General-mayor Hikmət Həsənovun Zəfər günü Şuşada generallarla görüşdə iştirak etməməsi barədə “Qafqazinfo”da yayımlanan xəbərdən sonra yaxınları məsələyə münasibət bildirib. Generalın Birinci Ordu korpusu komandirliyindən çıxarıldığını və hazırda Hərbi Akademiyada xidmətə davam etdiyini qeyri-rəsmi olaraq təsdiqləyiblər.
Məlumata görə, Hikmət Həsənov ötən il noyabrın 20-də təhvil verilən Ağdama daxil olarkən kalonun başında zirehli maşınla hərəkət edib. Bu zaman maşın minaya düşüb və general ağır xəsarət alaraq belində 3 yerdə sınıq əmələ gəlib. Hazırda da hospitalda müalicəsini davam etdirir.
Müharibə zamanı general Həsənovun infarkt keçirməsi və ürək əməliyyatı olması ilə bağlı informasiyaya da yaxınları münasibət bildirib. Qeyd ediblər ki, döyüşləri idarə edən Hikmət Həsənovun gecə saat 02 radələrində ürəyi tutub və Gəncə Mərkəzi Klinik Xəstəxanasına çatdırılıb. Orada ürəyinə stend qoyulduqdan sonra həmin gün səhər tezdən şimal-qərb cəbhəsinə qayıdaraq döyüşlərə rəhbərlik etməsinə davam edib. Bu zaman generalın həyatına təhlükə olduğu üçün xüsusi həkim qrupu ilə təmin edilib.
H.Həsənovun yaxınları vasitəsilə ondan açıqlama almağa çalışsaq da, general hazırda xidmətdə olduğu üçün yuxarı rəhbərliyin icazəsi olmadan açıqlama verə bilməyəcəyini deyib. Hər hansı bir açıqlama, məlumat üçün Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağı tövsiyə edib.
“Qafqazinfo” general-mayor Hikmət Həsənovun içində olduğu zirehli maşının Ağdamda minaya düşdükdən sonrakı görüntülərini təqdim edir:
Murad Əhməd