Tarix yalnız dahi şəxsiyyətlərin nurlu əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Azərbaycan xalqı dünya tarixinə Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir şah kimi qüdrətli dövlət xadimləri bəxş etmişdir.
XX əsrdə xalqımız daha bir dahi şəxsiyyət yetişdirdi. Dünyanın Atatürk, Vaşinqton, Nehru, De Qoll kimi tarixi simalarının sırasına Heydər Əliyev də öz layiqli yerini qazandı.
Dünya tarixinin başqa tarixi şəxsiyyətləri kimi Heydər Əliyev də öz xalqının, doğma Vətəninin müqəddəratının həll olunduğu çox çətin mübarizələrlə, kəskin ziddiyyətlərlə və ağır sınaq məqamları ilə dolu olan bir dövrdə – XX yüzilliyin doğurduğu tarixi şəraitdə yetişmişdir.
Heydər Əliyev XX yüzilliyin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində fəaliyyət göstərmiş dahi şəxsiyyətdir. Azərbaycan xalqının yarım əsrdən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun mübarizə yolu ilə, böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev yeni Azərbaycanın qurucusudur. O öz xalqının bağrından qopub gələn Azərbaycanlıdır, öz yurdunun, doğma torpağının misilsiz təəssübkeşidir. Heydər Əliyev öz xalqının dahi oğlu olmaqla yanaşı, həm də dünyanın ən qüdrətli tarixi simaları sırasına yüksəlmiş nadir şəxsiyyətdir, ümumdünya tarixinin azərbaycanlı dahisidir.
Tarix ulu öndərimiz Heydər Əliyev kimi dahi insanları yüz ildən, bəlkə də min ildən bir yetirir. Onun ölkəmizə rəhbərliyinin bütün dövrlərində Azərbaycanın iqtisadi dirçəlişi, tərəqqisi təmin edilib. Heydər Əliyev olduqca uzaqgörən, iti zəkaya, sağlam və məntiqi düşüncəyə malik bir insan idi. Ulu öndər Azərbaycan tarixində yeni parlaq səhifə açmış nadir şəxsiyyətdir. Bu müdrik insan xalqımızın əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərlərlə yanaşı, bəşəri dəyərlərin də daşıyıcısı idi.
Dünyanın tanınmış ictimai və siyasi xadimləri, dövlət adamları Heydər Əliyevin şəxsiyyətini yüksək qiymətləndirərək ona böyük ehtiram və heyranlıq göstərmişlər. Moskvanın keçmiş meri Yuri Lujkov demişdir: “Biz Heydər Əliyevin həm öz xalqı üçün, həm də başqa xalqlar üçün gördüyü bütün işləri heç vaxt unutmayacağıq”. Amerika tarixçisi O. Aldstad isə qeyd edib: “Bütün güclü şəxsiyyətlər kimi, Heydər Əliyev hamını öz arxasınca apara bilir”. Türkiyəli professor Yəhya Taşdələn isə “Heydər bəy bizim də cumhur başqanımızdır. O bizim Atatürkümüzdür” – deyə bildirmişdir.
Bu və digər nüfuzlu şəxslərin söylədikləri sözlər Heydər Əliyevin parlaq və təkrarsız şəxsiyyətini ən yaxşı şəkildə əks etdirir. Hər bir azərbaycanlı, bu dahi liderin müdrikliyi və siyasi irsindən qürur duyur.
Heydər Əliyev dünyada nadir, unikal və seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir göstərmək gücündə olan lider idi. Bəzi liderlər siyasi fəaliyyət və dövlət idarəetməsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınır, amma bəzi insanlar var ki, bu qabiliyyət onlarda fitrən mövcuddur, genlərində kodlanıb və bir sözlə, ilahi bir vergidir. Heydər Əliyev məhz belə liderlərdəndir. Digər mühüm cəhət səlahiyyət məsələsidir. Heydər Əliyev yalnız Azərbaycan səviyyəsində deyil, keçmiş Sovet İttifaqı miqyasında və hətta Qərbdə sözünün gücü olan lider idi. O, beynəlxalq səviyyədə düşünmək və təhlillər aparmaq bacarığına sahib idi. Bu iki xüsusiyyət onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən peşəkar cizgiləridir.
Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi. Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir. Siyasi xadimlərin heç də hamısında bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara- zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Nəhəng siyasətçi Heydər Əliyev kimi. O, analitik düşüncə tərzi ilə, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək intelekti, dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları heyrətləndirirdi.
Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü biruzə vermişdi.
Təsadüfi deyildir ki, onun atdığı addımlar, qəbul etdiyi qərarlar və söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və obyektivliyi ilə ətrafdakıları heyrətləndirmiş, ona siyasət aləminin patriarxı adını qazandırmışdır. Dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini və ondan öyrəndiklərini dəfələrlə etiraf etmişlər. Siyasətçilər onu “liderlərin lideri” adlandırırdılar. Onun siyasətinin gücü – siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyində, geniş dünyagörüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün nəticə çıxartmasında, zaman və məkan amilini qiymətləndirməsində və fenomenal şəxsi keyfiyyətlərində idi.
Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Bu dahi insanın fikrincə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Ulu öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini əvvəlcədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir. Heydər Əliyev uzaqgörən və ağıllı siyasətçi kimi nəyi və nə zaman deməyi, hansı addımı nə vaxt atmağı zərgər dəqiqliyi ilə bacarırdı. Ulu öndər qeyd edirdi ki, “Biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun”. Onun siyasəti milli maraqlar üzərində qurulmuşdu.
Heydər Əliyev qlobal düşüncəli və geniş dünyagörüşlü böyük bir siyasətçi idi. O, hadisələrə praqmatik yanaşan realist bir insan idi. Onun ağıllı və uzaqgörən siyasətində hər şeyin öz yeri və vaxtı var idi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasət və ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasətçi bütün fəaliyyəti boyu müdrik insan, qətiyyətli rəhbər, xalqın sevgisini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiqlədi. İnanmaq çətindir ki, dünyada xalqa bu qədər yaxın ikinci bir siyasətçi olar.
Adətən insanlar zamanın ardınca gedir, ancaq yalnız dahilər zamanı qabaqlayır. O, zamanı qabaqlamağa qadir bir şəxsiyyət idi. Qısa zaman kəsiyində dünyanın nəhəng dövlətlərinin mənafeyini Azərbaycanda birləşdirdi. Dövlət qurdu, dövlətçiliyi möhkəmləndirdi və vətəndaş cəmiyyətini formalaşdırdı.
Ulu yaradan ona çox şey vermişdi: fenomenal yaddaş, dərin təhlil qabiliyyəti, öz xalqına və vətəninə bağlılıq, sadəlik, dözümlülük, bəlağətli nitq və hətta yaraşıqlı fiziki görünüş. Və nəhayət, tarix yaratmaq bacarığı…
Bu gün ölkəmiz Heydər Əliyev siyasətinin uğurlarını hiss edir və ondan faydalanır. Bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev ideyaları uğurla inkişaf edir və Azərbaycanın müvəffəqiyyətlərinin təməlini təşkil edir. Onun kursu müstəqilliyin qorunması, beynəlxalq imicimizin artırılması və sosial-iqtisadi tərəqqinin təmin olunmasında özünü doğrultmuşdur.
Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən islahatlar və əldə olunan nəticələrlə xalqın gələcəyə inamını artıraraq Heydər Əliyev yolunun düzgün istiqamətdə irəlilədiyinə əminlik yaradıb. Cənab İlham Əliyev, ulu öndərin siyasi kursunu həyata keçirərək, milli maraqlarımızı beynəlxalq miqyasda müdafiə edir. Bu siyasət müstəqilliyimizi gücləndirir, dövlətçiliyimizi möhkəmləndirir və beynəlxalq aləmdə Azərbaycanın mövqeyini yüksəldir.
Elmar Xəlilov, dosent, tarix üzrə fəlsəfə doktoru,SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru
Müzakirə qapadılmışdır.