İLHAM ƏLİYEVİN 20 İLLİK PREZİDENTLİK DÖVRÜ: NAİLİYYƏTLƏR VƏ REALLIQLAR

403

XX əsrdə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra çətin dövr yaşamışdır. Belə ki, 1990-cı illərin əvvəllərində ölkədə xaos hökm sürürdü, dövlət dövlətçilik və idarəetmə təcrübəsi olmayanların əlində idi. Dövlət strukturları demək olar ki, milli mənafeyə xidmət etməkdə aciz duruma düşmüşdülər. İqtisadiyyat dağıdılmış və siyasi sabitlik isə yox idi. Belə şəraitdə Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və Azərbaycanda dövlətçilik atributlarını gücləndirdi. 1993-2003-cü illərdə Ulu Öndərin rəhbərliyi altında Azərbaycanda sabit dövlətçilik modeli formalaşdırıldı və uğurlu iqtisadi inkişaf modelinin bünövrəsi qoyuldu. Bütün bu proseslər nəticəsində Azərbaycan xalqının firavanlığının təmin edilməsinə, dövlətçiliyimizin gücləndirilməsinə və Azərbaycanın regionun dinamik inkişaf etmiş ölkəsinə çevrilməsinə nail olundu.

Ən əsası düşünülmüş və uzunmüddətli strategiyanı özündə ehtiva edən siyasi varislik modeli formalaşdırıldı. Heydər Əliyevin layiqli varisi İlham Əliyev 2003-cü il oktyabr ayının 15-də Prezident seçiləndən sonra Ulu Öndərin siyasətinə sadiq qalacağına, onun irsini qoruyacağına, və daha da inkişaf etdirəcəyinə söz verdi. Dövlət başçısı nəinki verdiyi sözə əməl etdi, həm də xalqla lider, cəmiyyətlə dövlət arasında qırılmaz tellər bağladı və körpü yaratdı.

Ötən 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı dinamik bir inkişaf yolu keçmiş, Azərbaycan dövləti regionun aparıcı dövlətinə çevrilmiş və bütün sahələrdə müstəqilliyini gücləndirmişdir. Azərbaycan öz iqtisadiyyatını tamamilə yeni güclü rəqabət qabiliyyətli əsaslar üzərində formalaşdırmış, regionun mühüm enerji və nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də maliyyə donoru kimi çıxış etmişdir.

Son 20 ildə prezident İlham Əliyevin rəhbərliyi altında misilsiz uğurlar və nailiyyətlər əldə olunmuşdur. Beynəlxalq nüfuzlu maliyyə institutu – Dünya Bankının qiymətləndirilmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkə statusuna layiq görünmüşdür. Ümumi daxili məhsul 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına qədər artmış və nəticədə ölkə ÜDM-nin real həcmi 4 dəfə yüksəlmişdir. Dövlət büdcəsinin xərcləri 30 dəfə artmaqla bərabər, hər adambaşına düşən büdcə xərcləri 2003-cü illə nisbətdə 23,3 dəfə artaraq 3500 manat təşkil etmişdir.

Hər bir Azərbaycan vətəndaşının prezindenti olacağını vəd edən dövlət başıçısının səyləri nəticəsində optimal sosial müdafiə sistemi formalaşdırılmışdır. İllik sosial müdafiə xərcləri 20 dəfə, minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artmışdır. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb. Yoxsulluq səviyyəsi 2003-cü illə müqayisədə 2022-ci ildə 44,7 faizdən 5,5 faizə qədər endirilmişdir.

Ölkə iqtisadiyyatının dayanıqlı artım mənbələri formalaşdırılmış və rəqabət qabiliyyəti yüksəldilmişdir. Milli iqtisadiyyatın neftqaz amilindən asılılığının azaldılması maksimum prioritetlik təşkil etmişdir. Qeyri-neft-qaz ÜDM-i 4,1 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına qədər artmış, xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına qədər yüksəlmişdir. Ölkə əhalisinin mühüm ərzaq növləri ilə təminatında önəmli rol oynayan kənd təsərrüfatı 2,2 dəfə, həmçinin nəqliyyat sektoru 4,9 dəfə, turizm və ictimai iaşə 18,9 dəfə, informasiya və rabitə sahəsi isə 23 dəfə artım nümayiş etdirmişdir. Hazırda strateji valyuta ehtiyatlarının həcmi 66,1 milyard ABŞ dolları təşkil edir.

Ölkə iqtisadiyyatının diversifikasiyalaşdırılması təmin edilmiş və əlverişli investisiya mühiti yaradılmışdır. Ümumilikdə iqtisadiyyatımıza yatırılan investisiyaların həcmi 310  milyard dollardan çoxdur. Sənaye məhsulunun ümumi həcmi 4,0 milyard manatdan 86,4 milyard manata qədər artmışdır və özəl sektorun payı 54,9 faizdən 87,6 faizə qədər yüksəlmişdir. Son 20 ildə vergi daxil olmaları 23 dəfə artmış və təqdirəlayiq haldır ki, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi hesabına ölkə regionlarından vergi daxilolmaları 36 dəfəyə yaxın yüksəlmişdir.

Prezident İlham Əliyev ölkədə bazar iqtisadiyyatının inkişafına, sahibkarlığın genişləndirilməsinə və biznes mühitinin yaxşılaşdırılmasına, onun səmərəliliyinin artırılmasına xüsusi önəm verir. Bu davamlı siyasətin və praktiki fəaliyyət mexanizmlərinin nəticəsində sahibkarlıq subyektlərin sayı 180 mindən 1,5 milyona qədər artıb. Eyni zamanda 23 mindən artıq kiçik müəssisə və obyekt özəl mülkiyyət statusunu alıb. Aparılan uğurlu islahatlar hesabına dövlət əmlakının özəlləşdirilməsi nəticəsində 300 mindən artıq iş yeri açılıb, 220 mindən çox şəxs səhm sahibi olub və ölkədə müasir sahibkarlıq nəslinin formalaşdırılması təmin edilib.

Azərbaycan həm də transmilli layihələrin reallaşdırılmasında, regional və beynəlxalq səviyyədə etibarlı tərəfdaş-ölkə statusunu qazanmışdır. Bakı–Tbilisi–Ceyhan neft boru kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına əsaslı təkan vermiş, xarici siyasətimizin güclənməsini və inkişaf etməsini təmin etmişdir. Bu transmilli enerji layihəsi həm də böyük siyasi əhəmiyyət daşıyır. “Cənub Qaz Dəhlizi”i məqsədi isə “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi və hasil olunacaq təbii qazın Türkiyəyə və Cənubi Avropaya ixracı infrastrukturunu yaratmaqdan ibarət olmuşdur. Hazırda Azərbaycanın təbii qazı Avropa bazarlarına nəql olunur.

Azərbaycan özünün geoiqtisadi və geocoğrafi üstünlüklərindən uğurla bəhrələnməkdədir. Beynəlxalq əhəmiyyət kəsb edən avtomobil və dəmir yolu marşrutları fəaliyyət göstərməkdədir. Yüksək texnologiyalar əsaslı və etibarlı beynəlxalq hava limanları istismara verilmişdir və sevindirici haldır ki, bunlardan ikisi artıq işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərir, biri isə tezliklə istismara veriləcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti kifayət qədər yüksək qiymətləndirilir. Eyni zamanda, Azərbaycan artıq “kosmik ailənin” üzvü statusunu alıb.

Ölkəmizdə regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirilir. Reallaşdırılan 3 dövlət proqramı və hazırda icra olunan 4-cü dövlət proqramı sayəsində regionların inkişaf prosesləri sürətləndi, işsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü və 2 milyondan çox yeni iş yeri yaradıldı. 2004–2018-ci illərdə ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmış və 100 mindən çox müəssisə yaradılmışdır. Bu dövlət proqramları üzrə regionlara yönəldilən investisiyaların ümumi həcmi 104 milyard manat olmuşdur.

Ötən 20 il ərzində tarixi əhəmiyyət kəsb edən nailiyyətlərdən biri də torpaqlarımızın işğaldan azad edilməsidir. Böyük Qarabağ Zəfərini reallaşdıran müzəffər ordumuzun formalaşdırılmasına və inkişaf etdirilməsinə strateji yanaşmalar təmin olunmuşdur. Bu ərazilərdə iki yeni – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır. Artıq Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 12 milyard manatdan çox vəsait ayrılmışdır. Keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıdışı intensivləşməkdədir.

Qeyd olunan bu tarixi uğurlar və nailiyyətlər belə qənaətə gəlməyə imkan verir ki, Prezident İlham Əliyev XXI əsrin liderlik statusuna yüksələn, xalqın tam etimadını qazanan, xalqla dövlət arasında vahid birliyi təmin edən, “Dəmir yumruğu” düşmənin başı üzərində əzəmətlə dayanan və qalib ölkənin Ali Baş Komandanı, müzəffər ordunun məğlubedilməz sərkərdəsi kimi hazırda ozünün liderlik və siyasi fəaliyyətinin ən yetkin səviyyəsindədir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev bundan sonra da uzun illər ərzində Azərbaycan xalqının rifahı və tərəqqisi naminə dövlətçiliyimizin gücləndirilməsi proseslərinə uğurla rəhbərlik edəcək və ölkəmizin sosial-iqtisadi inkişafını daha yüksək səviyyəyə qaldıracaqdır.

ŞƏFA ƏLİYEV, professor, iqtisad elmləri doktoru

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər