İcra başçısının bir cümləsi birlik sədrini ümidləndirib

766

Hər gün onlarla insan dərdini onlara danışır. Necə? Çox sadəcə – 64 2 31 31 nömrəsini yığmaqla hər kəs anonim qalmaqla, öz dərdini danışa, psixoloji narahatlığını azalda bilər. Həmin telefonda oturanlar xüsusi təlim keçmiş psixoloqlardır və onlar müraciətləri dinləməklə işini bitmiş hesab etmir, həm də məsləhətlər verir, çıxış yolu göstərməyə çalışırlar. Söhbət uşaq və gənclərə psixoloji dayaq mərkəzi – “Etimad”ın telefon xidmətindən gedir.
Etimad İctimai Birliyi 2004-cü ildən fəaliyyət göstərir.

Birliyin məqsədi Uşaq və Yeniyetmələrin Azərbaycan Respublikası Konstitusiyasının və digər normativ hüquq sənədlərində, BMT-nin uşaq hüquqları konvensiyasında təsbit olunmuş hüquq və azadlıqların həyata keçirilməsinə yardımçı olmaqdır. Uşaqların ruhi, psixi, sosial və fiziki inkişaf, hər növ təklənmə, diskriminasiya və zorakılıq hallarından qorunması və onlara qarşı mehriban münasibətin bərqərar edilməsi məqsədilə yaradılmışdır.

Bu və ya digər məqamlarla bağlı birliyin sədri Samirə Əhmədli ilə söhbətləşmişik.

– Samirə xanım, fəaliyyət hardan maliyyələşir?

– Dəstəyimiz 2005-ci ildə Almaniya Texniki İnkişaf Cəmiyyəti tərəfindən olmuşdur. Maliyyələşmə isə sadə alman vətəndaşı olan doktor Villin 10 min avrosu ilə olub. O ildən sonra birliyimiz heç bir maddi dəstək almayıb. 2011-ci il fevralın 2-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müsabiqəsində layihəmiz keçib, amma maliyyə dəstəyi hələ də verilməyib.

– Könüllülər kimlərdir və onları hansı prinsiplərlə seçirsiz?

– Könüllüləri biz məktəb müəllimlərindən, universitet tələbələrindən seçirik. Keçən il könüllüləri tələbələrdən seçdik, çünki onlar praktik cəhətdən psixologiya, filologiya, fəlsəfəni bitirmişdilər.

Əsas kriteriyalarimiz – dinləmə mədəniyyəti, ünsiyyət bacarığı, ruhən uşağa və uşaq sevgisinə yaxınlıq, bilikli və intelektual, hər mövzudan məlumatlı olmaqdır. Yəni müxtəlif mövzularda zənglər olduğuna görə bu insanın dünyagörüşü geniş olmalıdır.

– Sizə ən çox hansı yaş qrupları və hansı problemlərlə müraciət olunur? Müraciət edənlər ancaq sumqayıtlılardır?

– Bizə müraciət edənlərin yaş qrupu 6 yaşdan-30 yaşa kimi kimidir. Amma 30 yaşdan yuxarı da var. Zəng edənlərin əksəriyyətini 18-25 yaş arası gənclər təşkil edir. Ən azyaşlı müraciətçimiz isə 6 yaşlı uşaq olub. Statistika üçün deyim ki, gələn zənglər aşağıdakı mövzuları əhatə edir:

– Ailə problemləri:

Qadağalar;

Valideynlərin etinasızlığı;

Valideynlər arasında konflikt;

Ayrılma, boşanma;

Kənar şəxslə qalma;

Bacı-qardaş münasibətləri;

– Məktəb, təhsil:

Zəif qiymətlər;

Qavranma çətinlikləri;

Ələ salma;

Mübahisə;

Müəllimlər ilə konflikt;

– Şəxsi mövzular və ya problemlər, məsələn:

Bədən, xarici görkəm;

Tənhalıq;

Darıxma;

Asudə vaxt;

Özünə inam;

– Sosial yönüm əsasında yaranan konfliktli problemlər:

İşsizlik;

Yoxsulluq;

Gələcək ilə bağlı;

– Zərərli vərdişlər:

Siqaret çəkmə;

Düzgün qidalanmanın pozulması;

Narkotiklərdən müalicə olma arzusu;

Oyuna ifrat qurşanma

Etimad mərkəzi Sumqayıtda yerləşdiyi üçün zəng edənlərin əksəriyyəti Sumqayıt camaatıdır. Bundan başqa, dəfələrlə Bakı şəhərindən, Xızı rayonundan müraciətlər olub. Bu günə qədər artıq 15047 zəngin daxil olması bu xidmətin şəhərimiz, xüsusən gənclərimiz üçün nə qədər vacib olmasını bir daha təsdiq edir.

– Hal-hazırda psixoloqlara müraciət necədir? Yanlış bir anlayış var: “Psixoloqun yanına gedirsənsə, psixi xəstəsən” – indi bununla bağlı durum necədir?

– Mən 1998-ci ildən 16 saylı orta məktəbdə psixoloq işləyərək bu işə başlamışam. 1998-ci ildə vəziyyət həddindən artıq çox pis idi. Son illərədək cəmiyyətimizdə belə bir yanlış təsəvvürlər qalırdı ki, psixoloqa xəstə insan müraciət edir. Hal-hazırda da müəyyən insanlarda bu anlayış var. Amma 1998-i 2011-lə müqayisə edəndə mən çox şadam ki, insanlar bu anlayışın mahiyyətini anlayırlar.

Psixologiya nə deməkdir? Psixo – ruh, logiya – elm deməkdir. Deməli, ruh haqqında elm.

İnsan psixoterapevtə onun üçün gedir ki, artıq ruhu vəziyyətində çox böyük qüsurlar var, beyinin də yorğunluğu var, bunlar bir-birinə qarışır, insan özü ilə bacarmır və dərmanlar qəbul etməyə məcbur olur. O həddə çatmamaq üçün psixoloqla mütləq görüşmək lazımdır. O həddi də hər bir insan özü özlüyündə hiss edir.

Psixoloq – Sağlam insanlarla işləyir. O, sadəcə iradəsi zəifləmiş insana özündə necə güc tapmalı olduğunu təlqin edir. O iradəni necə inkişaf etdirmək lazımdır, necə özünə inamı qaytarmaq lazımdır, necə özünü qiymətləndirmək lazımdır.

– Hal-hazırda məktəb psixoloqlarının iş fəaliyyət, peşəkarlıq səviyyəsi necədir və sizi qane edirmi? Onlar bilik və bacarıqlarını artırmaq üçün təlim və seminarlarda iştirak edirlərmi, yaxud yaxın vaxtlarda siz özünüz belə bir təşəbbüsdə bulunmaq fikrindəsinizmi?

– Hal-hazırda məktəb psixoloqlarının fəaliyyəti, peşəkarlıq səviyyəsi məni də bir psixoloq kimi qane etmir. Amma düşünürəm ki, bir neçə məktəb psixoloqları öz üzərində işləyir. Bunun üçün Sumqayıt şəhər Təhsil Şöbəsi 5 ildən bir bizi kurslara göndərir. Kurslar bir aylıq Azərbaycan Müəllimlər İnstitutunda olur. Kurslar əla keçirilir və doğrudan da bizə nəsə verir.

Mənim fikrimcə, psixoloq daim öz üzərində işləməlidir. Psixoloq daim mütailə etməlidir. Tək psixoloji kitablar yox, bədii kitabları da oxumalıdır.

Keçmiş Sumqayıt şəhər icra başçısına “Etimad”a 2004-cü ildə 2 otaqlı yer, telefon xətti və əla şarait yaratdığına görə, biz hər zaman təşəkkürümüzü bildiririk. İnşallah, bundan sonra da “Etimad”da yeniliklərin olmağını çox istərdik. Hörmətli icra başçımız Eldar Əzizovun çıxışı zamanı işlətdiyi bir cümlə mənə o qədər təsir etdi ki, istərdim o cümləni sizin nəzərinizə çatdırım: “Azərbaycan Respublikasının Prezidenti mənə etimad olaraq Sumqayıta göndərdi”. Bax o cümlədəki etimad mənə sanki bir işıq kimi gəldi. İnşallah, bizim şəhərdə Etimad üçün də bir yeniliklər olacaqdır.

Elmir Ağayev, “168saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər