Belarus “Polonez” yaylım atəşli reaktiv sistemlərin ixracı müqaviləsi çərçivəsində Azərbaycana ilk sistemlərini göndərib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 11-də Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında məlumat verib.
Qeyd edək ki, “Polonez” sistemlərinin görüntüsü hərbi hissənin açılış mərasimindən çəkilən bir neçə fotoda əks olunub.
Ekspertlər bu müqavilənin Bakının Rusiyanın Ermənistana verdiyi “İsgəndər” komplekslərinə cavabı kimi qiymətləndirirlər.
Bundan əvvəl “Moscow Defense Brief” jurnalının redaktoru Mixail Barabanov Azərbaycana “Polonez” komplekslərinin verilməsi ilə bağlı danışarkən deyib ki, yol və çat şəbəkələrini, aerodromları, şəhər və hərbi infrastrukturu, o cümlədən düşmənin canlı qüvvəsini məhv etməyə qadir olan bu qorxunc silah rəsmi Bakının uğurudur.
Bununla bağlı Belarusdan olan hərbi ekspert də fikirlərini bildirib.
Belə ki, Belarus Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç deyib ki, “Polonez” Belarus və Çinin birgə istehsalıdır:
“Bu, çox effektiv və güclü silahdır. Ancaq “Polonez”ləri “İsgəndər”lə müqayisə etmək olmaz. Çünki onlar hərbi baxımdan bir qədər fərqli fəaliyyət göstərir. Ancaq ümumilikdə bu iki kompleks hava hücumundan müdafiə sistemi kimi bir-birini tamamlayır. Ola bilsin ki, “Polonez” “İsgəndər”dən daha effektivdir.
“Polonez” Azərbaycanı qorumaq gücünə malikdir. Bu silahın gücünü ruslar da etiraf edib”.
Azərbaycanlı ekspert Üzeyir Cəfərov bu məsələ barəsində danışarkən deyib ki, bu, ərazi bütövlüyünü bərpa etməkdə israrlı olan Azərbaycanın əleyhdarlarına təkan verəcək.
“Bu, çox uğurlu seçimdir, Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığını və gücünü artıracaq”, – o bildirib.
Silahlı və çox təhlükəlidir!
“Polonez” döyüş əməliyyatları zamanı həm düşmənin əsas cəmləşmə rayonlarına, iri hərbi infrastrukturuna, döyüş texnikasına kütləvi zərbələr endirməyə imkan verən reaktiv yaylım atəşi sistemidir, eyni zamanda, kiçik hədəflərə dəqiq zərbələr endirə bilən silahdır.
O, döyüşə nəzarət vasitəsini, nəqliyyat yükləmə maşınını və müxtəlif təyinatlı raketlərini özündə birləşdirir. Bütün elementlər Belarus istehsalı yüksək keyfiyyətli təkərli şassi üzərində qurulub.
Maşında yerləşdirilən hərbi əlaqə aparatı döyüş, nəqliyyat-yükləmə və komanda vasitələri ilə hərəkət zamanı 10 kilometr, dayanan zaman isə 30 kilometr məsafədən əlaqə saxlamağa imkan verir. Dörd nəfərdən ibarət şəxsi heyət fasiləsiz 48 saat işləyə bilər.
“Polonez” hərbi maşını “İsgəndər”in istifadə etdiyi şassilərdən yararlanıb.
Belarus istehsalı 300 millimetr kalibrli raketləri amerikalı “həmkarından” iki dəfə uzaq məsafəyə uçma qabiliyyətinə malikdir. Onlar inertial və peyk naviqasiya sistemlərinə əsaslanan birləşmiş korreksiya sistemi ilə təchiz edilib.
Altı hərbi maşından ibarət “Polonez” bölüyü eyni anda 100 kvadrat kilomet ərazidə 48 fərqli hədəfi məhv etmək qabiliyyətinə malikdir.
“Polonez”in yeni M20 raketləri ilə təmin olunması sistemi yeni keyfiyyətlə təmin edib. Bu raketlərdən sonra sistem operativ-taktiki raket kompleksinə çevrilib. Sistemin atəş məsafəsi 280 kilometrdir.