Hümbət Həsənoğlunun oxuculara yubiley töhfəsi

998

İstedadlı həkim-yazıçı kimi yaradıcılığı son illərdə ədəbi ictimaiyyətin və feysbuk istifadəçilərınin diqqət mərkəzində olan Hümbət Həsənoğlu (Quliyev) oxucularını özünün 65 illik yubileyi günlərində yeni çapdan çıxmış “Son təbəssüm” kitabı ilə sevindirib.

 

İlk gündən yaradıcılıq üslubu, həyata öz fərdi, qeyri-adi baxışı, orijinallığı ilə seçilən yazıçının yeni kitabına maraqlı hekayələr, esse, oçerk və novellalar, bugünümüzdən götürülmüş həyati-fəlsəfi rəvayətlər daxil edilmişdir.

Sumqayıtın “Azəri” poliqrafiya müəssisəsində çap edilmiş kitabın redaktoru şərqşünas-filoloq, nəsimişünas Vüsal Hətəmovdur.

Hümbət Həsənoğlunun indiyədək “Qanun” nəşriyyatında çap edilmiş 4 kitabı (“Statusman”, “Kəpənək xoşbəxtliyi”, “Aforizmlər”, “Hümbət Həsənoğlunun aforizmləri-2”) və qardaş Türkiyədə “Kelebek mutluluğu” (“Kəpənək xoşbəxtliyi”) və “Aforizmalar” adlı iki kitabı oxucular tərəfindən maraqla qarşılanmışdır. Yazıçının artıq bir-neçə kitabı rus dilinə tərcümə olunmuş, Cənubi Azərbaycandakı soydaşlarımız üçün əski əlifba ilə çapa hazırlanmışdır. Onun əsərləri hazırda digər dillərə də tərcümə edilir.

Hümbət Həsən oğlu Quliyev 1972-ci ildə Sumqayıt şəhər 17 nömrəli orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunda, daha sonra isə Saratov Tibb Universitetinin hərbi-tibb fakültəsində təhsil alaraq, göz həkimi ixtisasına yiyələnmiş, 1979-1985-ci illərdə Moskva vilayətindəki Kosmik Fəzaya Nəzarət Mərkəzinin poliklinikasında göz həkimi, baş həkim, Leninqrad Hərbi-Tibb Akademiyasının göz xəstəlikləri kafedrasında oftalmoloq kimi çalışmışdır. İstedadı və geniş təcrübəsi ilə diqqəti cəlb edən Hümbət həkim 1987-ci ildə Almaniyadakı Sovet Hərbi Qospitalında göz xəstəlikləri şöbəsinin müdiri vəzifəsinə göndərilmiş və 6 il orda səmərəli fəaliyyət göstərərək, dərin bilyi və yüksək peşəkarlığı ilə alman və sovet həmkarlarının nüfuzunu, müalicə etdiyi yüzlərlə xəstənin ehtiramını qazanmışdır. Eyni zamanda o, 1991-ci ildə Berlin Biznes Məktəbində Sovet məkanı üçün tamamilə yeni olan sahibkarlıq işinin elmi-praktik əsaslarını öyrənmiş, bu sahədə ilk peşəkar  azərbaycanlı mütəxəssis kimi Azərbaycana  qayıtmışdır.

Hümbət Həsənoğlu Sumqayıtda ilk Biznes Mərkəzinin təsisçisi və beş ildən çox prezidenti, 1997-1999-cu illərdə Respublikanın Prezident Adminstrasiyası nəzdində Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində departament rəhbəri vəzifəsində çalışmış, daha sonra 5 il Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Sumqayıt Sahibkarlar Assosiasiyasının sədri olmuşdur. Və artıq 10 ildən çoxdur ki respublika üzrə Sahibkarlığın Regional  Araşdırma Mərkəzinin sədridir. Özünün yüksək intellektinin, zəngin iş təcrübəsinin nəticəsi olaraq Türkiyə, Rusiya, ABŞ, Braziliya, İspaniya, Qazaxıstan və digər ölkələrdə sahibkarlığın müxtəlif problemlərinə həsr edilmiş tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmişdir.

Maraqlıdır ki, həyatda öz qeyri-adi, məntiqi düşüncələri və təşəbbüsləri ilə seçilən Hümbət Həsənoğlu istedad və bacarığının kulinariya sahəsində də tətbiqinə nail ola bilmişdir.   Azərbaycanın dünyada daha geniş tanınmasına, onun qədim milli-mədəni, məişət ənənələrinə xarici ölkələrdə də ehtiramın artmasına çalışaraq o, özünün ideya müəllifi olduğu və “Sumqayıt dolması” adlandırdığı “ikiqat dolma”nı da kəşf etmişdir. “Sumqayıt dolması” artıq Azərbaycan brendi kimi qeydə alınmaq üçün YUNESKO-ya təqdim edilmişdir.

Çoxşaxəli istedada malik yubilyar yazıçıya yaradıcılığında daha böyük uğurlar arzu edirik!


Rəhman ORXAN (modern)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər