Fevralın 25-də Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı keçirdiyi müşavirədə problemli kreditlər məsələsinə toxundu və qeyd etdi ki, bu məsələnin həlli üzərində iş aparılır. Üç gün sonra isə dövlət başçısı problemli kreditlərin həlli ilə bağlı qərar verdi. Burada diqqət çəkən ilk məqam dövlət başçısının üç gün sonra həlli ilə bağlı fərman imzalayacağı problem haqqında dediyi sözlərdir.
“Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir. Yəni, burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir”, – deyən Prezident problemin həllinin anonsunu verdi və cəmi üç gün sonra məsələ ilə bağlı fərman imzaladı.
Maraqlıdır, dövlət başçısı problemin həll ediləcəyi xəbərini niyə müşavirədə açıqlamadı? Halbuki, üç gün sonra məsələnin hüquqi qüvvəyə minəcəyini hər kəsdən öncə dövlət başçısı bilir və bunu məhz üç gün öncədən elan edə bilərdi.
Bu, bir daha təsdiqləyir ki, dövlətin əsas məqsədi belə məsələlərdən siyasi xal qazanmaq yox, məhz vətəndaşın problemlərinin həllidir. Axı dünya müxtəlif ölkələrdə hakimiyyətlərin adətən belə məsələləri qabardaraq, siyasi xal qazanmağa çalışdığı təcrübəsi ilə zəngindir. Artıq dünya ölkələrində təbii hala çevrilən bu təcrübədən Azərbaycan hakimiyyəti də istifadə edə bilərdi, lakin buna getmədi.
Çünki Prezident İlham Əliyevin dediyi kimi, “burada xoş niyyətin olması əsas şərt deyil”. Yəni hakimiyyət öz xoş niyyətini nümayiş etdirə, bir çox ölkədə olduğu kimi sonradan icrası həyata keçirilməyən qərar verə, bunu siyasi qazanca çevirə bilərdi. Lakin dövlət başçısı əsas məqsədin “düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsi” olduğunu bəyan etdi və fevralın 28-də “Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzaladı.
Bu, bir daha sübut etdi ki, Azərbaycanda dövlətin atdığı addımlar real nəticələrə hesablanıb, əsas məqsəd vətəndaşın sosial rifahının yaxşılaşması, problemlərin köklü həllidir;
Bu, bir daha sübut etdi ki, Azərbaycanda bütün məsələlər – problemin ciddiliyi, ağırlıq yükü, onun həllinin büdcəyə, əhalinin rifah halının yüksəlməsinə təsiri, həll üçün maliyyə imkanları, səmərəli tətbiq mexanizminin işlənib hazırlanması, icrasi və icraya nəzarət və s. – hərtərəfli araşdırıldıqdan sonra müvafiq qərar qəbul olunur.
Bu, bir daha sübut etdi ki, məqsəd “xoş niyyət”lə siyasi qazanc əldə etmək yox, Azərbaycan insanının sosial rifahının yüksəldilməsi və rahat yaşayışının təminatıdır.
Bu, bir daha sübut etdi ki, dövlət öz vətəndaşı üçün gördüyü işləri “minnət” olaraq deyil, vəzifə olaraq həyata keçirir.
Və bu, bir daha sübut etdi ki, Prezident İlham Əliyev verdiyi vədlərin arxasında dayanan liderdir.
Problemli kreditlərlə bağlı dövlət başçısının fərmanı Azərbaycanda dövlət xalq üçündür prinsipinin ana xətt olduğunu təsdiqlədi.
Fərmanda nəzərdə tutulan güzəştlər: fiziki şəxslər üçün nəzərdə tutulub; 10 000 ABŞ dollarına qədər olan borclara aid olacaq; 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiya qərarları nəticəsində artmış məbləğlərin kompensasiyası ilə bağlı olacaq; başlanğıc tarix 2012-ci ilin yanvarın 1-i, son tarix bu gün – 2019-cu ilin 28 fevralı götürülür; vətəndaşların 10 000 dollara qədər kreditlərinə görə hesablanmış bütün faiz borcları silinir; 2012-ci il yanvarın 1-dən 2015-ci il 21 fevraladək olan kredit borclarının hər dolları üçün dövlət büdcəsindən 25 qəpik ödənilir; 2015-ci il 21 fevralından 21 dekabrınadək verilən dollar kreditlərinin hər dolları üçün 60 qəpik dövlət büdcəsindən ödənilir; dövlət büdcəsi hesabına bu sxem üzrə kompensasiya ödəniş müddəti 360 günü ötdüyü halda banklara ödənir, əgər həmin müddəti keçməyibsə bilavasitə vətəndaşın özünə çatdırılır; devalvasiya nəticəsində borcun artan hissəsi və hesablanmış faiz hissəsi dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan hissə restruktruzasiya ediləcək – yəni şərtlər dəyişdiriləcək. Məsələn, 2015-cü ilin yanvarında vətəndaş 0.78 manat məzənnə ilə 5000 dollar borc götürüb. Həmin tarix üçün onun manatla borcu 3950 manat olmuşdusa, 21 dekabr 2015-ci ildə artıq 7750 manat olub. Belə vəziyyətdə məzənnə dəyişikliyi nəticəsində zərəri qarşılamaq üçün 5000 dollara görə 4000 manata yaxın (hər dollar üçün 60 qəpik+25 qəpik) büdcə kompensasiyası ödənir; devalvasiya nəticəsində artan hissə ödəndikdən sonra yerdə qalan borcları ödəmək üçün vətəndaşlara manatla yenidən hesablanmış borcları ödəmək üçün 1 il güzəşt müddəti olmaqla 5 illiyə illik 1 faizlə banklar tərəfindən kredit xətti açılır. Bu məqsədlə Mərkəzi Bank da banklara illik 0.1 faizlə ümumi həcmi 682 mln. manat kredit xətti açması nəzərdə tutulur; (Fərmanda nəzərdə tutulan güzəştləri iqtisadçı ekspert Rövşən Ağayev şərh edib).
Göründüyü kimi, dövlət vətəndaş üçün ən məqbul variantı seçərək, tətbiq edir. Ana məqsəd ölkədə real sosial islahatların həyata keçirilməsi, vətəndaşın sosial rifahının yüksəldilməsidir.
Və 2019-cu ildə həyata keçirilən işlər Azərbaycanda sosial inqilabın başladığını deməyə əsas verir.
– 12 min 200-dən çox şəhid ailəsinə 11 min manat ödənişin edilməsi;
– Şəhid ailələrinin müavinətlərinin 242 manatdan 300 manata qədər artırılması;
– Əfqanıstan müharibəsində həlak olanların ailələrinə verilən müavinətlərin 220 manatdan 300 manata qədər artırılması;
– Minimum əmək haqqının 38 faiz artırılması və 180 manat həcmində müəyyənləşməsi;
– Minimum əmək pensiyalarının 38 faiz artırılması və 160 manata qaldırılması;
– Çoxmənzilli binaların sənədləşdirilməsi probleminin həllinə start verilməsi;
– Tələbələrin təqaüdlərinin 14-25 faiz həcmində artırılması;
– Və nəhayət, ən ciddi məsələlərdən olan problemli kreditlərin həlli ilə bağlı verilən qərar;
Bunlar son bir ayda həyata keçirilib, lakin dövlət başçısının bəyan etdiyi kimi, 2019-cu ildə sosial islahatların davamı olacaq.
Prezident İlham Əliyev sonuncu müşavirədə açıqladığı sosial paket ilk mərhələdə üç istiqaməti nəzərdə tuturdu: problemli kreditlərin həlli, minimum əmək haqqının 38 faiz artımından sonra daha da yüksəldiləcəyi və sosial müavinətlərin əhəmiyyətli dərəcədə artacağı.
Problemli kreditlər məsələsi ilə bağlı dövlət başçısının anonsundan cəmi üç gün sonra qərar verildi. Bu, yaxın dövrdə əmək haqqı və sosial müavinətlərin da əhəmiyyətli dərəcədə artacağına şübhə yeri qoymur.
Bütün bunlar Prezident İlham Əliyevin başlatdığı sosial inqilabdır…