2012-ci il Azərbaycanın xarici siyasəti, beynəlxalq və idman uğurları baxımından yaddaqalan il olub.
Azərbaycan xarici siyasətinin bir nömrəli məsələsi olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ciddi irəliləyiş qeydə alınmasa da, bu il Ermənistanla uzun illər aparılan psixoloji müharibədə əldə olunan nəticə baxımından uğurlu sayıla bilər. Söhbət ilin hadisəsindən – Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun ölkəmizə təhvil verilməsindən və prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə azadlığa buraxılmasından gedir.
Ramil Səfərovun təhvil verilməsi və əfvi
Uzun illər Azərbaycan və Ermənistan arasında psixoloji müharibənin əsas obyekti olmuş Ramil Səfərov avqustun 31-də ölkəmizə təhvil verilib və həmin gün prezident İlham Əliyevin sərəncamı ilə əfv edilərək azadlığa buraxılıb. Bu hadisə iki ölkə arasında “Ramil Səfərov” psixoloji müharibəsində Azərbaycanın qələbəsini rəsmiləşdirmiş olub. Sentyabrın 1-də mayor rütbəsi ilə təltif edilən Ramil Səfərov Müdafiə Nazirliyi tərəfindən evlə təmin olunub və həbsdə olduğu 8 il müddətində toplanmış əməkhaqqı ona verilib.
Ramil Səfərovun təhvil verilməsi və əfvi 2012-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesini faktiki olaraq dalana dirəyib. Vladimir Putinin yenidən Rusiya prezident seçilməsindən sonra danışıqlarda aktivlik nəzərə çarpacaq dərəcədə aşağı düşsə də, daha sonra bu proses demək olar ki dayanıb. Bu, 2012-ci ildə münaqişənin nizamlanmasına dair danışıqların dinamikasında aşkar hiss olunur.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qeyri-aktiv il
2012-ci il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində qeyri-aktiv dövr sayıla bilər. Bu il Azərbaycan və Ermənistan prezidentlərinin cəmi bir görüşü keçirilib, Soçidə Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə keçirilən görüş və sonda verilən bəyanat bu il münaqişənin nizamlanmasında ciddi irəliləyişlərin əldə olunacağına ümid yatarsa da, bu ümidlər puça çıxıb. Prosesin ləngiməsində Rusiyada prezident seçkilərinin nəticələri və Ramil Səfərovun Azərbaycana təhvil verilməsi ilə əlaqədar iki ölkə arasında gərginliyin artması, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyinin Azərbaycan tərəfində doğurduğu narazılıq əsas rol oynayıb. Bu il Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin cəmi iki görüşünün keçirilməsi də nizamlanma prosesinin hansı nöqtədə olduğunu ortaya qoyur. Parisdə iyunun 18-də keçirilən ilk görüşdə tərəflərin münaqişənin nizamlanmasına dair yeni yanaşmaların müzakirə olunacağı anons edilsə də, görüşdən sonra həmsədrlərin verdiyi bəyanatda əsas diqqət atəşkəs rejiminin qorunmasının vacibliyinə ayrılıb. XİN başçılarının oktyabrın 27-də Parisdə baş tutan ikinci görüşü nizamlanma prosesini “ölü nöqtə”dən tərpətmək imkanlarını araşdırmaq, danışıqları intensivləşdirilmək məqsədi daşısa da, sonrakı proseslər bu cəhdin də uğursuzluğa düçar olduğunu göstərdi. Bütün gözləntilərə rəğmən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT XİN Şurasının Dublin sammiti çərçivəsində görüşü baş tutmayıb və belə bir görüşün gələn ilin əvvəllərində keçirilməsi imkanları hələ də araşdırılır.
Yaranmış süstlük həmsədrlərin regiona səfərlərinin intensivliyinə də təsir göstərib. Bu il ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona cəmi üç dəfə səfər ediblər. Mart, iyul və noyabr aylarında gerçəkləşən səfərlər tərəflərin mövqelərinin yaxınlaşdırılmasında heç bir ciddi rol oynamayıb. Bundan başqa həmsədrlər sentyabrda əvvəlcə Parisdə, sonra isə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüş keçiriblər. Danışıqlardan sonra verilən bəyanatlar mahiyyət etibarilə əvvəlki bəyanatlardan fərqlənməyib, vasitəçilərin səylərinə rəğmən Ermənistanın qeyri-konstruktiv mövqe tutması XİN başçılarının Dublin görüşünün baş tutmamasına səbəb olub. Bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda gəlinən son nöqtə 2013-cü il yanvarın sonlarında Parisdə XİN başçılarının görüşü ilə bağlı razılaşmanın əldə olunmasıdır. Ermənistanda gələn il fevralın 18-də prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq, xarici işlər nazirlərinin yanvarda Parisdə planlaşdırılan görüşündə hansısa ciddi nəticələrin əldə olunacağına ümid etməyə dəyməz.
Xocalı soyqırımının tanınması
2012-ci il Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması baxımından uğurlu il olub. Yanvarın 31-də Meksika Senatı Xocalı soyqırımını rəsmən tanımaq barədə qərar qəbul edib. Bu, Xocalı soyqırımının xarici parlament tərəfindən qanunvericilik aktı səviyyəsində tanınmasına dair ilk faktdır. Latın Amerikasının ən böyük və aparıcı dövlətlərindən birinin parlamenti tərəfindən qəbul olunan bu qərarın ardınca dünyanın daha bir nüfuzlu dövləti Xocalı soyqırımını rəsmən tanıyıb. Fevralın 1-də Pakistan Senatı “Pakistan – Azərbaycan münasibətləri” ilə bağlı dinləmələrdən sonra “Azərbaycan Respublikasının ərazilərinin 20 faizinin işğalı və ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı” adlı qətnamə qəbul edib. Qəbul olunan qətnamədə Senatın Xarici Əlaqələr Komitəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və 26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyib. Sənəddə Ermənistan işğalçı dövlət adlandırılıb və BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalına qəbul etdiyi qətnamələrin qəbulu tələb olunub.
Azərbaycan – BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü
2012-ci ilin ən önəmli siyasi hadisələrindən biri ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlamasıdır. Ötən ilin oktyabrında keçirilən səsvermədə BMT üzvü olan 155 ölkənin səsini qazanan Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və 2012-ci il yanvarın 1-dən yeni statusda səlahiyyətlərinin icrasına başlayıb. Qəbul olunmuş reqlamentə əsasən, ölkəmiz may ayında BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edib. Azərbaycanın sədrliyi ilə keçirilən iclaslarda Yaxın Şərqdə vəziyyət və nüvə silahının yayılmaması, Balkanlarda son durum, Suriya böhranının nizamlanmasına dair ciddi müzakirələr aparılır, BMT Təhlükəsizlik Şurasının terrorçuluğa qarşı mübarizəyə həsr olunmuş yüksək səviyyəli açıq iclası keçirilib.
Son rus əsgəri də Azərbaycanı tərk edir
İlin ən mühüm hadisələrindən biri də Qəbələ RLS-in gələcək taleyinə aydınlıq gəlməsi olub. SSRİ-nin raket hücumundan müdafiə sisteminin əsas 8 stansiyasından biri olan Qəbələ RLS-in icarəyə götürülməsinə dair Azərbaycanla Rusiya arasında imzalanmış son müqavilənin müddəti bu il dekabrın 12-də başa çatıb. Rusiya XİN dekabrın 10-da bu obyektin istismarını rəsmən dayandırdığı barədə Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərib. Buna səbəb olaraq tərəflərin icarə müqaviləsinin şərtlərini razılaşdıra bilməməsi olub. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov stansiyada çalışanların və avadanlıqlarının evakuasiyası üçün xüsusi komissiya yaradılacağını bildirib. Nazir Qəbələ RLS-nin istismarı ilə bağlı təklif almadıqlarını, stansiyanın üçüncü ölkə tərəfindən istismarına inanmadığını, Azərbaycan tərəfindən bu obyektin hansısa ölkəyə icarəyə veriləcəyinə dair təşəbbüs olmadığını deyib. Artıq Qəbələ RLS-də daşınar və daşınmaz əmlakının inventarlaşdırılması üzrə komissiya stansiyada inventarlaşdırma işini başa çatdırıb və nəticələri Azərbaycan və Rusiya hökumətlərinə təqdim edəcək. Qəbələ RLS-in istismarının dayandırılması Rusiyanın ölkəmizdə hərbi iştirakına tamamilə son qoyulması deməkdir və bu mənada 2012-ci il tarixə “son Rusiya əsgərinin Azərbaycanı tərk etdiyi il” kimi də düşə bilər.
Elşad Abdullayev videoları, müxalifət düşərgəsində süstlük
2012-ci il ölkənin daxili siyasətində daha çox Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin internetdə yayımladığı videomateriallarla yadda qalıb. Öz kabinetində gizli kamera üsulu ilə çəkilən bu kadrlar Azərbaycan parlamentinin üzvü Gülər Əhmədova ilə bağlı ciddi ittihamların ortaya çıxmasına səbəb olub. Millət vəkili ona ünvanlanan ittihamlarla razılaşmasa da, deputat mandatından könüllü imtina edib. Elşad Abdullayevin müəyyən fasilələrlə dövriyyəyə buraxdığı videolar gündəmi qısa müddətdə məşğul etsə də, daxili siyasətdə ciddi dəyişikliklərə səbəb olmayıb. 2012-ci il müxalifət düşərgəsi üçün heç bir ciddi nəticə ilə yadda qalmayıb. Son parlament seçkilərinin nəticələrindən narazı siyasi qüvvələrin koalisiyası olaraq meydana çıxan İctimai Palata ötən bir il ərzində bir neçə kiçik miqyaslı aksiya keçirməyə müvəffəq olub, ictimai rəyə təsir imkanı az olan, gündəmi qısa müddətə məşğul edən bəyanatlar verməklə kifayətlənib. İctimai Palatanın fəaliyyətindəki bu süstlük bütün müxalifət düşərgəsində müşahidə olunub, bu süst əhval-ruhiyyəyə bu il Azərbaycanda seçkilər ili olmaması da təsir göstərib. İctimai Palata bu il də prezident seçkilərinə vahid namizədlə qatılmaq qərarını yəqinləşdirə bilməyib və seçkilərlə bağlı taktikanın müəyyənləşdirilməsini 2013-cü ilə – prezident seçkiləri ilinə saxlayıb.
“Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi
2012-ci il həm də “Eurovision-2012” müsabiqəsinin Azərbaycanda keçirilməsi ilə yadda qalıb. Ən böyük auditoriyaya sahib beş telelayihədən biri olan “Eurovision” mahnı müsabiqəsini hər il 600 milyona qədər tamaşaçı izləyir, Azərbaycanın bu müsabiqəyə ev sahibliyi etməsi ölkəmizin tanıtımı, təbliği baxımından mühüm rol oynayıb. 2011-ci ildə Almaniyada keçirilən yarışmada Nigar Camal və Eldar Qasımov duetinin birinci yeri tutması nəticəsində müsabiqəyə ev sahibliyi etmək hüququ qazanan Azərbaycanı Bakıda keçirilən müsabiqədə Səbinə Babayeva təmsil edib və onun çıxışı yekun səsvermədə ölkəmizə dördüncü yer qazandırıb. “Eurovision-2012”nin qalibi isə İsveç təmsilçisi Lorin olub.
Uğurlu idman ili
2012-ci ilin digər önəmli hadisələri sırasında Azərbaycan idmançılarının London Olimpiadasında uğurlu çıxışını qeyd etmək lazımdır. Azərbaycan təmsilçiləri Yay Olimpiya Oyunlarında 2 qızıl, 2 gümüş, 6 bürünc medal qazanaraq 204 ölkə sırasında 30-cu yeri tutublar. 2012-ci il London Olimpiadası həm də Azərbaycan idmançılarının qazandığı medalların sayına görə rekordu təzələməsi baxımından yadda qalıb. 2008-ci il Pekin Olimpiadasında Azərbaycan 7 medal (1 qızıl, 2 gümüş, 4 bürünc) qazanmaqla 204 ölkə sırasında 39-cu olmuşdu.
İlin digər idman hadisəsi isə 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi olub. Bu, FİFA-nın bayrağı altında ölkəmizdə keçirilən ilk böyük miqyaslı futbol turniri olub. U-17 yığmamız çempionatda heç bir uğura imza atmasa da, dünyanın ən güclü 16 milli komandasının yarışdığı bu çempionat Azərbaycanın tanıtımı baxımından mühüm rol oynayıb.
2012-ci idman ilinin ən yaddaqalan hadisələrindən biri bu il təsis olunan Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbuludur. Avropa Olimpiya Komitəsinin dekabrın 8-də Romada keçirilən Baş Assambleyasında Avropa Oyunlarının təsis olunması və bu turnirin 2015-ci ilin mayında Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Avropa Oyunları 13 idman növü üzrə keçiriləcək, bu növlərinin sayının artırılması nəzərdə tutulur. / lent.az/
Yaxın günlərdə sumqayitxeber.com olaraq sizlərə ilin rəsmi xronikasında ən diqqətçəkici məqamları təqdim edəcəyik.