Prezident İlham Əliyev Azərbaycanda bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv edilib və onun funksiyaları Nazirliyin Aparatına verilib.
Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi yaradılıb.
Maliyyə Nazirliyinin Qiymətli Metallar və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti ləğv edilib.
Bundan başqa, Gənclər və İdman Nazirliyinin tabeliyində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi ləğv olunub.
Fərmana əsasən Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Prezidentin 2012-ci il 5 sentyabr tarixli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.
Müəyyən edilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saxlanılması üçün hər il üçün dövlət büdcəsindən ayrılan vəsaitin (dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) istisna olmaqla) yuxarı həddi nazirliyin tabeliyindəki qurumların (“AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti istisna olmaqla) dövlət büdcəsinə ödədiyi dividendin cəmi məbləğinin yuxarı həddi ilə məhdudlaşır.
Fərmanda Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, bir sıra nazirliklərə və digər dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Qafqazinfo.az