İki güllə ilə vurulmayan dovşan

1100

Şənbə günü onsuz da baxımlı olmayan “Bakı” – AZAL qarşılaşması Vüsal Əliyevin hər fürsətdəcə meydan sahiblərinə kömək etmək həvəsi sayəsində bir az da darıxdırıcı alındı. Bu məyusluğun təsiriylə özümüzü Biləcəridən birbaşa ünlü Tofiq Bəhrəmovun adını daşıyan baş arenamıza, “Qarabağ”-“Sumqayıt” oyununa çatdıranda maraqlı qarşılaşma izləmək həvəsində idik. Amma Qurbanovun yetirmələri “gənclik şəhəri”nin təmsilçiləri ilə ötən mövsüm baş tutan oyunlardan dərs çıxarmışa bənzəyirdilər. Belədə Rəşad Sadıqov və komanda yoldaşları Raabın yetirmələrinə göz açdırmayınca respublika stadionunda “bir aktyorun teatrı”nı xatırladan tamaşa izlədik. Ümid qalırdı “İnter”lə “Qəbələ”yə. Sağolsunlar, bizi yanıltmadılar. “Şəfa” stadionunda gərgin mübarizə şəraitində keçən baxımlı futbol izləyə, maraqlı hadisələrə şahidlik edə bildik. Məlum məsələdir ki, meydanda baş verən ssenari “bankirlər”in iradəsindən kənar “yazılmışdı”. Elə buna görə də oyunun ayrı-ayrı bölümlərində “İnter”in sürəti azaltmağa yönəlik çabalarını hiss etmək çətin deyildi. Cəmisi beş gün əvvəl “Gilan” oteldəki söhbətimizdə Ramiz Məmmədov paytaxta 3 xal üçün gələcəklərini, “İnter”in məğlubedilməzliyindən, liderliyindən çəkinmədən qələbə üçün oynayacaqlarını açıq söyləmişdi. Çalışdırıcı sözünü tutdu. Amma oyunun gedişatına müdaxilələri lazımı qədər effektli alınmadığından sonda üzülən tərəf məhz qonaqlar oldu. Son qarşılaşmadakı görüntüsünə əsasən belə bir mühakimə irəli sürmək olar ki, “Qəbələ” səviyyəli dayaq yarımmüdafiəçisi və qapıçısı olsa, eləcə də Kristian Pulhak hisslərini cilovlaya bilib, daha soyuqqanlı oynamağı bacarsa mükafatlara iddia edə bilər. Hətta, qızıl da olmasa, gümüş medalları qazanar. Bilmirəm, legioner limiti üzündənmi, yoxsa hansısa səbəbdən Ramiz bəy meydanda yer alanlar arasında ən zəif görüntüsüylə diqqət çəkən Aleksandr Çertaqanovu sonadək əvəzləmədi. Bu azmış kimi Amit Quluzadənin başından zədələnməsinin ardından tez-tez kobud səhvlərə yol verməsi çalışdırıcını dilemma qarşısında qoydu. Vəziyyəti komandasının xeyrinə dəyişmək istəyən Məmmədovun istəyi əks nəticə verdi. “İnter”in vurduğu qollara birmənalı olaraq təsadüf kimi qiymət vermək yanlış düşüncədir. Əksinə, Tsxadadzenin yetirmələrə zaman-zaman “ikinci skripkaçı” kimi görünsələr belə, 3 xalı heç də rəqib komandadan az haqq etmirdilər. Təsladüfi deyil ki, gürcü çalışdırıcı özü də mətbuat konfransında yetirmələrinin fərdi qaydada qonaqlardan geri qaldığını etiraf etdi. Futbol isə komanda oyunudur. Kaxaber bico Abdulayenin Kamanan və Rəşad Abdullayevlə mübarizə aparacaq gücdə olmadığını vaxtında hiss etməsi vacib məqam idi. “Qəbələ” hesabı bərabərləşdirəndən cəmisi yeddi dəqiqə sonra mərkəz müdafiəçisini Niasseylə əvəzləyən gürcü çalışdırıcı idman mətbuatının şəninə söylədiyi təriflərə layiq olduğunu bir daha isbatladı. Bu əvəzetmənin sayəsində “bankirlər” sağ cinahdan Rəşadın ildırım sürətiylə gerçəkləşən, Mendiylə Kamanana dəqiq ötürmələrlə sonuclanan keçidlərini nisbətən əngəlləyə, oyunu sakitləşdirə bildilər. Onların bundan artığına gücü çatmırdı desəm böyük qəbahətə yol vermiş olmaram. Təəssüf ki, Tsxadadzenin rəqib düşərgədəki həmkarı bazar günü onun qədər şanslı deyildi. Ola bilər ki, start fitindən 70-ci dəqiqəyə qədər meydanın ən yaxşılarından olan Rəşad yorğun görünürdü. Lakin hadisələrin sonrakı gedişatı göstərdi ki, sabiq “Neftçi”linin karyerasının ən yaxşı vaxtlarında belə sürətiylə seçilməyən, xaraktercə ləng futbolçu olan Ceyhun Sultanovla əvəzlənməsi yanlış addım idi. Prinsipcə Rəşadla Ceyhun fərqli mövqelərdə çıxış edən futbolçular olduğundan Ramiz bəyin bu əvəzetməsinin hansısa taktiki gedişə hesablandığını başa düşmək çətin deyil. Sadəcə olaraq, Rəşadın meydandan çıxmasıyla “İnter”li futbolçuların əl-qolu açıldı. Axı buna qədər meydan sahiblərinin 3-4 futbolçusu Abdullayevə “göz qoymaqla” məşğul idi. Ceyhun Sultanov meydandakı ab-havaya uyğunlaşana kimi isə “Qəbələ” qapısında ikinci qolu gördü. Bu əvəzetmə ilə Zərgərovun qol vurması arasında cəmisi üç dəqiqəlik zaman kəsiyinin olması dediklərimə sübutdur. Görünür, Ramiz bəy pleymeykerlik bacarığıyla seçilən Ceyhunun “İnter”in sıx müdafiəsinin arxasına edəcəyi dəqiq ötürmələrlə qələbə topunu vuracaqlarına ümid edirmiş. Üstəlik, başından zədə alandan sonra oyundan qopan Amiti limit səbəbindən Ürfan Abbasovla əvəzləmək məcburiyyəti çalışdırıcını çətin seçim qarşısında qoydu. Məlum məsələdi ki, qısa zamanda üç əvəzetmə planlaşdıran Məmmədov taktiki gediş sayəsində Lomayanın qapısına yol tapmağı, vacib üç xalı bayram etməyi planlaşdırmışdı. Amma onun saydıqlarıyla fələyin, daha doğrusu Kaxaber biconun saydıqları üst-üstə düşmədi. Rəşadın meydandan çıxmasıyla oyuna nəzarəti əldən verən qonaqlar bu azmış kimi, bir də Samir Zərgərovu süni oyundan kənar vəziyyət toruna salmağa çalışarkən səhvə yol verdilər. Belədə üç xalın həvəsində olan “Qəbələ” bir xal qazandıracaq bərabərliyi də əldən verdi. Obrazlı desək, Ramiz Məmmədov iki gülləylə (Rəşadla Amitin əvəzlənməsiylə) bir dovşanı vura bilmədi. Eyb etməz, yalnış da bir naxışdı. Gün o gün olsun ki, bir gülləylə iki dovşanı vurasız.

 

Amal Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər