Heydər Əliyev – Azərbaycan Respublikasında hüquqi dövlət modelinin yaradıcısıdır (üçüncü yazı)

4462

Dövlət quruculuğunun əsaslarını təsbit etmiş müstəqil Azərbaycanın ilk konstitusiyası haqlı olaraq Heydər Əliyevin əsəri hesab olunur. Sözügedən əsas qanunu hazırlayan komissiyanın 1995-ci ildə noyabrın 10-da olmuş son iclasındakı çıxışında Prezident Heydər Əliyev bu barədə qeyd edirdi: “Komissiyanın sədri kimi şəxsən mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun, bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm”.

Məlum olduğu kimi, 1991-1993-cü illərdə Azərbaycanın yeni konstitusiyasının hazırlanması üçün iki dəfə komissiya yaradılmasına baxmayaraq, keçmiş iqtidarlar dövründə bu məsələyə lazımi səviyyədə diqqət yetirilmədiyindən, bu təşəbbüslər öz bəhrəsini verməmişdi. Mövcud ədəbiyyatda düzgün olaraq qeyd edilir ki, məhz Heydər Əliyevin qətiyyətli şəkildə prosesə müdaxilə etməsindən sonra yeni konstitusiyanın hazırlanması üzrə işlər sürətlənir. Milli Məclisin 2 may 1995-ci il tarixli qərarı ilə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 34 nəfərdən ibarət tərkibi təsdiq olundu. İyunun 5-də olmuş komissiyanın ilk iclasında öz çıxışında Azərbaycanda konstitusiya quruculuğu tarixinə toxunan və o illərdə ictimai-siyasi hadisələri dərindən təhlil edən Ulu Öndər yeni konstitusiyanın məramı, qaynaqları və istinad edəcəyi hüquqi praktikalara, habelə mahiyyət cəhətlərinə aydınlıq gətirirdi: “Biz elə bir Konstitusiya layihəsi hazırlamalı, və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun… Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır… Konstitusiya yaratmaq üçün tarixi keçmişimizə nəzər salmalıyıq, eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən istifadə etməli, bəhrələnməliyik… Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir… Ona görə də hər bir vətəndaşın hüquqlarının qorunması, azadlıqlarının təmin edilməsi və hər bir vətəndaşa cəmiyyətimizdə, ölkəmizdə özünə layiqli yer tutmaq imkanlarının yaradılması – bunlar hamısı Konstitusiyamızda öz əksini tapmalıdır”. Göründüyü kimi, görkəmli dövlət xadimi yeni Konstitusiyanı ümumbəşəri demokratik dəyər və nailiyyətlər əsasında, lakin eyni zamanda Azərbaycanın konkret siyasi və sosiomədəni ənənə və xüsusiyyətlərini nəzərə almaqla tərtib etməyi məqsədəuyğun sayırdı. Bu zaman Ulu Öndər hüquq bərabərliyi prinsipinin Konstitusiyada hərtərəfli təsbitinə çağırırdı və bu prinsipə öz təfsirini verirdi: “Mən bərabər hüquqlar haqqında danışanda onu nəzərdə tuturam ki, dinindən, dilindən, milliyyətindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq insanların hamısının eyni hüquqlara malik olması və bu hüquqlardan səmərəli istifadə imkanları əldə etməsi Konstitusiyamızda öz əksini tapmalıdır”. Aydındır ki, gətirilən sitatda Heydər Əliyevin hüquqi dövlət quruculuğu ilə əlaqədar prioritet önəm verdiyi müddəalar yer almışdır.

Ümummilli liderimizin rəhbərliyi altında 6 ay müddətinə hazırlanan və ümumxalq səsverməsi yolu ilə 1995-ci ilin noyabrın 12-də qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası yuxarıda bəhs edilən prinsip və yönəlişlikləri bütün dolğunluğu ilə gerçəkləşdirdi. Orada ölkənin inkişaf vektoru müəyyənləşdirilməsi, demokratik əsaslarla hakimiyyət bölgüsünün təsbit edilməsi ilə bərabər insan hüquq və azadlıqlarının təminatı prioritet məqsədlər kimi xüsusi vurğulanırdı. Təsadüfi deyildir ki, konstitusiyanın 158 maddəsindən 48-i, başqa sözlə, təqribən üçdə biri sırf insan hüquq və azadlıqlarının təminatına yönəlmişdi. Müasir Azərbaycan Konstitusiyasında konstitusionalizmin klassik ideyası öz əksini tapmışdır: insan hüquq və azadlıqlarının prioriteti; siyasi plüralizm; hakimiyyətlərin bölgüsü; konstitusion nəzarət institutu və s. Konstitusiya “ictimai müqavilə” olaraq dövlət, cəmiyyət və fərd arasında münasibətləri müəyyən etdi, insan hüquqlarının prioritetini özündə təsbit etdi. O, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilə və konvensiyalarda insan hüquqlarına dair nəzərdə tutulmuş müddəaları tam şəkildə ehtiva edir. Konstitusiyanın ikinci bölməsinin “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan üçüncü fəsli hüquq və azadlıqların təminatı və müdafiəsi mexanizmlərini müəyyənləşdirir. Konstitusiyanın 12-ci maddəsi dövlətin ali məqsədinin insan hüquqlarını təmin etmmək olduğunu müəyyən edir. Burada insan hüquqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilməsi nəzərdə tutulmuşdur. Konstitusiyanın 71-ci maddəsində irqindən, milliyyətindən, dinindən, dilindən, cinsiyyətindən, mənşəyndən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında bir vəzifə olaraq qoyulmuşdur. Bu hüquq və azadlıqlar birbaşa qüvvədədir. Konstitusiyanın 25-ci maddəsinə əsasən, onların həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu zaman xüsusi olaraq qeyd edilirdi ki. Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquq və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası həm birinci nəsil (şəxsi və siyasi hüquqlar), həm də ikinci nəsil (sosial-iqtisadi və mədəni hüquqlar) insan hüquqlarını ehtiva etməklə, Azərbaycanda hüquqi dövlətin sonrakı inkişafının, ölkədə vətəndaş cəmiyyəti quruculuğunun qüdrətli təməlinə çevrildi.

Ümummilli lider Heydər Əliyevin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə təsis edilmiş Hüquq İslahatları Komissiyası beynəlxalq ekspertlərin iştirakı ilə Avropa standartlarına cavab verən müxtəlif və qanunları hazırlamış, bununla da milli qanunvericiliyin modern əsaslar üzərinə keçirilməsinə şərait yaratmışdır.

İnsan hüquqlarının və azadlıqlarının təmin olunması istiqamətində qəbul edilmiş normativ sənədlər sırasında Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Lider Heydər Əliyevin  22 fevral 1998-ci il tarixində imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı xüsusilə qeyd etmək lazımdır. Sözügedən fərman və sərəncam insan hüquqları məsələsinə ümumdövlət əhəmiyyətli məsələ səviyyəsinə qaldırırdı. Belə ki, bu sənədlərdə insan hüquqlarının müdafiəsi sahəsində mühüm tədbirlərin həyata keçirilməsi, o cümlədən Milli Məclis tərəfindən qanunların qəbulu amanı Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların əsas meyar kimi rəhbər tutulması, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə səlahiyyətli müvəkkili təsisatının yaradılması, ölkəmizin insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər nəzərdə tutulmuş, daha sonralar həmin aktlarda təsbit olunmuş məsələlərin həlli istiqamətində mühüm islahatlar həyata keçirilmişdir.

Təsadüfi deyil ki, ilk Dövlət Proqramının qəbul olunduğu gün – iyunun 18-i ölkə başçısının 2007-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda insan hüquqları günü elan edilmişdir. Maraqlı və mahiyyət etibarilə böyük rəmzi məna daşıyan məqam odur ki, məhz həmin tarixdə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən “İnstitusional quruculuq paketi” qəbul edilmiş və bu paket çərçivəsində BMT-yə üzv olan dövlətlərdə insan hüquqları sahəsində vəziyyəti qiymətləndirməyə imkan yaradan yeni universal dövri icmal mexanizmi təsis edilmişdir.

Sevda Ağamirzə qızı Əliyeva,

Azərbaycan Dillər Universitetinin dosenti

Heydər Əliyev – Azərbaycan Respublikasında hüquqi dövlət modelinin yaradıcısıdır (birinci yazı)

Heydər Əliyev – Azərbaycan Respublikasında hüquqi dövlət modelinin yaradıcısıdır (ikinci yazı)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər