Heydər Əliyev və AXC irsi

382

“Müsəlman  şərqində  ilk demokratik Cümhuriyyətin  məhz  Azərbaycan  torpağında yaranması xalqımızın o dövrdə  və  o illər ərəfəsində  XIX  əsrin  sonunda və XX əsrin əvvəllərində  milli  müstəqillik,  azadlıq  duyğuları ilə  yaşaması ilə bağlıdır.

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.”

Heydər Əliyev

1918-ci il may ayının 25-də Zaqafqaziya Seyminin son iclasında Gürcüstan Seymdən çıxaraq mayın 26-da öz müstəqilliyini elan etdi. Bir gün sonra, mayın 27-də isə Azərbaycanın istiqlaliyyətini bəyan etmək və ilk müstəqil Azərbaycan hökuməti yaratmaq üçün Seymin bütün müsəlman nümayəndələri Tiflisdə toplandılar. Müzakirələrdən sonra onlar Azərbaycanın idarə olunmasını öz üzərlərinə götürmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. İlk Azərbaycan Parlamenti belə yarandı. Milli Şura bitərəf Fətəli xan Xoyski başda olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk müvəqqəti hökumətini təşkil etdi.

AXC Azərbaycan üçün çox mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başladı. AXC-nin 28 may 1918-ci il tarixdə qəbul etdiyi ilk normativ hüquqi akt o zamanki Zaqafqaziya Seyminin Azərbaycandan olan deputatları Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Mehdi bəy Hacınski, Xəlil bəy Xasməmmədov və başqalarının, cəmi 25 nəfərin daxil olduğu Müsəlman Milli Şurası tərəfindən qəbul  edilən Azərbaycanın İstiqlalı haqqında Bəyannamə idi.

AXC Parlamentinin 145 iclası keçirilmiş, son iclası 1920-ci il aprelin 27-də olmuşdur. Bu müddətdə müzakirəyə 270-dən çox qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-u qəbul edilmişdir. Hökumət tərəfindən 1918- ci il iyunun 24 – də əvvəlcə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi. Daha sonra 1918-ci il noyabrın 9-da həmin bayraq üçrəngli- mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan bayraqla əvəzləndi. Həmin il iyunun 27-də “Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında” qanun imzalandı. 1918-ci il iyunun 26-da “Azərbaycan Milli Ordusunun yaradılması haqqında” qanun qəbul olundu. Sentyabrın 1-də Hərb Nazirliyinin yaradılması ilə əlaqədar qərar qəbul olundu.

 

AXC milli mədəniyyətin, təhsilin, ədəbiyyatın və incəsənətin inkişafına önəm vermiş, bu ümdə məsələlərə xüsusi qayğı ilə yanaşmışdır. Hazırda Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti 1919-cu ilin sentyabrın 1-dəAzərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən təsis edilmişdir. Universitetin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması, milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi.

Cümhuriyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də sonrakı nəsillərin yaddaşında ən parlaq səhifələrdən biri kimi qalacaqdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır.

Respublikamız Sovetlər İmperiyasının tərkibində olduğu dövrdə Ulu Öndər H.Əliyev AXC qurucularının müstəqil Azərbaycan Dövləti ideyasını həyata keçirmək istiqamətində çox böyük işlər görmüşdü. Belə ki, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması, hərbi kadrların hazırlanması üçün hərbi məktəblərin yaradılması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi gələcək müstəqil Azərbaycan Dövlətinin ilkin rüşeymləri idi.

Təəssüf ki, həmin dövrdə  üçrəngli bayrağımızın ömrü az olmuş, Xalq Cümhuriyyətinin süqutu ilə bayrağımız da 1920-ci ilin may ayında Parlamentin üzərindən endirilmişdir. Lakin M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı qəlblərdə yaşamış, müstəqil Azərbaycan Respublikası üçün bir deviz rolunu oynamışdır. 70 il sonra hələ Sovet İmperiyasının mövcudluğu dövründə 1990-cı ilin noyabrında  Xalq Cümhuriyyətinin üçrəngli bayrağı məhz Ulu Öndər H.Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması, Muxtar Respublikanın adından Sovet Sosialist sözlərinin çıxarılması, üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi barədə Respublika Ali Soveti qarşısında vəsadət qaldırılması olduqca müdrik, cəsarətli və uzaqgörən bir addım idi. 1993-cü ilin keşməkeşli iyun ayında xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə Ulu Öndər H.Əliyev Xalq Cümhuriyyəti qurucularının müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi. Möhkəm dövlətçilik təsisatlarının, siyasi, hüquqi, iqtisadi bünövrəsini qoydu, ölkəni parçalanmadan və müstəqilliyimizi yenidən itirilmə təhlükəsindən qorudu.

H.Əliyev hələ Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə 1992-ci ilin martında Ankarada səfərdə olarkən Cümhuriyyətin banisi Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadənin məzarını ziyarət etmişdi. 1993-cü ilin dekabrında isə Azərbaycan Respublikasının Prezidenti kimi ilk xarici səfərini etdiyi Parisdə Sen-Klu qəbiristanlığına gedərək Cümhuriyyətin qurucularından Əlimərdan bəy Topçubaçovun və Ceyhun Hacıbəylinin, həmçinin onların ailə üzvlərinin məzarları önünə əklil qoymuşdur.

1994-cü ilin əvvəllərində  H.Əliyev YAP idarə heyətinin iclasında bir qrup tarixçinin iştirakı ilə dövlət bayramı günü ilə əlaqədar məsələni müzakirə edərkən müzakirədə iştirak edənlərin bəziləri Səfəvilər, bəziləri Atabəylər, Qaraqoyunlular və Ağqoyunlular, başqa bir qrup isə AXC tarixinin önəmini vurğulayırdı. Ulu Öndər birmənalı olaraq mayın 28-nin Respublika Günü kimi qeyd olunmasını təklif etdi.

Bu gün möhkəm təməllər üzərində qurulan Azərbaycan Respublikası artıq dünyanın önəmli və müasir ölkələrindən birinə çevrilərək dünya birliyində öz layiqli yerini tutub.

H.Əliyev deyirdi: “Əsrin sonunda öz müstəqilliyini bərpa edən Aszərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəyov və Əhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayraq  və gerbini bərpa etdi. Bu dövlətçilik atributları bu gün də hər bir  Azərbaycan  vətəndaşı üçün olduqca  əzizdir. Bu dövlət , bu quruluş  1918-ci ildə yaradılmış ilk Xalq Cümhuriyyətinin varisidir.

Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın Dövlət Müstəqilliyi Günü, Respublika Günü elan etmişik və bu bizim Milli Bayramımızdır.”

1997-ci ilin mayında AXC elan olunmasının 79-cu ildönümünə həsr olunmuş təntənəli yığıncaqda H.Əliyev 1918-ci ilin mayına qədər Cənubi Qafqazda, o cümlədən Azərbaycanda baş verən siyasi hadisələrə qiymət verərək qeyd edir: “AXC elan olunana qədər bu bölgədə mövcud vəziyyət son dərəcə mürəkkəb olmuşdur. I Dünya Müharibəsi və onun nəticələri bu bölgəyə ağır təsir göstərmişdir, xüsusilə erməni daşnak qüvvələrinin müsəlman əhalisinə qarşı törətdikləri qırğınlar böyük faciələr kimi yadda qalmışdır. 1918-ci il mayın 28-də xalqımızın qabaqcıl ziyalıları Azərbaycanın gələcəyi haqqında düşünənlər AXC-nin yaranması haqqında Tiflisdə qərar qəbul etmiş və bu qərarı İstiqlal Bəyannaməsi adı altında elan etmişlər. Sonra, yəni iyunun ortalarından AXC-nin Gəncə dövrü başlamışdır. ”

H.Əliyev AXC-nin qısa müddət ərzində fəaliyyətini də yüksək qiymətləndirmişdir:

“Bu respublikanın yaranması və az müddətdə də olsa yaşaması azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyini əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. AXC bir çox dəyərli işlər görmüş və Azərbaycanı bir müstəqil Demokratik Respublika kimi yaşatmağa çalışmışdır.”

Böyük siyasətçinin layiqli davamçısı İlham Əliyevin “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikrini  rəhbər tutaraq respublikamız dövlət quruculuğunun daha da təkmilləşdirilməsi yolunda inamla addımlayır. Tarixçilər  onun  hakimiyyət  illərini  tarixin sürətli inkişaf dövrü adlandırırlar. Möhtərəm Prezidentimiz Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının dönməz və ardıcıl həyata keçirilməsində, Azərbaycanın Avropaya və dünya birliyinə uğurlu inteqrasiyasında, müstəqil dövlətimizin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmləndirilməsində bütün bilik və bacarığından istifadə edir.

Əminliklə deyə bilərik ki, bu gün ən nüfuzlu, ən böyük dövlətlər tərəfindən Azərbaycanın mövqeləri dəstəklənir. Ulıu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu yeni mərhələyə daxil olub. Azərbaycan ordusu dünyanın ən güclü silahlı qüvvələri sırasında qərarlaşıb. Bütün bunlar isə 44 günlük Vətən Savaşında möhtəşəm qələbəmizi şərtləndirən amillərdən biri oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın düşmən tapdağında olan əzəli torpaqlarımızı işğaldan azad etdi. Tarixi zəfər müharibəsindən sonra artıq azərbaycan xalqı dünya xalqları sırasına yeni keyfiyyətdə daxil olub. Daxili və xarici siyasəti Respublikanın milli maraqlarına söykənən ölkə rəhbəri dövlətin müstəqillik illərində keçdiyi keşməkeşli, şərəfli yolu ümumiləşdirərək deyir: “Azərbaycan artıq 30 ildir ki, sabitlik şəraitində əsrə bərabər inkişaf yolu keçir.”

Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev 15 oktyabr 2021-ci ildə  “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”nu imzalamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin I  bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 1918-ci il mayın 28-də  İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin elan olunduğu, 1991-ci il oktyabrın 18-də isə  “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi  haqqında” Konstitusiya Aktı ilə dövlət müstəqilliyimizin bərpa olunduğu nəzərə alınaraq mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir.

Prezident İlham Əliyev Ulu Öndər H.Əliyevin 100 illk yubileyi münasibətilə 10 may 2023-cü il tarixində Şuşadan Azərbaycan xalqına müraciət nitqində qeyd etmişdir:  “Qarabağı azad görmək H.Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Mən əminəm ki, bu gün atamın ruhu şaddır, bu gün bütün əcdadlarımızın ruhu şaddır. Biz elə etməliyik ki, öz fəaliyyətimizdə daim onların ruhunu şad edək.

Səidə Səfərova, Sumqayıt Şəhərinin Tarixi Muzeyinin əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər