmanın yanında şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri yerləşir.
Hərbi Qənimətlər Parkının yerləşdiyi Nobel prospektinin adı dəyişdirilərək “8 Noyabr” adlandırılıb. Bu tarixin Azərbaycanda İkinci Qarabağ müharibəsində Zəfər Günü elan olunduğu bir daha səsləndirilib.
Lakin çox təsüfləndirici haldır ki, çoxlarımızda qürür və fərəh hissinə səbəb olan, möhtəşəm zəfərimizin əbədi nümayişinə çevrilən Hərbi Qənimətlər Parkının açılışı bəzi qüvvələr tərəfindən birmənalı qarşılanmayıb. Həm ölkə daxilində, həm də xaricində böyük diqqət cəlb edən bu əlamətdar hadisə fərqli reaksiyalar doğurub. Xüsusilə də prezident İlham Əliyevin kameralar qarşısına erməni əsgərlərinin müharibə zamanı atıb qaçdığı dəbilqələrinin asıldığı divarların arasından keçərək çıxmasına əks reaksiya verənlər bunun ermənilərin Azərbaycan hakimiyyəti altında ”təhlükəsiz yaşaya bilməyəcəyi” mesajı kimi qəbul olunub. Bu dəbilqələrin nümayişini “qeyri-etik” hesab edən xarici sosial media istifadəçilərinə Atatürkün Çanaqqala savaşında həlak olmuş, türk ordusuna qarşı vuruşmuş xarici əsgərlərin analarına ünvanladığı ”torpaqlarımızda yatan oğullarınızdan nigaran qalmayın” fikrli müraciəti xatırladılıb.
Biz dinc erməni xalqı ilə yox, torpaqlarımıza qanunsuz soxulan, bu cür cılız bir müharibə taktikası ilə xarici havadarlarının köməyinə arxalanıb müharibə meydanında öz “məharətini” ortaya qoymağa çalışan erməni əsgərini nümayişə çıxarmışıq. Adını humanist yanaşma qoyub, hansı məqsədə qulluq etdiyi məlum olmayan, düşmən dəyirmanına su tökən kəslərə üzümüzü tutub deyirik – düşmənin insanlıqdan uzaq, qeyri humanist, vandal davranışlarını nə tez unutdunuz. Əgər siz bu gün erməni ordusunun insanlıqdan uzaq davranışlarının sərgiləndiyi bir muzeyə “haqq” səsinizi ucaltdığınızı deyirsinizsə bəs o səs Xocalıya qarşı törədilən qanlı faciənin, insanlığa qəti zidd olan davranışların qarşlsında niyə susurdu ?
Aslan Fətullayev
Əməkdar Mədəniyyət işçisi, Sumqayıt şəhər “Dostluq” mədəniyyət evinin direktoru