“İndiki qəzet bolluğunda “Sumqayıt” qəzeti özünün dəst-xəttini qoruyub saxlayıb”

1241

ƏMƏKDAR JURNALİST QÜDRƏT MƏLİKOV: “SUMQAYITIN ZİYALILAR ORDUSUNUN YETİŞMƏSİNDƏ, BURANIN HALAL ZƏHMƏTLƏ ŞAN-ŞÖHRƏT TAPAN İNSANLARININ TANIDILMASINDA BİZİM QƏZETİN XÜSUSİ ROLU VAR”

“Küləyin cövlan etdiyi, qum “yağışı”ndan göz açmaq belə mümkün olmayan, Xəzər dənizinin ləpədöyənində salınan Sumqayıt şəhərinə 1949-cu ilin noyabrın 21-də şəhər adı verilib. Müxtəlif xalqların nümayəndələrinin, eyni zamanda, Azərbaycanın bütün bölgələrindən gələn gənc oğlan və qızların əl-ələ verib tikdikləri, qurduqları, ucaltdıqları bu şəhərin üç yaşı olanda “Sosialist Sumqayıtı”, indiki “Sumqayıt” qəzetinin ilk nömrəsi çapdan çıxıb”. “Sumqayıt” qəzetinin baş redaktoru, əməkdar jurnalist Qüdrət Məlikov (Muğanlı) bu sözlərlə körpü saldı bizimlə söhbətinə. Onun sözlərinə görə, ilk nömrələri barakda, çətin texniki şəraitdə, şriftləri əl ilə yığılaraq çap olunan “Sumqayıt” qəzeti də Sumqayıt kimi inkişaf edib, geniş oxucu auditoriyası qazanıb:

“Şəhər tikildikcə, qurulduqca “Sumqayıt” qəzeti də fəaliyyətini genişləndirib.

Tikilən hər bir zavod və fabrik, ucaldılan hər bir bina, salınan məhəllə və mikrorayon jurnalist qələmindən süzülərək qəzetin səhifələrinə hopub. Bu qəzet və onun cəfakeş kollektivi ötən 60 ildə Sumqayıt şəhərinin salnaməsini yazıb və yenə də yazmaqdadır”.

Q.Məlikov ulu öndər Heydər Əliyevin arzularının şəhəri olan Sumqayıtın 1969-cu ildən sonra, böyük insanın titanik fəaliyyəti nəticəsində gündən-günə böyüdüyünü, inkişaf etdiyini söyləyib. Baş redaktor deyib ki,

“Sumqayıt”ın jurnalistləri ən qaynar sahələrdə qeydlər aparıb,

onu müxtəlif janrlı yazılara çevirərək oxucuya təqdim ediblər: “İşdən, zəhmətdən yorulmayan insanlar haqqında oçerklər, zarisovkalar, çirkin əməllərə qurşananlar barədə felyetonlar dərc olunub. Eləcə də şəhərin ictimai-mədəni həyatında baş verən ən yeni məlumatlar oxuculara çatdırılıb. Ümummilli lider Heydər Əliyevin şəhərə hər gəlişi özü ilə bir yenilik gətirib. Hansısa bir müəssisənin təməli qoyulub, yeni istehsal sahəsi açılıb. Bütün bunlar isə jurnalistlərimizin qələmindən kənarda qalmayıb, əksinə, yazılaraq qəzetdə dərc olunub, oxucunun malına çevrilib. Bundan başqa milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, respublikamızın, o cümlədən şəhərimizin iqtisadi qüdrətinin artırılmasında, gənclərin vətənpərvərlik ruhunda tərbiyələnməsində, şagirdlərin elmi biliklərə yiyələnmələrində, əhalinin sağlamlığının qorunmasında, ailə-məişət problemlərinin həllində, şəhərin idman həyatının işıqlandırılmasında qəzetin və onun yaradıcı kollektivinin xidmətləri böyükdür. Onu da xatırladım ki, Sumqayıtın ziyalılar ordusunun yetişməsində, burada fəal ədəbi mühitin yaradılmasında, şəhərin öz halal zəhməti ilə şan-şöhrət tapan insanlarının tanıdılmasında “Sumqayıt” qəzetin xüsusi rolu var”.

Q.Məlikov bildirib ki, qəzet ulu öndər Heydər Əliyevin siyasi xəttinə, onun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı məqsədyönlü işlərə daim sədaqətlidir. O, Azərbaycana rəhbərlik etdiyi 34 ildə 16 dəfə Sumqayıta gələn Heydər Əliyevin hər bir səfərinin qəzetdə geniş əksini tapıb. Baş redaktorun dediyinə görə,

bu qəzetin və onun cəfakeş jurnalistlərinin başı çox bəlalar çəkib:

“Vaxtı ilə kimdən və nədən yazmaq, necə yazmaq müşkül iş idi. Qəzetin üzərində ciddi nəzarət var idi. Senzor oxuyub razılıq verdikdən sonra qəzeti çap edə bilərdik. Yaxşı yadımdadır, bir dəfə SİTA-nın göndərdiyi məşhur bir rəssamın çəkdiyi Leninin portretini səhifəyə qoymuşduq. Necə deyərlər, suyu üfürə-üfürə içən senzor dedi ki, qəzetin çapına icazə vermirəm. Soruşanda ki, nə üçün icazə vermir. O dedi ki, qəzetin birinci səhifəsinə qoyduğumuz rəsm Leninə oxşamır. Belə mübahisələr, yersiz iradlar çox olub. Hər bir tənqidi yazıdan sonra başımız çox ağrıyıb. 1980-ci il idi. Şəhərin beş ən iri mağazasında baş verən neqativ hallarla bağlı oxuculardan çoxlu şikayətlər alırdıq. Şikayət məktublarına əsasən mağazalara kütləvi reyd keçirdik. Qəzetin bir səhifəsi həcmində material hazırlayıb dərc etdik.

Məqalə ciddi söz-söhbətə səbəb oldu.

Sən demə bu mağazaların müdirləri respublikada mühüm nüfuz sahibi olan bəzi məmurların qohumları imiş. Haqqımızda ciddi-tədbirlər görmək istəyirdilər, lakin təkzibolunmaz faktlar qarşısında aciz qaldılar. Bu vaxt Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev yığıncaqların birində mətbuatın tənqidi çıxışlarına laqeyd yanaşan bir çox məmuru ciddi tənqid etdi. Nəticədə qəzetimizin tənqidi yazısı şəhər partiya komitəsinin bürosunda müzakirə olundu. Tənqid olunan beş mağaza müdirinin hamısı işdən götürüldü.

Çox şadıq ki, 1998-ci ildə ulu öndər Heydər Əliyev mətbuat üzərindən senzuranı götürəndən sonra daha belə yersiz iradlar baş vermir.

Çətin, şərəfli və tarixi yol keçmiş

“Sumqayıt” qəzetində nəsillər yeniləşsə də, buradakı işgüzar və yaradıcı ab-hava dəyişməyib.

Əlinə qələm götürən hər kəs özünün mənəvi və vətəndaşlıq borcunu başa düşür, mövzunu peşəkarcasına, obyektiv şəkildə qələmə alıb qəzetdə dərc etdirir. Onu da xatırladım ki, indiki qəzet bolluğunda “Sumqayıt” qəzeti özünün dəst-xəttini qoruyub saxlayıb. Qəzet 60 ildir ki, oxunur və sevilir”.

Q.Məlikov qeyd edib ki, qəzetin vaxtında, yüksək peşəkarlıqla dərc olunması üçün öncə maliyə dəstəyi olmalıdır: “Məlumdur ki, SSRİ adlandırdığımız keçmiş qurumda qəzetlər dövlət büdcəsindən maliyyələşirdi. Jurnalistlər daha vəsait toplamaqla deyil, janr rəngarəngliyinə, mövzu aktuallığına diqqət yetirirdilər. Bu baxımdan, qəzetin maliyyə vəsaitinin azlığı qəzetin daha yüksək səviyyədə buraxılmasına mane olur. Mənə elə gəlir ki, qəzet buraxmağa meyl edən hər bir qurum təsisçisi olduğu qəzeti maliyyələşdirməlidir.

Uzun illərdir ki, “Sumqayıt” qəzeti özü özünü maliyyələşdirir.

Qəzetin çapından tutmuş digər imtiyazlarının ödənilməsi yalnız abunədən əldə etdiyimiz vəsait hesabına başa gəlir. Bir çox idarə və təşkilatlar isə burada-şəhərdə fəaliyyət göstərsələr də Sumqayıtın ictimai-siyasi qəzetinə abunə olmaq istəmirlər. Konkret adlar da çəkmək olar. Ancaq inanıram ki, belələri gec-tez öz səhvlərini başa düşəcəklər. İndi demokratiyadır, aşkarlıqdır. Mətbuat haqqında qanuna əsasən hər bir idarə, müəssisə, fabrik, zavod, şirkət rəhbəri mətbuata, jurnalistləri maraqlandıran suallara cavab verməyə borcludur. Açığını deyim ki, Sumqayıtda bu barədə vəziyyət qənaətbəxşdir. Xüsusi ilə şəhərdə fəaliyyət göstərən hər bir təşkilat rəhbərindən operativ müsahibələr götürülməsi sahəsində heç bir problem yoxdur. İstədiyimiz vaxt hər hansı təşkilatın rəhbərinə və ya idarə müdirinə lazımi suallarla müraciət edə və operativ cavab ala bilirik. Lakin Sumqayıtda bir sıra irili-xırdalı təşkilat, xüsusilə müəssisə vardır ki, onların rəhbərləri ilə birbaşa əlaqə saxlamaq olmur. Xüsusilə

mətbuat xidməti olan təşkilatlardan istənilən vaxt operativ cavab almaq çətindir.

Çünki mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxlayıb və ona müəyyən suallarla müraciət edəndə aldığımız cavab bu olur: “Rəhbərlikdən öyrənərəm, sonra zəngləşərik”. Bu da təbii ki, hər hansı materialın operativ əldə olunmasında ləngimələr yaradır. Belə halda, şəhər icra hakimiyyətində çalışan əlaqədar işçilər bizə kömək edirlər və yardımçı olurlar”.

 

“Sumqayıt” qəzetinin baş redaktoru medianın inkişafı, jurnalist əməyinə diqqət və qayğı ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək bildirib ki, o böyük şəxsiyyət ən çətin anda belə media işçilərinə laqeyd qalmayıb: “Heydər Əliyev yağışın, küləyin, qarın altında belə dayanıb jurnalistlərin suallarını cavablandırırdı. Təsadüfi deyildi ki, Heydər Əliyev “Jurnalistlərin dostu” adına layiq görülmüşdü. Ulu öndərin mətbuata diqqət və qayğısı bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Onlarla jurnalistin fəxri adlara, orden və medallara layiq görülməsi dediklərimə əyani nümunə ola bilər. 2006-cı ilin iyulun 22-də Milli Mətbuatımızın 130 illiyi münasibəti ilə İlham Əliyevin sərəncamı ilə bir qrup jurnalistə fəxri adlar və medallar verilərkən mükafatlandırılanlar arasında mənim adımın olması –

“Əməkdar jurnalist” fəxri adına, iki il sonra isə “Tərəqqi” medalına layiq görülməyim

bir daha göstərir ki, ölkəmizdə mətbuata və jurnalist əməyinə ciddi diqqət yetirilir. Mən xoşbəxt jurnalistlərdənəm ki, “Gülüstan” sarayında keçirilən təqdimat mərasimində iştirak edən Prezident İlham Əliyevlə görüşüb söhbət edə bilmişəm. Demişdim ki, mənə verilən fəxri addan böyük Həsən bəy Məlikov-Zərdabinin ruhu şad olacaq, çünki mən Həsən bəyin nəslindənəm. Cənab Prezident isə gülə-gülə dedi: “Deməli, biz səhv etməmişik”. Bu mükafatlandırma ənənəsi Milli Mətbuatın 135-ci ildönümündə də davam etdirilib”.

Medianın inkişafı məsələsinə toxunan Q.Məlikov bununla bağlı onu narahat edən bir sıra məqamların olduğunu diqqətə çatdırıb: “Əgər 137 il əvvəl böyük Həsən bəy Məlikov-Zərdabi Şərq dünyasında çətinliklə milli dildə qəzet buraxmışdısa, Azərbaycan dilinin qrammatik qaydalarının qorunub-saxlanmasına nail olmuşdusa, indi texniki imkanların geniş vüsət aldığı bir vaxtda bəzi üzdəniraq jurnalistlərin dilimizi açıq-aşkar korlaması adamda ikrah hissi oyadır. Bir qələm adamı kimi mətbuat bolluğuna sevinirəm. Lakin dilimizi korlayan bir çox qəzetin işıq üzü görməsinə təəssüflənirəm. Ululardan qalma bir məsəl var, “Az olsun, yaxşı olsun”. Gəlin etiraf edək ki,

jurnalistikada janr məsələsi artıq unudulmaq üzrədir.

Kim necə gəldi yazır. Mübtəda ilə xəbərin uzlaşmasına belə fikir verən yoxdur. Bunun bir günahı da biz yaşlı jurnalistlərin üzərinə düşür. Heç bir mətbuat haqqında “Son poçt” verilmir. Hansı ki, bu, nöqsanların aradan qaldırılmasına kömək edər, dilimizə xələl gətirilməsinin qarşısını alar. Fikrimcə, bu barədə ciddi düşünməyin vaxtı çatıb. Çox hörmətli redaktorlar, şübhəsiz bu bəzi redaktorlara aiddir, qəzetdə yazı çıxararkən birinci növbədə Azərbaycan dilinin səlisliyinə diqqət yetirməlidirlər. Unutmaq lazım deyildir ki, dil jurnalistin silahıdır. Onu qoruya bilməyən qəzetçi yaxşı olar ki, qələmi əlinə almasın, özünü jurnalist adlandırmasın.

Jurnalistikada hər hansı nöqsanın aradan qaldırılması üçün

təcrübəli jurnalistlərin sözünə, təklifinə, iradına çox böyük ehtiyac var. Qaldı “Sumqayıt” qəzetinin və baş redaktor kimi mənim bu sahədə gördüyüm işlərə, az da olsa, nümunə gətiriləcək faktlar var. Biz çalışırıq ki, oxucularla daha yaxın təmasda olaq. Bunun üçün sorğu anketləri hazırlayıb dərc edirik. Mütəmadi olaraq oxucular konfransları keçiririk. Sumqayıt Dövlət Universitetində, Texniki Kollecdə, Şəhər Səhiyyə Şöbəsində, Boruyayma Zavodunda, Nəsimi adına Mədəniyyət və İstirahət Parkında, N.Gəncəvi adına təbiət və texniki elmlər Liseyində oxucularla keçirdiyimiz konfranslar səmərəli olub. Qeyd edim ki, “Sumqayıt” qəzeti və onun yaradıcı kollektivi olaraq bu istiqamətdə işimizi davam etdirəcəyik. Bu ilin dekabrında qəzetin 60 illik yubileyidir və bizim üçün əziz olan bu günü layiqincə qeyd etmək niyyətindəyik”.

Bəxtiyar MƏMMƏDLİ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər