İkinci Qarabağ müharibəsini Qələbə ilə başa vuran Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi oldu, tarixə milli qürurumuzun təntənəsi kimi həkk olundu. 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm Qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, Ali Baş Komandanı olduğu Ordumuzun qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi.
İndi işğaldan azad edilmiş torpaqlarımızda yeni ab-hava var. Düşmən tapdağından qurtulan bütün yurd yerlərimizə yenidən həyat verilir. Avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərləri də göstərdi ki, bütün azad edilmiş torpaqlarımız ən qısa zamanda əvvəlki şöhrətini bərpa edəcək.
Bu, dövlət başçısının işğaldan azad edilmiş rayonlarımıza ötən ilin noyabrından bəri etdiyi 10-cu səfər idi. Qısa müddətdə 10 səfərin edilməsi ilk növbədə möhtərəm Prezidentin azad olunmuş ərazilərimizin bərpasına və yenidən qurulmasına göstərdiyi həssas diqqətin təzahürüdür. Eyni zamanda əvvəlkilər kimi bu da sıradan bir səfər deyildi. Bu, xüsusilə İlham Əliyevin Kəlbəcərə müharibədən sonra ilk səfəri olduğu üçün tarixi əhəmiyyət daşıyırdı. Bu, “Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!” – deyən və onu reallığa çevirən İlham Əliyevin qələbəsinin təntənəsi olan səfər, xalqımızın 44 günlük müharibədəki Qələbə sevincinin məntiqi davamı idi. Bu səfər həm də dönüş idi, doğma torpaqlarımıza böyük qayıdışın rəmzi, gələcəyə baxışımızın ifadəsi idi. “Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!” – deyən İlham Əliyev Kəlbəcərdən bir daha torpaqlarımızın azadlığının, onun əsl sahiblərinin artıq qayıtdığının müjdəsini bütün dünyaya verdi. İlham Əliyev bu dəfə Azərbaycan bayrağını Kəlbəcərdə ucaltdı. Müzəffər Ali Baş Komandan bir daha bütün dünyaya göstərdi ki, işğaldan azad olunmuş bu torpaqlar Azərbaycan dövlətinin ərazisidir.
İlham Əliyev Kəlbəcərdən və Laçından düşmənə həm mesaj verdi, həm xəbərdarlıq etdi, həm Vətən müharibəsindəki qələbədən sonra regiondakı hərbi-siyasi vəziyyəti təhlil etdi, həm də vacib məsələlərə aydınlıq gətirdi. Xüsusən dövlət başçısının dağıdılan erməni mifləri barədə fikirləri təsdiq edir ki, tarixi Qələbəmizin məzmunu olduqca dərindir. “Yenilməz erməni ordusu”, “Qəhrəman erməni əsgəri”, “Görkəmli erməni sərkərdələri”, “Azərbaycanlılar vuruşmayacaqlar” kimi ermənilərin yaratdığı miflər 44 günün elə ilk günlərində darmadağın olundu. Xalqımız isə miflərə yox, reallıqlara üstünlük verir və bu Qələbənin fonunda bütün dünya Azərbaycan Prezidentinin qətiyyətini, müdrikliyini, dövlətimizin gücünü və xalqımızın həmrəyliyini gördü. Bütün dünya Azərbaycan dövlətinin öz gücünə arxalanaraq milli mənafeyini layiqincə təmin etməsinə şahid oldu.
Bu səfər zamanı Mehriban xanım Əliyevanın etdiyi çəkilişlər bir daha məlum həqiqətləri bütün dünyaya nümayiş etdirdi. Bəli, biz işğalçı, terrorçu düşmənlə yox, həm də vandallarla, vəhşilərlə üz-üzə qalmışdıq. Azərbaycan dövləti bütün azad olunmuş torpaqları dirçəldəcək, eyni zamanda ərazilərimizi dağıdan, ekoloji terror törədən düşmən bütün bunlara görə beynəlxalq məhkəmələrdə cavab verəcək.
Dövlət başçısı bu dəfə də işğaldan azad edilmiş ərazilərdə yenidən qurulan infrastrukturların təməlini qoydu, layihələrlə tanış oldu. Bu sırada xüsusən Laçında təməli qoyulan yeni hava limanının əhəmiyyətini qeyd etmək istəyirəm. Mürəkkəb relyefi olan ərazidə hava limanının inşasına başlanılması ilk növbədə Azərbaycan dövlətinin qüdrətini göstərir. Laçında hava limanının inşası Şərqi Zəngəzurun iqtisadi inkişafına, bu bölgənin Azərbaycanın turizm mərkəzlərindən birinə çevrilməsinə böyük töhfə olacaq. Təbii ki, hərbi baxımdan da bu hava limanı strateji əhəmiyyət daşıyacaq.
Onu da qeyd edim ki, son vaxtlar dövlət sərhədi istiqamətində hərbi təxribatlar çoxalıb. O cümlədən Rusiya sülhməramlılarının nəzarətində olan yerlərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur. Bölgədə gərginliyin artmasına hədəflənmiş bu silahlanma 10 noyabr Bəyanatına ziddir. Görünür, Ermənistan hələ də 44 günlük müharibədəki məğlubiyyətindən dərs çıxarmaq istəmir. Prezident İlham Əliyev Türkiyənin “CNN Türk” televiziyasına müsahibəsində Ermənistana növbəti xəbərdarlığını edərək deyib: “Əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”.
30 ilə yaxın bir dövrdə Minsk qrupunun yoluna qoymaq istəmədiyi bu problemi cənab İlham Əliyev dəmir yumruqla həll etdi. Bu dəmir yumruq Ermənistanın işğalçılıq planlarını həyata keçirməsinə bir daha imkan verməyəcək.
Müşfiq MƏMMƏDLİ, Milli Məclisin deputatı