Heydər Əliyev – Azərbaycan Respublikasında hüquqi dövlət modelinin yaradıcısı (Birinci yazı)

6832

Azərbaycanda hüquqi dövlət quruculuğunun mahiyyət prinsiplərinin müəyyən edilməsi Üçüncü respublikanın memarı – Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Haqlı olaraq hesab edilir ki, Azərbaycanın bir dövlət olaraq qlobal siyasi arxitekturada layiqli yer tutması, dramatik kolliziyalar və fundamental çalxalanmalar yaşayan dünyamızda formalaşmış siyasi institutları və işlək sosial-iqtisadi modeli ilə dinamik inkişaf örnəyini sərgiləməsi, hüquqi və demokratik dövlət qurculuği sahəsində bariz müvəffəqiyyətlər əldə etməsi ümummilli liderin strateji kursunun əməli nəticələridir. Məhz Heydər Əliyevin titanik səyləri sayəsində müstəqil respublikamızda müasir dövlətçilik modifikasiyasının təşəkkülü, vətəndaş cəmiyyətinin formalaşması üçün sanballı hüquqi-normativ təməl yaradılmışdır. Lakin Azərbaycanın yeni tip dövlətçiliyinin yaradılmasına, müxtəlif sosial təbəqə və kateqoriyaların istək və mənafeləri ilə uzlaşan sosial-siyasi sistemin formalaşmasına aparan yol heç də hamar olmamışdır.

Təlatümlü 1990-cı illərin əvvəlləri əlamətdar, taleyüklü hadisələrin zənginliyi nöqteyi-nəzərindən istər-istəməz tədqiqatçı marağını doğurur. 1990-cı ilin yanvar faciəsi, həmin ilin iyulun 20-də H.Əliyevin Bakıya gəlməsi, iki gün sonra isə təqiblərlə əlaqədar Naxçıvana getməsi, sentyabrın 30-da Naxçıvan MSSR Ali Sovetinə deputat seçilməsi, faktiki olaraq Ulu Öndərin təşəbbüsü ilə Naxçıvanın milli müstəqillik uğrunda hərəkatın mərkəzinə çevrilməsi, nəhayət, 1991-ci ilin sentyabrın 3-də H.Əliyevin Naxçıvan Ali Məclisinin sədri seçilməsi böyük ictimai-siyasi əhəmiyyət kəsb edən, proseslərin sonrakı axarının məzmununu müəyyənləşdirən, gələcək perspektivlərə həlledici təsir göstərən hadisələr qəbilindən idi. 1993-cü ilin iyununa kimi davam etmiş Naxçıvan dönəmi Heydər Əliyevin siyasi bioqrafiyasının önəmli parçasını təşkil etməklə bərabər, milli dövlət quruculuğu nöqteyi-nəzərindən də olduqca böyük əhəmiyyət kəsb edir. Həmin dövrün ümumi səciyyəsi ondan ibarətdir ki, sistem kollapsı şəraitində yaşamaq uğrunda çırpınan, Azərbaycanla yerüstü rabitəsi kəsilmiş, düşmən hücumlarının əsas hədəflərindən birinə çevrilmiş, bu azmış kimi, respublika rəhbərliyinin və bəlli siyasi qüvvələrin qərəzli münasibəti ilə üzləşmiş Naxçıvan bölgəsi real surətdə tamamilə məhv olmaq, Dağlıq Qarabağın və Azərbaycanın digər işğal olunmuş ərazilərinin acı taleyini paylaşmaq təhlükəsi ilə üzləşmişdi və bu təhlükədən o, Heydər Əliyevin siyasi dühası və titanik səyləri sayəsində qurtulmuşdu. Bununla bərabər, məhz Naxçıvana rəhbərlik edərkən misilsiz böhran şərtləri daxilində, ekstremal durumda təcili, lakin eyni zamanda cərəyan edən proseslərə adekvat olan qərarlar vermək, mövcud fors-major vəziyyətinə uyğun yeni idarəetmə metodlarını işləyib hazırlamaq zərurəti görkəmli xadim üçün sonralar istər dövlətçiliyimizə qarşı ciddi təhdidlərin qarşısının alınmasında, istərsə də dövlət təsisat və institutlarının yaradılmasında mühüm təcrübi önəmə malik idi.

Heydər Əliyevin ölkənin 91 nəfər görkəmli ziyalısının müraciətinə cavab olaraq 1992-ci ilin oktyabrın 24-də dərc edilmiş “Yeni, müstəqil Azərbaycan uğrunda” proqram səciyyəli məktubu istər ölkənin siyasi perspektivlərinin, istərsə də hüquqi dövlət quruculuğunun qarşısında duran əsas vəzifələrin konkretləşdirilməsi baxımından son dərəcə məzmunlu bir sənədi təmsil edir. Məktubun qayəsini belə bir tezis təşkil edirdi: “İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir”. Əsas məqsədə nail olmaq prioritet vəzifələrin, o cümlədən demokratik prinsiplər əsasında vahid, bütöv Azərbaycanın qorunub saxlanılması və inkişaf etdirilməsi kimi vəzifənin həlli ilə əlaqədə götürülürdü. Göründüyü kimi, Heydər Əliyev strategiyasında hüquqi dövlət quruculuğu prioritet əhəmiyyətini hətta Azərbaycan dövlətçiliyi üçün ən çətin, ən mürəkkəb mərhələdə belə saxlayırdı.

Bəhs edilən dövrün siyasi mənzərəsi araşdırılarkən belə bir önəmli məqam xüsusi vurğulanmalıdır ki, 1990-cı illərin əvvəlində istər daxili, istərsə də xarici (geosiyasi) amillər üzündən Azərbaycanın nəinki müstəqil bir dövlət kimi perspektivləri, ümumiyyətlə, milli varlığının özü son dərəcə ciddi təhlükələrlə qarşılaşmışdı. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yazdığı kimi, “mənfi ictimai-siyasi proseslərin gedişi təkidlə tələb edirdi ki, Azərbaycanı tamamilə dağılmaq və ya parçalanmaq təhlükəsindən yalnız sözün həqiqi mənasında tarixi miqyaslı, həm Azərbaycan millətinə xas olan mühüm dəyərlərin müəyyən toplusunun təcəssümü rolunda, həm də qeyri-standart siyasi qərarların güclü və iradəli mənbəyi rolunda çıxış etməyə qadir olan şəxsiyyət xilas edə bilər. Yalnız böyük dövlət xadimi milləti xilas edə, onun ideyasını həyata keçirə bilər”.

Heydər Əliyev “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində” Azərbaycanın dövlət müstəqilliyini rəsmən bərpa etdiyi 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununa kimi dövrün konkret siyasi qiymətini verirdi: “Vəziyyət elə təhlükəli xarakter almışdı ki, 1991-ci ildə əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkandan yaranmış müstəqil dövlətimiz qəsdən və yaxud səriştəsizlikdən yaranan iradəsizlik nəticəsində real itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirlmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycan “ölüm, ya olum” dilemması qarşısında qalmışdı… Hərc-mərcliyin baş alıb getdiyi Azərbaycan vətəndaş müharibəsi həddinə gəlib çatdı… Ölkə onu gözləyən fəlakətlərdən, daxili və xarici antiazərbaycan qüvvələrin qəsdlərindən, vətəndaş müharibəsindən, torpaqlarımızın bir-birinin ardınca işğal edilməsindən və nəhayət, müstəqil dövlətçiliyin məhvindən, Azərbaycanın parçalanmasından xilas edilməli idi”.

Tale xalqımıza ən yeni tarixinin ən mürəkkəb, ən keşməkeşli dönəmində belə böyük dövlət xadimini – Ulu Öndər Heydər Əliyevi nəsib etdi. O, sadəcə Azərbaycanı tarix səhnəsindən silinmək, parçalanmaq, məhv olmaq təhlükəsindən qurtarmadı, istiqlaliyyətimizin, çağdaş dövlətçiliyimizin banisi, memarı olaraq tarix salnamələrinə öz adını həkk etdi. Heydər Əliyev o dövləti dühalarından idi ki, istər fitri liderlik qabiliyyəti, istər hərtərəfli nəzəri təmələ söykənən ümumi dünyagörüşü, istər ən müxtəlif sosial, siyasi, iqtisadi, mədəni hadisə və prosesləri düzgün dəyərləndirməyə və təhlil etməyə qadir analitik zəkası, istər qeyri-adi idarəçilik təfəkkürü və erudisiyası, istər olduqca məzmunlu siyasi bioqrafiyasından qaynaqlanan zəngin təcrübəsi dövlətçilik və siyasi idarəçilik fəlsəfəsi tarixində bütöv bir çağı və fenomeni təmsil edirdi.

heyder eliyev 15 iyunTəsadüfi deyildir ki, məhz Ulu Öndərin təməlini qoyduğu inkişafın Azərbaycan modeli siyasi və sosial transformasiyaların uğurlu örnəyi kimi qavranılmaqdadır. Heydər Əliyevin 1990-cı illərin ilk yarısında fəaliyyəti öz məzmununa görə siyasi hərc-mərclikdən sistem nizamına, faktiki iqtidarsızlıqdan dəqiq strukturlaşdırılmış hakimiyyət düzəninə doğru hərəkəti təmsil edirdi. Bu zaman görkəmli xadim hər şeydən öncə müvəffəqiyyətli böhran meneceri kimi çıxış edirdi: 1993-cü ilin iyunun 15-də faktiki olaraq xalq cəbhəsi iqtidarının iflasa uğradığı, dövlətin və millətin taleyinin tükdən asılı olduğu, Azərbaycan dövlətçiliyinin uçurum kənarında bulunduğu belə bir ekstremal şəraitdə xalqın ümumi tələbi ilə Ali Sovetin sədri seçilmiş Heydər Əliyev son dərəcə incə, zərgər dəqiqliyi tələb edən siyasi manevrləri, qeyri-standart qərarları ilə siyasi situasiyanı nəzarət altına götürməyə və hakimiyyət vakuumuna son qoymağa müvəffəq oldu.

Daha sonra Ulu Öndər gərgin səylər və zəhmət bahasına cəbhədə vəziyyəti sabitləşdirməyə, ordunun yenidən qurulmasına və bir sıra uğurlu əməliyyatlar keçirməsinə, atəşkəs rejiminin bərqərar olmasına, dövlət strukturlarının idarə olunacaq duruma gətirilməsinə, iqtisadi böhranın tam iflasla nəticələnməsinin qarşısının alınmasına, Azərbaycanın iqtisadi inkişafının bünövrəsini qoymuş “Əsrin müqaviləsini” imzalanmasına nail oldu. Ən əsası, Azərbaycan müəyyən xarici çevrələr tərəfindən ölkəmiz üçün planlaşdırılan “baş tutmamış dövlət” taleyini yaşamaqdan xilas oldu. Arayış üçün qeyd edərdik ki, baş tutmamış dövlət (ingiliscə: failed state) Sürix Universitetinin beynəlxalq hüquq üzrə professoru D.Türerin ümumi qəbul edilmiş qənaətinə görə, “qanun və qaydanın dəstəklənməsini təmin edən dövlət strukturlarının dağılmasının məhsulu olub, daxili zorakılığın “anarxik” formaları tərəfindən təhrik və müşayiət olunur”. Beləliklə, 1993-1994-cü illərdə Heydər Əliyev hüquqi düzəni, və deməli, sabitliyi təmin edən dövlət-hüquq yaradıcılığı üzərində diqqətini cəmləşdirmişdi. Ulu Öndərin o dönəmdəki siyasi kursu ilk növbədə dövlətin hüquqi dayaqlarının, onun güc tərkib hissəsinin möhkəmləndirilməsinə yönəlmişdi.

Sevda Ağamirzə qızı Əliyeva,

Azərbaycan Dillər Universitetinin dosenti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər