İlk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsidir

543

1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası olmuşdur. 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycan Respublikasının konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.

SSRİ dövründə Konstitusiyaya bir neçə dəfə əlavə və dəyişikliklər qəbul edilib. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiyasının layihəsi hazırlanmışdı. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində ümummilli lider Heydər Əliyev məruzə ilə çıxış etmişdir. Elə həmin il qəbul edilmiş Konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması haqda maddənin daxil edilməsi məhz Heydər Əliyevin cəsarətinin və qətiyyətinin nəticəsi idi.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Çıxışlarında demişdir:  “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının layihəsini hazırlayıb. Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmış və 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Beləliklə, Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir.

Milli dövlətçilik tarixində ilk Konstitusiyanın qəbul olunmasının müstəsna əhəmiyyəti nəzərə alınaraq Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd olunur.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin hüquqi əsaslarını yaratmış və onun inkişafına güclü təkan vermiş, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyən etmişdir. Vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə əsas vəzifə olaraq qoydu.

Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafı və azad bazar iqtisadiyyatını təmin edən, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan sənəddir.

Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən qanunun aliliyinin müasir meyillərinə, ölkəmizin hüquq sisteminin yeni institutunun – konstitusiya ədalət mühakiməsi orqanının yaradılmasına, bu institutun Azərbaycan Respublikasında yeri və roluna istinad edilmişdir.

Konstitusiyanın 48-ci maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr olunub. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil edir.

Ümummilli Lider Heydər Əliyev öz çıxışlarında qeyd edirdi ki, milli ideologiyamız, ilk növbədə dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyi ilə bağlı olmalıdır.  Əsas Qanunumuz dilindən, dinindən və irqindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqlarını geniş şəkildə təsbit edir.

Ötən dövr ərzində Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi nəticəsində Əsas Qanun daha da təkmilləşdirilmiş, həm də yeni dövrün tələblərinə uyğunlaşdırılmışdır.

Son illər ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətdən Azərbaycan Konstitusiyasına mühüm dəyişikliklər və əlavələr edilmişdir. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan çox əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı təminatı, sosial dövlət prinsiplərinin bərqərar olması imkanlarının daha da genişləndirilməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Konstitusiyaya üçüncü dəfə əlavə və dəyişikliklər edilib.

Konstitusiyanın 29 maddəsinə edilən 41 dəyişiklik müxtəlif sahələri əhatə edir və ali dövlət hakimiyyətinin, məhkəmə-hüquq sisteminin və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə, hüquqların müdafiəsində dövlətin və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 44 günlük Vətən Müharibəsində 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da dövlətimizin ərazi bütövlüyü və suverenliyi təmin edildi. Bu gün xalqımız 12 noyabr Konstitusiya gününü möhtəşəm zəfər bayramı ilə birlikdə yüksək təntənə ilə qeyd edir.

Salman Qasımov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər