İlin ən yaxşı gənc həkimi: “Bu mükafat məsuliyyətimi bir qədər də artırdı”

1227

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi fəal gənclərin mükaflandırılmasını ənənə halına gətirib. Şübhəsiz ki, bu, gənclərin fəaliyyətlərinin stimullaşdırılmasında çox mühüm amildir. Biz isə üzərimizə düşəni etməyə – həmin gəncləri sizə tanıtmağa çalışırıq. Ötən həftə “İlin gənc jurnalisti” ilə, bu dəfə isə “İlin gənc həkimi” ilə – Aygün Baxşəliyeva ilə söhbətimizi sizlərə təqdim edirik.

– Neçə ildir həkim kimi çalışırsınız?

– Artıq 4 ildir. 2006-cı ilin avqustun 8-dən Sumqayıt şəhər Uşaq Xəstəxanasında həkim kimi çalışıram.

– Aygün xanım, “İlin gənc həkimi” nominasiyası üzrə mükafatlandırılmaq sizin üçün nə məna kəsb edir?

– Əlbəttə ki, Səhiyyədə çalışan yüzlərlə istedadlı, bacarıqlı və bilikli gənclər sırasından seçilib təltif olunmam mənim üçün sevinc, qürur və bir də ki, ən vacibi məsuliyyət deməkdir. Sevinirəm, ona görə ki, mənim bu az bir müddətli fəaliyyətim izlənilir, qiymətləndirilir. Buna görə Səhiyyə Şöbəsinin müdiri Rauf Sadıxova, xəstəxanamızın baş həkimi Pərvanə xanım Səfərovaya və yoluxucu reanimasiya şöbəsinin müdiri Yeganə xanım Ağayevaya minnətdaram. Qürur hissini doğuran odur ki, “Gənclər günü”ndə mən digər fəaliyyət sahələrində çalışan istedadlı, qabaqcıl gənclərlə bir ortama gətirildim və onların sırasına qatıldım. Buna görə də Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənova təşəkkür edirəm. Mənə göstərilən diqqət, olunan dəstək isə məsuliyyətimi şübhəsiz ki, bir qədər də artırır.

– Uşaq həkimi olmaq çətindir, yoxsa əksinə?

– Ümumiyyətlə həkim olmaq çətindir. Çünki bizlərə insan üçün həyatda ən dəyərli bir şey – can saglığı etibar edilir. Uşaq isə ailəsinin, bütövlükdə isə cəmiyyətin sevinci, ümumi gələcəyidir. Belə olan halda işimizin nə dərəcədə çətin olması haqqında danışmaq özü çətindir.

– Elə olurmu ki, dərdini, ağrısını izah edə bilməyən körpələrlə işləmək sizi yorsun. “Kaş tibbin başqa sahəsini seçərdim və ya tibb sahəsini seçməzdim” deyə düşünəsiniz?

– İşimdən heç zaman yorulmuram, yorulsam da sonda xoş nəticə – körpənin gülər üzü, valideynin minnətdarlığı yorğunluğumu unutdurur.

­- Qəzetimizin daimi olaraq tibb səhifəsi fəaliyyət göstərir və oxucularımız arasında sağlamlıqla bağlı məsləhətləri bizdən alan çoxsaylı insanlar var. Onlara sağlam və gənc qalmaları üçün bir həkim kimi nə məsləhət görərdiniz?

– Məsləhətim bu ola bilər ki, orqanizmlərinə vaxtında hörmət, diqqət və qayğı ilə yanaşsınlar. Çünki zamanında qurulan düzgün həyat tərzi, rejimi, qidalanma və profilaktika sağlam, gümrah gələcək deməkdir. Həmişə sağlam olun!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər