HEYDƏR ƏLİYEV DÜHASINDAN YOĞRULAN “ƏSRİN KONTRAKTI”NIN STRATEJİ ASPEKTLƏRİ

598

 

“Əsrin Kontraktı” elə bir dövrdə və şəraitdə baş tutdu ki, həmin dövr Azərbaycan xalqının taleyüklü məsələlərinin həll olunduğu bir dövr idi. Ölkə iqtisadiyyatı tamamilə dağıdılmışdı. 1990-cı illərin əvvələrində müstəqilliyin bərpasından sonra hakimiyyətdə olanların səriştəsizliyindən Azərbaycanda xaos hökm sürürdü, özbaşınalıq hökmranlıq edirdi, dövlət idarəçiliyindən başı çıxmayanalar xalqı fəlakətə sürükləyirdi, qəbul olunan qərarlar isə heç bir reallığa əsaslanmırdı.
Ölkədə vətəndaş qarşıdurması güclənirdi, digər tərəfdən isə mənfur və xain ermənilər havadarlarının dəstəyi ilə torpaqrlarımızı işğal etməkdə davam edirdi. İnsanlar ümidsizliyə qapılmış və sarsıntılar içində qalmışdılar. Azərbaycanın dövlətçilik atributları gücləndirilməmiş və iqtisadi islahatlara başlamaq üçün zəmin yaradılmamışdı. Dövlət büdcəsi boş idi, sosial proqramlar işləmirdi.
Azərbaycanın əsas sənaye sahəsi olan – neft sənayesi baxımsız vəziyyətə düşmüşdü, neft hasilatı minimum səviyyəyə enmiş, bu sahənin maddi – texniki bazası isə sürətlə zəifləyirdi. Bir sözlə, Azərbaycan həmin dövrdə çox mürəkkəb problemlərlə üz-üzə qalmışdı. İqtisadi tənəzzül güclənməklə bərabər, mövcud iqtisadi infrastruktur da dağılmaqda idi.
İnsanlar belə bir dönəmdə Azərbaycan xalqının xilaskarına, dahi şəxsiyyətinə, qiymətli dühasına, görkəmli dövlət xadiminə – bu il 100 illik yubileyi qeyd olunan Heydər Əliyevə göz dikmişdilər, onun yolunu gözləyirdilər. Bütün bunların hər şeydən əvvəl yüksək vətəndaşlıq məsuliyyətini dərk edən ümumimilli liderimiz Heydər Əliyev çoxsaylı baryerlərə, təhlükələrə və problemlərə baxmayaraq xalqın xilası üçün həyatını təhlükəyə atdı, həyatının qalan hissəsini öz canından çox sevdiyi Azərbaycan xalqına həsr etdi.
Heydər Əliyev 1993-cü ilin ortalarında ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkədə yığılıb qalmış mürəkkəb problemləri bir-birinin ardınca və kompleks şəkildə həll etməyə başladı. İlk növbədə, xalqın hakimiyyətə inamını geri qaytardı, xalqı ümidsizlikdən çıxardı. İqtisadi xaotik prosesləri, xüsusilə tüğyan edən inflyasiyanı cilovladı, maliyyə-kredit sistemini və makroiqtisadi sabitliyi təmin etdi. Dövlətin idarəetmə strukturları gücləndirildi, ali qurumlar və institusional dövlət orqanlarının təşkili prosesləri sürətləndirildi. İqtisadi islahatlara hazırlıqlar görülərək başlanıldı və iqtisadiyyatın bütün sahələri üzrə sabitliyin təminatı tədbirlərinin icrasına start verildi.
Lakin, dahi Heydər Əliyev dərindən dərk edirdi ki, Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi və dünya iqtisadiyyatının tərkib hissəsinə uğurla daxil edilməsinin açarı və təməl daşı neftlə bağlıdır və neft sənayesindən asılıdır. Bu sənaye sahəsinin mahir bilicisi olan Ulu Öndər gərgin rejimdə neft sənayesinin böhrandan çıxarılması və inkişafı yollarını aramağa başladı. Ölkədəki ağır şəraitə, çoxlu problemlərin olmasına baxmayaraq Heydər Əliyev müstəqil Azərbaycanın bir dövlət kimi ən ağır taleyüklü məsələsi olan – milli resurslardan və sərvətlərdən xalqın rifahı, milli maraqlar qorunmaqla istifadəsi strategiyasını işləyib hazırlaya bildi.
Beləliklə, tarix tezliklə Neft Strategiyasının mükəmməliyinə şahid olacaqdı, eyni zamanda dünya “Əsrin Kontraktı”ndan xəbər tutacaqdı. Amma, Heydər Əliyev çalışırdı ki, xalqımızın milli sərvəti olan neftdən istifadə şərtləri ölkəmiz üçün səmərəli olsun və gələcəkdə bu sahənin hesabına milli iqtisadi inkişaf modelinin gücləndirmək potensialı formalaşdırılsın. Həmin dövrdə dünya kompaniyaları özlərinə sərf edən şərtlərdə maraqlı idilər. Lakin, Heydər Əliyev dühası bir sipər olaraq milli maraqlarımıza zidd olan halların qarşısını kəsdi. Nəhayət 4 səhifə həcmində dünyanın 8 ölkəsinin və 13 ən məşhur neft şirkətlərinin iştirakı ilə “Əsrin Kontraktı” layihəsi hazır oldu.
“Əsrin Kontraktı” layihəsi 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında imzalanmışdır. Bu tədbirdə Böyük Britanya, ABŞ, Türkiyə, Rusiya Federasiyası və digər ölkələrdən yüksək səviyyəli rəsmi şəxslər iştirak etmişlər. Bu tarixi imzalanma mərasimində Heydər Əliyev demişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu kontraktı imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Azərbaycan Respublikası bazar iqtisadiyyatı yolu ilə getmək əzmindədir. Bu kontraktın imzalanması bazar iqtisadiyyatının Azərbaycanda həyata keçirilməsi üçün ilk böyük addımdır. Biz bu kontrakt əsasında sıx birləşir, böyük əməkdaşlığa başlayırıq və mən şübhə etmirəm ki, əməkdaşlığımız uğurlu olacaqdır, buna maneçilik törədən bütün qüvvələr dəf ediləcəkdir, müstəqil Azərbaycan Respublikası öz taleyinin, öz sərvətlərinin sahibi kimi bu əməkdaşlıq sahəsində dünya birliyində, dünya iqtisadi birliyində öz layiqli yerini tutacaqdır”.
“Əsrin Kontraktı”nın imzalanması ilə Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ başladı. Ölkədə bazar iqtisadiyyatı mexanzimləri və infrastrukturun yaradılması prosesləri sürətləndirildi. “Əsrin Kontraktı”nın icrası ilə əlaqədər olaraq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti təşkil olundu. Bu Şirkət Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə birlikdə geniş həcmli tarixi işlərə başladı. “Əsrin Kontraktı”nın növbəti illərdə dünyanın 19 ölkəsinin 41 Neft Şirkəti ilə 30-dək Sazişin imzalanmasına imkan vermişdir. Azərbaycan xalqının milli sərvəti olan – karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına çıxarılmasını nəzərdə tutan “Əsrin Kontraktı”nın dünyada bu kateqoriyadan olan ən iri Sazişlərdən biri kimi tarixə düşmüşdür.
Bu Kontraktın bağlanması Azərbaycan iqtisadiyyatının inkişafına güclü təkan verdi, ölkəyə yeni texnologiyalar, innovasiyalar, mütərəqqi idarəetmə metodları gəlməyə başladı. Bazar iqtisadiyyatı mexanzimlərinin intensiv tətbiqi hesabına milli iqtisadiyyatın müasir fəaliyyət mexanzimləri formalaşdırıldı, sahibkarlığın və biznesin inkişafına əlverişli mühit yaradıldı. Azərbaycanda iqtisadi islahatların əsas fazasının səmərəli təşkil olunması mümkünləşdi və bu proseslərdə neft sənayesi özünün lokomotiv funksiyasını layiqincə yerinə yetirdi.
Davamlı və sistemli, həmçinin Heydər Əliyev dühası, müdrikliyi və uzaq görənliyi ilə mükəmməl hazırlan və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında strategiyada nəzərdə tutulan uzunmüddətli dövrə hesablanmış hədəflərin reallaşdırılması sayəsində ölkəmizdə neft hasilatı ilə yanaşı, təbii qaz hasilatı üzrə, həmçinin neft və təbii qazın dünya bazarlarına çıxarılması istiqamətində iri layihələrin reallaşdırılması mümkün olmuşdur. Regionun ən iri neft və təbii qaz nəqli layihələri Azərbaycanın təşəbbüsü və fəal maliyyə dəstəyi ilə həyata keçirilmişdir.
Ümumilikdə Azərbaycan regionun ən güclü iqtisadiyyata malik ölkəsi kimi öz mövqeyini möhkəmləndirmiş və əksər sahələrdə uğurlu islahatlar aparmışdır. Eyni zamanada, ölkəmizin iqtisadi qüdrətinin artması müasir ordu quruculuğunu sürətləndirməyə imkan vermiş və rəşadətli Azərbaycan ordusu Ali Baş komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etmişlər.
Güclü iqtisadi potensialın formalaşdırılması, valyuta ehtiyatlarının artırılması hesabına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və dirçəldilməsi prosesləri intensiv fazaya keçmişdir. “Əsrin Kontraktı”ndan qidalanan Azərbaycan iqtisadiyyatı müasir dövrdə özünün yüksək rəqabət qabiliyyəti və dayanıqlığı ilə Azərbaycan xalqının rifahına və Azərbaycan dövlətinin güclənməsinə uğurla xidmət edir.

ŞƏFA ƏLİYEV,
Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının professoru, iqtisad elmləri doktoru,
UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin Rəhbəri,

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər