Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir ümmandı…

491

Müstəqil dövlətimizin keçdiyi yol onu göstərdi ki, məhz ulu öndər Heydər Əliyevin ölkənin ağır vəziyyətində hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasında və müstəqilliyimizin möhkəmlənməsində mühüm rol oynadı. Qısa zaman ərzində Ulu öndər xalqının əsrlər boyunca uğurunda canından keçdiyi ən ümdə haqqını reallığa çevirdi. Xalqımızı ən yüksək məqama – müstəqilliyə qovuşdurdu.

1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında günəş doğdu. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçildi, ilk dəfə ölkəmizdə hakimiyyət sükanına xalqının taleyinə tam yiyə durmaq iqtidarına yetişən soydaşımız yüksəldi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcını qoydu… 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü… Ümummilli lider hələ Sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı.
Heydər Əliyev hakimiyyətə gələnə qədər ən geridə qalan respublikalardan biri sayılan Azərbaycan qısa müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötdü. 1969-1982-ci illərdə milli gəlir 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, kənd təsərrüfatı 2,3 dəfə artdı, 249 yeni iri sənaye müəssisəsi yaradıldı və ölkənin sənaye potensialı əvvvəlki 50 ildəkini 2 dəfə üstələdi. Həmin dövrdə 813 min yeni iş yeri açıldı, xalqımızın güzaranı qat-qat yüksəldi. Respublikamızın elmi-texniki potensialı dəfələrlə artırılaraq 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı. Artıq ötən əsrin 80-ci illərinin əvvələrində ən nüfuzlu ali məktəblərərespublikamızdan təhsil almağa göndərilənlərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi. Hər il 800-1000 azərbaycanlı gənc isə ittifaqın sayılıb-seçilən hərbi məktəblərində ordu quruculuğunun sirlərinə yiyələnirdi. Heydər Əliyevin həyata keçirdiyi kompleks fəaliyyət nəticəsində Azərbaycan keçmiş ittifaqın daxili imkanlarına və intellektual potensialına arxalanaraq özünü idarə etmək iqtidarında olan 2 respublikasından birinə çevrildi.

1993—2003-cü illər də ulu öndərin dünyanın nadir şəxsiyyətlərindən, dövlət və ictimai xadimlərindən biri olduğunu növbəti dəfə sübuta yetirdi. Ümummilli liderinin mükəmməl idarəçilik məktəbi sayəsində Azərbaycan keçid dövrünün mürəkkəb labirintlərindən uğurla çıxdı. 1996-cı ildən respublikamız yenidən dirçəliş mərhələsinə qədəm qoydu. 1996-2003-cü illərdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradılaraq onların sayı 5202-yə çatdırıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Bütün sahələrdə islahatlar vüsət götürdü. Respublikamızın beynəlxalq nüfuzu durmadan yüksəldi. Ümummilli liderin müdrik siyasəti hesabına düşmənlərin ara verməyən məkrinə, min bir hiyləsinə baxmayaraq Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünyagörüşlərinin toqquşması baş vermədi, respublikamızda anlaşma hökm sürdü, tolerantlıq başlıca meyar olaraq qaldı. Ulu öndər strateji hədəfləri zərgərdəqiqliyi ilə müəyyənləşdirmək qabiliyyətinə görə xüsusilə fərqlənirdi. Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasət, ictimai-siyasi sabitliyin dayanıqlılığına nail olma məharəti, iqtisadi qüdrət, güclü sənaye potensialı, elmi-texniki tərəqqi, təhsil, müasir ordu quruculuğu, kadr hazırlığı, xalqın güzaranın və həyat tərzinin durmadan yaxşılaşdırılması, milli irsin qorunması, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi və layiqincə təbliği və sair ümummilli liderin başlıca strateji hədəfləri idi. Məhz Heydər Əliyevin beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi bir mənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər onun Azərbaycana, ölkəmizin timsalında regiona, nəticə etibarı ilə dünyaya sülh, sabitlik, davamlı inkişaf və harmoniya gətirmək yolunda atdığı mühüm addımlardır… Ümumilikdə, ulu öndərin Azərbycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinin ən intensiv inkişaf mərhələsinə təkan verdi.
Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi sayılan Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir ümmandı… Ömrünü şam kimi gilə-gilə əridən Heydər Əliyev özündən sonra bizə miras qoyub getdiyi Azərbaycanımızı qoruyub göz bəbəyi kimi saxlamaq bizim hər birimizin vətəndaşlıq borcudur. Məhz bu yolda ulu öndər dühası Azərbaycanın müstəqilliyinin əbədiliyinə millətimizin işıqlı sabahlarına daim işıq saçacaq.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Məmmədli

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər