Heydər Əliyevin gənclər siyasəti böyük uğurla davam etdirilir

675

Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.
Heydər Əliyev
Ümummilli lider


Bu gün Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlarda, davamlı inkişafın təmin olunmasında gənclərin rolu əvəzsizdir. Ölkəmizin inkişafını təmin edən fundamental amillərdən biri də cəmiyyətin ən dinamik təbəqəsi olan gənclərin potensialından səmərəli istifadə edilməsidir. 

Azərbaycan gənci həm də müxtəlif sahələrdə qazandığı uğurları ilə dövlətimizin və xalqımızın qürur mənbəyinə çevrilib. Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, milli düşüncəyə malik və yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, şübhəsiz ki, dövlətimizin həyata keçirdiyi gənclər siyasəti mühüm rol oynamışdır. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Həyata keçirilən gənclər siyasəti xalqımızın milli-mənəvi dəyərlərinə söykənmiş, gənc nəslin mübariz ruhda tərbiyə olunmasından ibarət olmuşdur. Ümummilli liderimiz hər zaman gənclərimizə böyük ümidlər bəsləmiş və Azərbaycanın gələcəyinin məhz gənclərin əlində olduğunu dəfələrlə bəyan etmişdir.
Heydər Əliyev hələ 1969-1982-ci illərdə – Azərbaycana birinci rəhbərliyi dövründə gənclər siyasətinin əsasını qoymuşdur. Həmin dövrdə onun təşəbbüsü ilə 15 mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir. Gənclər Rusiyanın, Ukraynanın və digər ölkələrin tanınmış ali məktəblərində təhsil alaraq Azərbaycana qayıtmış, ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrində ali təhsilli mütəxəssis kimi əmək fəaliyyətinə başlamış, respublikamızın inkişafına öz töhfələrini vermişlər.
1993-cü ildə Azərbaycan xalqının tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət mərkəzində saxladığı mühüm sahələrdən biri də gənclərlə iş olmuşdur. Gənclər siyasəti dövlətin aparıcı xəttinə çevrilmişdir. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında, bir çox vacib problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədi ilə ümummilli lider Heydər Əliyev tərəfindən bir sıra mühüm addımlar atılmışdır. Gənclərlə iş sahəsində ayrı-ayrı dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa müddətdə dövlət gənclər siyasətinin istiqamətlərini uğurla həyata keçirməyə başlamışdır.
1996-cı il fevralın 2-də ulu öndərin təşəbbüsü ilə Azərbaycan gəncliyinin həyatında yeni dövrün əsası qoyulmuşdur. Müstəqil Azərbaycanın tarixində həmin gün ümummilli liderin iştirakı ilə ilk gənclər forumu keçirilmişdir. Forumlarda ulu öndərin proqram xarakterli çıxışlarında gənclərin qarşısında duran vəzifələr müəyyən edilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli istiqamətində tədbirlərin görülməsi sahəsində təşkilatların qarşısında mühüm vəzifələr qoyulmuşdur. Bir il sonra ilk forumun iştirakçılarının bir qrupu ilə görüşən Heydər Əliyev əsas diqqəti ötən bir il ərzində görülmüş işlərin təhlilinə, gənclərlə bağlı əsas problemlərin həllinə yönəltmişdir. Ulu öndərin həmin gün imzaladığı sərəncamla fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunmağa başlandı. Bu, MDB və Şərqi Avropa ölkələri arasında ilk belə addım idi.
Bu gün keçmişə nəzər saldıqda görürük ki, birinci forumdan sonra müstəqil Azərbaycanda gənclərə münasibət köklü şəkildə dəyişib. Ötən illər ərzində gənclərin sosial problemlərinin həlli istiqamətində xeyli iş görülmüşdür.
Ən əsası bu illər ərzində gəncliyin tərəqqisi üçün hüquqi baza yaradılmışdır. Gənclərlə işin əhatə dairəsini genişləndirmək məqsədilə “Dövlət gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” fərman və sərəncamlar qəbul edilmişdir. “Gənc ailə”, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu”, “Gənclər siyasəti haqqında” proqramlar, qanunlar gənclərin fəaliyyətinə stimul vermişdir.
Hələ 1999-cu ildə ölkə Prezidenti, ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “Dövlət gənclər siyasəti haqqında” fərman dövlət gənclər siyasətinin həyata keçirilməsinə, uşaq və gənclərlə işləyən kadrların hazırlanmasına, gənclərlə bağlı proseslərin elmi cəhətdən öyrənilməsinə yönəlmişdi. Bu fərman uşaq, yeniyetmə və gənclərin üzləşdikləri problemlərin həlli istiqamətində əməli tədbirlərin görülməsinə şərait yaratmışdır. Bu sahədə həyata keçirilən siyasət gənc nəslin mənəvi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yüksəldilməsinə xidmət etmişdir.
Uşaq və gənclərin hərtərəfli inkişafını təmin etmək, onların problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində daha təsirli tədbirlərin görülməsi, habelə gənclərin hüquqlarının müdafiəsi sahəsində fəaliyyətlərinin tənzimlənməsi məqsədi ilə 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
1993-2003-cü illərdə ulu öndər Azərbaycan gəncliyinin müasir, inkişaf etmiş və yüksək intellektual qüvvə kimi formalaşması üçün böyük səylər göstərmişdir. Gənclərin ictimai-siyasi həyatda fəallığının artırılmasına dair Dövlət Proqramının icrası, dövlət orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.” – Bu fikirlər ulu öndərin Azərbaycan gəncliyinə nə qədər əhəmiyyət verdiyini göstərir.
Ulu Öndərin milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişafı, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların aparılması, eyni zamanda, gənclər siyasəti ilə bağlı irəli sürdüyü ideya və prinsiplər Azərbaycanın bugünkü və gələcək inkişaf strategiyasının əsasını təşkil edir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Dövlətimizin başçısının gənclərə daim diqqət yetirməsi, onların problemlərinin həlli istiqamətində atdığı addımlar nəticəsində müasir düşüncəli, vətənpərvər ruhlu Azərbaycan gəncliyi yetişib. Mənəvi və fiziki cəhətdən sağlam, ölkəsinə, xalqına bağlı Azərbaycan gəncləri onlara həvalə edilmiş tarixi missiyanın öhdəsindən uğurla gəlirlər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində gənclərimizin döyüş meydanında göstərdiyi şücaət və qəhrəmanlıq nəticəsində parlaq Qələbə qazandıq. 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi bundan sonra da Ali Baş Komandan, ­Prezident ­İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin daha da inkişafına öz dəyərli töhfəsini verəcək.

 

Sevinc Qasımova,
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi sədrinin müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər