I siniflər üçün summativ qiymətləndirmə ləğv olunub

1072

Azərbaycanda ümumtəhsil müəssisələrinin I siniflərində kiçik summativ qiymətləndirmə (KSQ) və böyük summativ qiymətləndirmə (BSQ) ləğ olunub.

“Report” xəbər verir ki, bununla bağlı təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Qərara əsasən, I sinifdə summativ qiymətləndirmə aparılmayacaq. II-III siniflərdə isə böyük summativ qiymətləndirmə keçirilməyəcək.

BSQ ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən hər yarımilin sonunda aşağıda sadalanan fənlər üzrə aparılır:

– ümumi təhsil müəssisələrinin IV, IX və XI siniflərində bütün fənlər üzrə;

– ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə;

– lisey və gimnaziyaların V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə;

– ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə;

– ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 təmayül fənni üzrə;

– lisey və gimnaziyaların X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə.

– Ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün və tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində həmin təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum digər 3 fənn üzrə də böyük summativ qiymətləndirmə keçirilə bilər.

Xatırladaq ki, kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkala ilə ölçülür. KSQ II-XI siniflərdə bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır.

Qeyd edək ki, summativlərin ləğvi ibtidai siniflərdə dərs yükünün azaldılmasıdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər