Masallı rayonundan olan iki qardaş – İntiqam və Nurlan Əsgərlilər torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olublar.
Nurlan 2016-cı ildə, İntiqam isə 2020-ci ildə şəhidlik zirvəsinə yüksəlib.
Fərqli illərdə şəhid olsalar da, onlar eyni ruhda böyümüşdülər. Nurlan 2016-cı ildə aprel döyüşlərində şəhid olanda 20, İntiqam isə 2020-ci il İkinci Qarabağ müharibəsinə qatılarkən 30 yaşında idi.
Onlar dünyaya gəldikləri zaman torpaqlarımız işğal altında idi. Qardaşlar ağrılı-acılı illərin şahidi olublar. Onların xalqa, Allah məhəbbəti, düşmənə nifrət hissləri güclü olub. Uşaq yaşlarından hərbi sahəyə maraq göstərən qardaşlar, bu yolda da canlarını fəda ediblər…
Modern.az saytı şəhid qardaşların anası Ziba Əsgərli ilə həmsöhbət olub.
“Adını qoymuşdu, ölümünə də şahid oldu…”
“Nurlan 1995-ci ilin dekabrın 3-də Masallı rayonunda anadan olub. Böyük qardaşı İntiqam Nurlan dünyaya gələndə onun adını özü qoydu. İntiqamın ən böyük arzusu da bu idi: “Qardaşım olsa, adını Nurlan qoyacam”. Nurlan böyüdükcə özünü İntiqama bənzədirdi. Qardaşını özünə ideal götürmüşdü. Onların 2 bacısı da var. Lakin buna baxmayaraq iki qardaş bir-birinə çox bağlı idilər. Nurlan 4 yaşından idmana başlayıb. Oğlanlarım cüdo və boks üzrə idmançı idilər.
2014-ün yanvar ayında Nurlan əsgər getdi. Həmin vaxt İntiqam artıq Xüsusi Təyinatlı Qüvvələrdə gizir olaraq xidmət keçirdi. Nurlan 1 il 3 ay əsgərlik müddətindən sonra N saylı hərbi hissənin kəşfiyyat bölüyündə baş istehkamçı kimi xidmətə başladı. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kursuna daxil oldu.
Mən hər iki oğlumun hərb sahəsini seçməyi ilə fəxr edirdim. Onlar mənim arzularımı gerçəkləşdirirdilər. Aprel döyüşlərində hər iki oğlum eyni istiqamətdə döyüşüb. Nurlan şəhid oldu, İntiqam isə şahid..
Nurlan 2016-cı il aprelin 4-ü şəhadətə qovuşub. İntiqam öz qardaşının nəşini döyüş meydanından çiynində çıxarıb… O, qardaşının şəhadətə qovuşmasının şahidi olub”.
“Üç günə qayıdacağını dedi, həmin müddətdə şəhid oldu…”
“2016-cı il yanvarın 13-də Nurlan dostu ilə evə gəldi. Dedi “icazə almışam, biz oxumağa gedirik. Birdən gec-gec danışarıq. Sənə bir şey olsa, özümü bağışlamaram. Dostumu gətirmişəm, tez-tez gəlib səni yoxlayacaq. Bu oğlan mənim ruhumdu”.
Həmin vaxt ikisini də qucaqladım. Nurlanı qucaqlayanda ondan elə bir qoxu gəldi ki, sanki bihuş oldum. O qoxu heç bir yerdə yoxdur.
Onlar kursu bitirən zaman Aprel döyüşü başladı. Nurlan aprelin 2-də mənə zəng vurdu. Dedi: “Ana, bilirsən niyə zəng etmişəm? İstədim deyim ki, telefonu söndürürük, mənə zəng çatmasa, narahat olma”. Sonra da dedi “ana, qardaşım heç bilirsən burda necə hörmət qazanıb… Ən böyük arzum İntiqama layiqli qardaş olmaqdır”. Sonra da üç günə evdə olacağını dedi. Elə oldu ki, həmin üç günə övladımın şəhid xəbəri gəldi.
Yoldaşıma da demişəm ki, nə sənin, nə də mənim ağlamağa haqqımız var. Çünki ikisi də bizim övladımızıdır. Nurlan vurulanda orada ən çox ağrı-acını yaşayan İntiqam olmuşdu. Çünki qardaşı və dostları gözünün qarşısında şəhid olmuşdular. Son günə qədər İntiqam məni ağlayan görmədi. Həmişə onunla qürur duyduğumu dedim. Bir dəfə soruşdum ki, Nurlan nədənsə qorxumurdu ki?. Dedi: “Yox ana, o həmişə mənə heç nə olmasın deyə, özünü önə atırdı”.
Aprelin 4-ü döyüşdə 2 qardaş və 4 nəfər olub. Yaralıları götürən zaman pilotsuz uçuş aparatı atəş açıb. İntiqam dostlarına yardım etmək istəyəndə görüb ki, qardaşı şəhid olub. Nurlan vurulandan sonra 30 saniyə özündə olub. İntiqam onu qucağına alıb yardım etmək istəyəndə, qardaşının qucağında şəhid olub. İntiqam orada iki yaralıya yardım göstərib”.
“Şəhid olsam, rahatlıq taparam…”
“Böyük oğlum İntiqam 1990-cı ilin avqustun 16-da Masallı rayonunda dünyaya gəlib. Uşaq yaşlarından idmanla məşğul olub. İntiqam doğulan gündən hər kəsə örnək idi. Sakitliyi və mehribanlığı ilə hamının yanında hörmət qazanmışdı. Düşmənə nifrəti uşaqlıqdan güclü idi. Buna görə də hərbiyə marağı getdikcə artırdı. İntiqam Milli Orduda gizirlik kursunu fərqlənmə ilə bitirərək, Murovdağda xidmətə başladı. 2011-ci ildən 2014-cü ilə qədər Murovdağda gizir rütbəsində qulluq edib. Daha sonra Xüsusi Təyinatlılarda kəşfiyyatçı kursu keçib. Oranı da fərqlənmə ilə bitirdi. İntiqam Aprel döyüşlərinin iştirakçısı olub.
2016-cı ildə Xüsusi Təyinatlı Qüvvələrin dağçılıqda təlimatçı bölməsinə daxil oldu. Aprel döyüşündən sonra o, özünə “İntiqam qisas” ləqəbi götürmüşdü. Həm qardaşının, həm yoldaşlarının, həm də qocaların, uşaqların qisasını almağı özünə söz verdi. Məhz bu fikir ilə də yaşayırdı.
İntiqam N saylı hərbi hissədə xidmət edirdi. Sentyabrın 25-i axşamı bizimlə halallaşmaq üçün evə gəldi. Evdə təkcə mənə müharibənin başlayacığını demişdi. Həmin gün gecə saat 1-ə qədər danışdıq. Nurlanın xatirəsinə bir guşə düzəltmişik, İntiqam gecə saat 5-ə qədər o otaqdan çıxmadı. Namaz qıldı. Səhər sübhdən hava açılmamış getdi. Gedərkən telefonunu çıxarıb mənə verdi. Dedi ki, heç kim bilməsin hardadır, hamı düşünsün ki, hərbi hissədədir.
Sonra da “qızımın üzündən öpdüm, lakin yoldaşımı çağırıb bir söz deyə bilmədim. Çünki məndən soruşacaqdı ki, nə vaxt qayıdacaqsan, mən yoldaşıma yalan deyə bilmərəm. Buna görə onunla görüşə bilmədim” dedi.
İntiqam gedəndə məndən halallıq istədi. Dedi: “Ana səndən bir xahişim var, mənə halallıq ver. Döyüşə gedirik”.
Belə deyəndə təlaşlandım, “anan sənə qurban olsun, analıq haqqımı sənə halal edirəm. Amma səndən bircə xahişim var, ehtiyatlı ol, ümidimiz sənsən”.
Dedi ki, “ana, əgər qismətimdə yaşamaq varsa, necə ki aprel döyüşlərindən sağ çıxdım, bu dəfə də Allahın köməkliyi ilə qayıdacam. Yox, əgər qismətimdə şəhid olmaq varsa, o zirvəyə yüksələcəm. Şəhid olsam qisasımı aldığıma görə rahatlıq taparam”.
Onu 2020-ci il sentyabrın 26-da yola saldım. Axıırncı dəfə oktyabrın 18-i danışdıq. Dedim ki, anan qurban, kaş quş olub uçardım yanına, düşmənin birini sən vuranda, birini də mən vurardım. Dedi ki, ana ehtiyac yoxdur, burada elə igid oğullar var ki….
Noyabrın 8-nə qədər bütün döyüşlərdə – Şuşada əlbəyaxa və dağa dırmanmada iştirak edib. Hətta ayın 8-i komandiri ona geri qayıtmağı məsləhət görüb. Lakin İntiqam razı olmayıb. Onda deyib ki, “mən qarşıma qisasımı almaq üçün məqsəd qoymuşam. İntiqamımızı aldığımız vaxt geri çəkilsəm, anam məni bağışlamaz”. Mənə hətta Şuşadan zəng etmişdilər ki, İntiqam belə deyir. Onda dedim ki, hər bir oğul başlatdığı işi sona çatdırmalıdır. Yarımçıq qalan iş doğru deyil.
Noyabrın 9-da İntiqam şəhid oldu. Yanındakı yoldaşları İntiqamın bu sözləri dediyini bildirirlər: “30 illik həsrətə son qoymalıyıq. Biz dünyaya gələndən bu əziyyəti çəkirik. İndi biz qisas almasaq, sonraki nəsillər də əziyyət çəkəcək”.
“Nurlanın varlığını hiss etmişəm…”
“Nurlan şəhid olandan 1 il yarım sonra İntiqamın yuxusuna girmişdi. Ona demişdi ki, “anama söylə ağlamasın, mən Sahib-əz-Zamanın yanındayam”.
Hacı Şahinin təşəbbüsü ilə 4 şəhid anası Məşhəd-Kərbəla ziyarətinə getdik. Yaxamızda oğlanlarımızın şəkilləri var idi. Orada bələdçi qadınlardan biri mənə yaxınlaşdı. Nurlanın şəklini göstərib kim olduğunu soruşdu. Qarabağda şəhid olduğunu bildirdim. Daha sonra əli ilə işarə elədi ki, gəl arxamca. Bizi dərin bir zirzəmiyə apardı. Bir az aşağı düşmüşdüm ki, gördüm namaz qılanlar var. Aşağıda böyük bir ziyarətgah var idi. Bir qadın oradakı otağın Sahib-əz-Zamanın qeyb otağı olduğunu dedi. Üzümə salavat çəkəndə bir xoş qoxu gəldi. Tanış qoxu idi. Həmin qadın kənarda durub ancaq məni izləyirdi. Analara qoxunu deyəndə onlar hiss etmədikərini dedilər. Bir an dərindən nəfəs alanda məni qoxu bürüdü. Nurlanla görüşdüyüm son gündəki qoxu idi. Çox qeyri-adi hisslər keçirdim. Axırıncı dəfə Nurlanla görüşəndə ondan bu qoxu gəlmişdi. Ağladım. Həmin an məni başa düşürlərmiş kimi əllərimi birləşdirib öpdülər.
Oradan çıxanda elə bildim ki, o qoxu mənimlə birlikdə gəlir. Bir anlığa bir oğlan gördüm, əynində Nurlanın şəkli olan köynək var idi. Onun köynəyinin arxasından öpdüm. Qoxunu hiss etdikcə Nurlanın şəklini daşıyan köynəklərdə başqa-başqa adamlar görürdüm. Daha sonra qayıdarkən analardan ayrıldım. Yüküm ağır idi. Sakitcə şəhid anasına dedim ki, çantam ağırdı. Bu kəlməni deyən kimi arxadan iti sürətlə bir nəfər gəldi. Dedi ki, “ana, sənin çantanı mən götürəcəm”. Sonra da şəkilə baxıb dedi ki, şəhidimi tanıyır. Sonra da görüşüb ayrıldı…
3 gün idi ziyarətdən qayıtmışdım. Qızım dedi ki, “ana, siz ziyarətdə olanda Məşhəddə bir nəfərin halı pisləşib, dünyasını dəyişib. Şəklini göstərdi. Şəklə baxanda bir an özümdən aslı olmadan, “yox, ola bilməz” dedim. Əgər bu adam dünyasını dəyişibsə, onda mənə necə kömək etmişdi. Dünyasını dəyişənin simasında biri məni sərhəddən keçirmişdi. O gözlər tanış idi. O gözlər Nurlanımın gözləri idi. İntiqama dedim ki, mən artıq qardaşının məqamını hiss etmişəm”.
“Sanki mənə təsəlli verirlər…”
“Nə çətinliyə, narahatçılığa düşürəmsə, yuxularıma girib, mənə təsəlli verirlər. Bir gün Nurlan ağ geyimdə yuxuma gəldi. Mənə baxıb, gülümsədi. Dedi ki, “ana, heç yerimdə yara yoxdu”.
Nurlan şəhid olanda sonra “qanpulu” veriləcəkdi. O pulu götürə bilmirdik. Bir dəfə Nurlanım yuxuma gəldi. Dedi: “Ana, mənim qardaşıma sürprizim var”. Hələ 2016-cı ilin mart ayında Nurlan qardaşına maşın almaq üçün pul yığırdı. Sürpriz etmək istəyirdi, qismət olması. Mən də şəhid pulu ilə qardaşına maşını aldım. Həmin gecə yuxuma gəldi. Dedi ki, “ana elə sevinirəm ki…”.
İntiqamın uşağı dünyaya gələndə də gecə yuxuma girdi”.
“Nur qardaşına ilk gündən ata deyir…”
“İntiqam həyat yoldaşı Fərqiyyə ilə 3 il bir-birini seviblər, 2018-ci ildə ailə həyatı qurdular. O, ailəsi ilə elə səmimi idi ki. Heç kəsi zərrə qədər incitməzdi. Bir-birilərini çox yaxşı başa düşürdülər. Birinci övladı doğulandan əvvəl uşağın cinsiyyətini bilinmirdi, amma İntiqam körpəyə qardaşının adını qoyacağını demişdi. 2019-cu ildə Nur dünyaya gəldi.
İntiqam şəhid olandan sonra onun bir övladı da dünyaya gəldi. İntiqamım geri döndü sanki. İntiqam oğlu olacağını bilmirdi. Biz oğlu olacağını öyrənəndə artıq ona zəng çatmırdı. İntiqamım yenidən doğuldu. Mənim qucağımdadır. Nur atasına çox bağlı idi. O atasının işdən gəlmə saatını bilirdi. Gedib qapıda dayanıb, “Atam gələcək”- deyirdi. Qardaşı dünyaya gələn ilk gündən qardaşına ata deyir…”.
“Oğlanlarımın azad etdiyi torpaqlara getmək ən böyük arzumdur…”
“10 noyabrda qələbə xəbərini eşidəndə ilk sevinən də, kədərlənən də mən oldum. Əlimdə gül dəstəsi Nurlanın məzarının üstünə getdim. Dedim ki, “Anan qurban olsun, qardaşın sizin qisasınızı aldı”. Oğlumun şəhid olduğunu bilmirdim. İntiqamın qayıdacağını gözləyirdim. İntiqamın şəhid xəbəri noyabrın 16-sı gəldi.
Mən əsgərlərimiz və qazilərimiz ilə qürur duyuram. Qazilərə Allahdan şəfa diləyirəm. Çünki şəhidlərin şahidi onlardı. Onlar yaşadığı müddətdə şəhidlər də yaşayacaq. Şəhid analarına sözüm odur ki, heç vaxt başınızı aşağı dikməyin. Düşmən bizim əyildiyimizi görməməlidir. Şəhidlər bizim üçün müqəddəsdir. Onların hər birinin qarşısında baş əyirəm”.
Qeyd edək ki, qəhrəman şəhidimiz İntiqam Əsgərli ölümündən sonra “Vətən Müharibəsi qəhrəmanı” fəxri adı, “Vətən uğrunda”, “Şuşanın azad olunması uğrunda” medalları ilə təltif olunub.