İlin göz yaşının yaratdığı suallar və ya bahalı Amerika uşağı – BAŞ REDAKTORDAN İLİN SON BAZAR ŞƏRHİ

1290

Səbinə Dəniz

 

Sonuna 2 gün qalmış 2012-ci ildə bir çox hadisələrə hamımız bərabər şahidlik etdik. Yola salmaqda olduğumuz il bir çox şeylərlə yadda qaldı. 2012-ci ilin qan qoxuyan nağıllarından birinin xronikası təxmini belə oldu: İl ərzində Ərdoğan söydü, Bəşər Əsəd qırdı, sonra Ərdoğan yenə söydü, Bəşər Əsəd isə qırmağa davam etdi.
Sonra isə bir gün 20 yaşlı Adam Lansa əlində silah 20 uşağı qanına qəltan etdi və Barak Obama publika qarşısında dəsmal götürməyib ağladı.
Elə həmin vaxt beyinlərdə sual yarandı: Bəs Əfqanıstanda, İraqda, Suriyada öldürülən günahsız, məsum uşaqlara kim ağlayacaq? Bayramı qara gəlmiş Xocalı uşaqlarına kimin ürəyi yanacaq? Onlar da uşaq idilər və hamı kimi yeni ildə Şaxta Babadan hədiyyə gözləyir, Novruzda yumurta döyüşdürüb, papaq atırdılar. Onlar da bütün həmyaşıdları kimi atalarını hamıdan güclü bilirdilər. Onlar üçün günəş də parlaq, dünya da işıqlı idi.
Bəlkə də bütün dünya insanın hər gün oxuduğu, eşitdiyi dəhşətli Şərq qırğınını bu yaxınlarda Adam Lansın törətdiyi hadisə kölgədə qoydu. Adı Adam olan bu gəncin özü təəssüf ki, “adam” ola bilmədi. Bu hadisədən bir müddət sonra da bütün dünya bu xəbərlə çalxalandı, insanlar dünyanın dörd bir yanından dünyanın bu səmtinə öz kədərlərini və başsağlıqlarını göndərdilər. Bəlkə də buna səbəb Barak bəy Obamanın tribunada göz yaşlarına boğulması oldu. Bəlkə də o ağlamağı ilə elə hamıya bir mesaj göndərdi, hüzün və başsağlığı tələb etdi – TƏ-LƏB!
Mən Amerika insanın üzüntüsünü başa düşürəm, çünki azyaşlı uşaqların qırğını bizə tanışdır. “Başına gələn başmaqçı olar” prinsipi ilə məsələyə yanaşsaq, onlara başsağlığı ilə yanaşı acıları ilə illərlə ovunmağı da öyrədə bilərəm. Pardon, deyəsən çox iddialı danışdım, axı onlar acıları ilə ovunmağı yox, acıları yaşatmağı yaxşı bacarırlar.
Görəsən, hər gün qanına qəltan olmuş yüzlərlə müsəlman uşaqlarına dünya nə vaxt ağlayacaq?20 ildən artıqdır öksüz qalmış Qarabağ uşaqlarına nə zaman əl tutacaqdır?
Qarabağdan və Amerikadan bir az uzaqda (həm də yaxında) Suriyada 19 aydır davam edən vətəndaş müharibəsi 2224-ü oğlan və 952-i qız olmaqla 3 min 176 azyaşlının həyatına son qoyub. Təəssüflər olsun ki, bu rəqəmləri yox etmək gücünə malik deyiləm, amma amerikalı uşaqların üstündə əsən dünya əhalisinə demək istəyirəm ki, uşaq dünyanın hər yerində uşaqdır və milliyətindən asılı olmadan məsumdur. Öz çirkli və mənfur əməllərinizə məsum uşaqları qurban verməyin, gün gələcək həmin uşaqların ölüm anlarındakı baxışları gözlərinizi tutacaq, anaların fəryadı isə qulaqlarınızı kar edəcəkdir.

Sonda isə bahalı amerika uşaqlarının başına gətirilmiş bu qanlı olaydan dolayı Amerika insanına başsağlığı verir, axır qəminiz olsun deyirəm, ancaq bir şeyi unutmayın lütfən o vaxtI Xocalı uşaqlarının da Novruzu qara gəlmişdi…

P.S.  Sizi inandırım ki, müəllifi azərbaycanlı Səbinə yox, amerikan Sabina olsaydı, bu yazı daha bahalı olacaqdı…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • serdar
    Yanvar 21, 2013 - 14:49

    Sebinə xanım qaldırdığınız bu məsələ illərlə davam edən ikili standartın real nəticəsidir.Sərdar.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər