Prezident İlham Əliyev son 10 gündə 3 ölkəyə mühüm səfər etdi. Bu səfərlər Azərbaycanın xarici ölkələrlə ikitərəfli münasibətlərinin inkişafı və iqtisadi dividendlər əldə edilməsi ilə nəticələndi.
Rusiyaya səfər
Sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfər etdi. Azərbaycan lideri Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Görüşdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ kimi mühüm məsələ müzakirə olundu. Görüşün nəticəsi olaraq Azərbaycan və Rusiya arasında 15-dən çox sənəd imzalandı.
Belə ki, “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatı” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin imzaladılar. Sonra “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında “Qoşadaş” blokunun və Xəzər dənizi təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsi haqqında Saziş”, “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Kontrakt”, “Azərbaycanda “QAZ” kommersiya avtomobilləri milli yığma istehsalının inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş”, “Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya” Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” Publik Hüquqi Şəxs arasında qarşılıqlı anlaşma haqqında Memorandum çərçivəsində tədbirlərin reallaşdırılması üzrə Yol Xəritəsi”, “Qazprombank” Səhmdar Cəmiyyəti, “Rusiya İxrac Mərkəzi” Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya Federasiyasından ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların hava nəqliyyatı ilə daşınması sahəsində gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Saziş”, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak hüquqlarının qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı” imzalandı.
Azərbaycan və Rusiya liderləri ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini, bundan sonra da əməkdaşlğın daha da artacağını vurğuladılar. Rusiya lideri Dağlıq Qarabağ münaqişənin həlli üçün səylərini davam etdirəcəklərini, Azərbaycan lideri də buna ümid etdiklərini bildirdi. Daha sonra Prezident İlham Əliyev prezidenti Vladimir Putini Azərbaycan səfərə dəvət etdi. Azərbaycan liderinin Soçi səfərindən sonra Putinin sentyabrın 25-də Baklıya səfər edəcəyi haqda rəsmi məlumat yayıldı. Bu səfər də iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə verəcək.
Türk Zirvəsi
Prezident İlham Əliyev Soçi səfərindən sonra, sentyabrın 2-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün Qırğız Respublikasına səfərə etdi. Bu səfər türkdilli ölkələrin əməkdaşlığı, eləcə də Azərbaycanın bu ölkələrlə münasibətlərinin inkişafı üçün müsbət çalarları ilə seçildi.
Prezident İlham Əliyev zirvə görüşündə çıxışı zamanı bildirdi ki, Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır.
“Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir. Hesab edirəm ki, gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətimizlə bağlı əlavə addımlar atılacaqdır”, – dövlət başçısı qeyd edib.
Azərbaycan lideri həmçinin, türkdilli ölkələri Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istifadə etməyə dəvət edib: “Azərbaycan qardaş ölkələrə böyük investisiyalar qoyur, ilk növbədə, Türkiyəyə. Son illərdə Türkiyə iqtisadiyyatına 14 milyard dollar sərmayə qoyulub və Türkiyə də Azərbaycana təxminən bu qədər sərmayə qoyub. Bizim Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq. Bu, bizim dostluğumuzu, qardaşlığımızı əks etdirir, eyni zamanda, Türkiyənin çox böyük iqtisadi potensialını göstərir. Əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilib, “Böyük iyirmilər”in aparıcı ölkələrindən biridir. Biz çox sevinirik ki, Türkiyə bütün sınaqlardan şərəflə çıxır, o cümlədən iqtisadi sınaqlardan. Biz hər zaman bir-birimizin yanındayıq və bunun ən gözəl göstəricisi, yenə də deyirəm, bizim qarşılıqlı sərmayəmizdir. Türkiyədə çox gözəl investisiya iqlimi, biznes üçün çox gözəl şərait var və biz Azərbaycan olaraq bundan sonra da qardaş ölkəyə sərmayə qoyuluşunu davam etdirəcəyik. Bütövlükdə biz qardaş ölkələrə investisiyaların qoyuluşu ilə həm öz iqtisadi maraqlarımızı təmin edirik, həm də ki, bu ölkələrdə yeni imkanlar yaradırıq. Azərbaycan da qardaş ölkələrdən investisiyaları qəbul etmək üçün bütün işləri görüb. Azərbaycanda da gözəl sərmayə iqlimi var və qarşılıqlı sərmayə qoyuluşu bizim birliyimizi daha da möhkəmləndirəcək. Xüsusilə nəzərə alsaq ki, keçən ilin oktyabr ayından Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng infrastruktur layihəsi fəaliyyətdədir. Bu yol Asiyanı Avropa ilə birləşdirir və bu yolla yükdaşımalarının həcmi artır və artmalıdır. Bu, yeni nəqliyyat dəhlizidir, yeni nəqliyyat damarıdır. Azərbaycan dost, qonşu ölkələrlə birlikdə bu layihənin icrası ilə Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmiş olur. Nəzərə alsaq ki, nəqliyyat baxımından bu, çox əlverişli yoldur, mən bütün dost ölkələri bu yoldan istifadə etməyə çağırıram, o cümlədən Avropa ölkələrini, Macarıstanı, Özbəkistanı, Qırğızıstanı. Artıq Qazaxıstan, Türkiyə, Azərbaycan bu yoldan istifadə edir”.
Bu səfərin nəticəsi ilk növbədə türkdilli ölkələrin Azərbaycana marağının daha da artmasıdır. Azərbaycan lideri türkdilli ölkələrin rəhbərlərini ölkəmizə investisiya qoymağa dəvət etdi və BTQ kimi mühüm layihədə iştiraka çağırdı.
Avropaya səfər və yeni bazarların əldə edilməsi
Prezident İlham Əliyev bu zirvədə iştirakdan sonra, sentyabrın 5-də Xorvatiyaya səfər etdi. Bu səfər Avropaya daşınacaq Azərbaycan qazı üçün yeni bazarın açılması və Avropa İttifaqına üzv ölkə ilə münasibətlərin bir qədər də yaxşılaşdırılmasına hesablanmışdı. Azərbaycan lideri səfər zamanı buna nail oldu.
Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Daha sonra Azərbaycan-Xorvatiya sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair Proqram”ı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya Respublikasının mədəniyyət naziri xanım Nina Obuljen Korzinek imzalayıblar. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı səfiri Fəxrəddin Qurbanov və Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyində dövlət katibi xanım Mariya Vuçikoviç imzalayıblar.
Prezident İlham Əliyev bildirib ki, Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır.
“Bizim siyasi dialoqumuz çox fəal aparılır… Strateji tərəfdaşlıq əlaqələrimiz genişlənir, güclənir…Bizim energetika sahəsində əməkdaşlığımız çox önəmlidir. Azərbaycan Cənub Qaz Dəhlizinin icrası ilə çox fəal məşğuldur, bu nəhəng layihənin təşəbbüskarı olmuşdur. Bu layihə 7 ölkəni birləşdirir, Bakıdan Avropaya qədər 3500 kilometr uzunluğunda qaz kəmərinin çəkilişini və Azərbaycanın nəhəng “Şahdəniz” yatağının işlənilməsini nəzərdə tutur. Dörd seqmentdən ibarət olan bu layihə uğurla icra edilir. Bu ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. İyun ayında isə biz TANAP layihəsinin açılışını qeyd etdik. Beləliklə, əminəm ki, yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək və Azərbaycan öz qaz potensialını daha da böyük həcmdə dünyaya, Avropaya təqdim edə bilər. Əlbəttə ki, Xorvatiya ilə bu sahədəki əməkdaşlıq çox önəmlidir. Bakıda dörd il ardıcıllıqla Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantıları keçirilir. Xorvatiya bu toplantılarda yüksək səviyyədə təmsil olunur. Bizim aramızda bu məsələ ilə bağlı memorandum da imzalanmışdır. İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılmaqdadır”, – Azərbaycan lideri vurğulayıb.
Xanım prezident Kolinda Qrabar-Kitaroviç bəyan edib ki, Azərbaycan və Xorvatiya əsl dostdur: “Biz bir-birimizi Avropa İttifaqı çərçivəsində də dəstəkləyirik. Biz, Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli qaydada münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı mövqeyini yüksək dəyərləndiririk. İnanıram ki, biz müdafiə sahəsində də əməkdaşlığımızı inkişaf etdirəcəyik. İqtisadi əməkdaşlıqla bağlı Azərbaycan ilə Xorvatiya arasında qarşılıqlı komissiya öz işini aparır. İşin əsas məqsədi ikitərəfli layihələr irəli sürməkdən, onları həyata keçirməkdən ibarətdir… Xorvatiya gələcəkdə bu regionun daha inkişaf etmiş qovşağına çevriləcəkdir. Bunun üçün biz istərdik ki, Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində də iştirak edək. Bildiyiniz kimi, Adriatik dənizinin sahilində bu layihə çərçivəsində boru kəməri çəkilir. Biz, həmçinin Xorvatiyanın Krk adasında maye qaz terminalının tikintisində maraqlıyıq. Bu, Azərbaycanın enerji bazarlarına çıxışını daha da genişləndirəcək”.
Liderlərin də vurğuladığı kimi ikitərəfli münasibətlər yüksək səviyyədədir. Lakin Prezident İlham Əliyevin Xorvatiyaya səfəri Balkanlara açılım kimi də dəyərləndirmək olar. Balkanlar dünyanın ən qarmaqarışıq, eyni zamanda, strateji bölgələrindəndir. Bu bölgədə əlaqələrə sahib olmaq Azərbaycanın xarici strategiyası baxımından mühümdür.
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. “Cənub Qaz Dəhlizi” layihəsinin əsas hissəsi olan TANAP-ın açılışı keçirilib, hazırda TAP-ın tikintisi uğurla aparılır. Bakı gələcəkdə Balkanların da qaz bazarına girməyi planlaşdırır. Azərbaycan liderinin Xorvatiyaya səfəri də məhz bu kontekstdə diqqət çəkir.
Göründüyü kimi, Azərbaycan liderinin şaxələndirilmiş şəkildə apardığı xarici siyasət ölkəmizə həm siyasi, həm də iqtisadi cəhətdən dividendlər gətirir.